9.10.2019

Qara Qarayevin drona tuşlanan topu... Müdafiə Nazirliyinin susan topları – Səxavət Məmməd danışır - VİDEO

"Qarabağ Azərbaycanındır" nida, nöqtə, üç nöqtə...

Dünən “Qarabağ” Avropa Liqasında səfər oyununa çıxmışdı. Oyundan əvvəl idman yazarı Rşad Elrgün mənə bir yazısın göndərdi. Yazının başlığı belə idi "sən oyna, Qarabağ". Və Qarabağ oynadı. Siyasətdən də, Qarabağsızlıqdan da bezmiş insanlar üçün, Qarabağı uşaqlıq illərində itirənlər üçün, son arzusu “kaş Şuşada, Xocalıda, Kəlbəcərdə, Laçında dəfn olunaydım” olub, Xırdalan qəbiristanlığında basdırılanlar üçün, Qarabağsız Azərbaycan üçün oyna, ölümünə oyna dedi Rəşad...




“Qarabağ” oynadı da... Komandamız ikinci qolu vuranda bir an rahatlıq gəldi. Artıq 3 xal cibdədir. Nə baş verdisə elə bundan sonra oldu. Ermənilər meydana dronla separatçı rejimin Rəşad Sadıqovun  sözü ilə desək, əski parçasını havalandırdılar. 

Burada diqqət çəkəcəyim məqam tamam fərqlidir. Qara Qarayev havadakı dronu aşağı salmaq üçün topla vurmağa çalışırdı. Heyf onun zərbəsi dəqiq olmadı. Qaranın o əsəbinin nə olduğunu çox yaxşı anlayıram. Əslində, mövzu bu da deyil. Məsələ reaksiyadır. Baş verənlərə reaksiyadan gedir söhbət. Həm də “Qarabağ” üçün gələn tərəfdarların reaksiyasından... 

Bir neçə azərbaycanlı tərəfdar baş verənlərə dözməyib meydana atıldı. Kadrlardan görünür ki, mühafizəçilər tərəfdarlara qarşı kobud davranırlar və burada da bir reaksiya ortaya çıxdı. “Qarabağ”ın futbolçuları onlar üçün gələn tərəfdarlara qarşı kobudluğa dözmür və mühafizəçilərlə itələşirlər. Həmin tərəfdarları mühafizəçilərin əlindən alırlar da. 


Yeri gəlmişkən, meydana girənlər mühacirlər olub. Soruşmaq da ayıb olmasın, bizim diaspora təşkilatları hara baxırdı ki, “Qarabağ”ı dəstəkləməyə gələnlər, sadəcə, mühacirlər idi? Dövlətdən aldıqları pullar burunlarından gəlsinmi? Gəlsin. Söydükləri adamlar, ölkənin bayrağı üçün meydana atıldılar. Buna dövlət də müdaxilə etməlidir. Bir işə yaramayanlara nədən boş yerə maddi yardım göstərilsin ki?

“Qarabağ”ın reaksiyasından da söz açaq. Təkcə futbolçu olaraq yox, rəhbərlik olaraq da. Yerli, əcənəbi hər kəs bir yumuruq oldu. Əgər bu reaksiya olmasa idi, Luksemburqun idman naziri də üzr istəməzdi. Hətta Lüksemburqun üzrxahlığı stadionda da elan edildi.  Bunun adı baş verənə münasibət və reaksiyadır. Həm udduq, həm də üzr istətdik. 

Amma bu işin də bir əmması oldu. Ermənilər o əski parçasını qaldırmaqla bütün dünyaya qara da olsa piar etdi. Bunun cavabını kim verməlidir? Təbii ki, Müdafiə Nazirliyi. Qara Qarayevin drona münasibətini Müdafiə Nazirliyi də cəbhədəkilərə verməlidir. Hə, deyəcəklər, Müdafiə Nazirliyi özbaşına hərəkət edə bilməz. Bununla həm razıyam, həm də yox! 

Əsgərlikdə olanda tabor komandirimiz deyirdi ki, biz ailəyik. Ailənin böyüyü kimdir? Əlbəttə ki, komandir! Tabor komandiri düşmən tərəfindən vurulursa, o tabor qarşı tərəfin külünü göyə sovurmalı idi. Sizcə hərbçilərə niyə müxtəlif epitetlərlə müraciət edirlər? Bax belə risk edib, öləcəyini bilə-bilə irəli getdikləri üçün... 

İnformasiya savaşına milyardlar xərcləyib, nəticəsini görməyənlərin də menyusuna... “Qarabağ” futbol klubu olaraq həm də informasiya savaşçısıdır. Təkcə oynamır, həm də informasiya savaşı aparır. Qarabağ oynadı, uddu, üzr istətdi. Qaldı Müdafiə Nazirliyinin Qarabağda udması.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics