3.12.2019

Siyasət mümkünlük sənətidir... Elə qarşılıqlı səfərlər də... – Səxavət Məmməd yazır

Bizim jurnalistlərin Ermənistana, erməni jurnalistlərin də Azərbaycana səfəri heç şübhəsiz, siyasət idi. Daha doğrusu, bir siyasətin parçası… Lap konkret desək, “xalqların sülhə hazırlanması” adlı bir siyasət. Bir az da irəli getsək, Azərbaycanı təslimçiliyə hazırlayan siyasətin bir parçası….

Səfər baş tutmazdan əvvəl çox müzakirə edildi. Belə bir səfərin olacağı açıqlananda, işğal altındakı Ağdamdan xəyali reportaj da yazmışdım. Yazıya bir az təsvir qatmışdım, bir az uşaq vaxtı yadımda qalanlardan, bir az da nostalji. Hələ şəkillər də çəkmişdim. Axırda da yazmışdım: “Fotolar müəllifin özünə məxsusdur, beynindədir…”. Ancaq sonda dəqiq ifadə etmişdim, “Nə? Gedib oraları görüb bunları yazacam? Keçmişlə indiki durumu müqayisə edəcəm? Nə də?”.


Azərbaycandan gedən jurnalistlər səfərdən hansı təəssüratla qayıdıblar, bilmirəm. Heç biri ilə şəxsi tanışlığım olmadığı üçün soruşmamışam da. Özləri də nəsə yazmayıblar. Ancaq şəkillərini görümüşük. Bunların hamısına qayıdacam.

Erməni jurnalistlər isə hər şeyi danışıblar da, yazıblar da. Onları kimin mühafizə etməsindən tutmuş, görüşlərə və təəssüratlara qədər. Açıq deyiblər, onlar sülh deyəndə, ancaq Azərbaycanla atəşkəsi nəzərdə tuturlar.

Bəziləri bu gəliş-gedişin yaxşı nəticə verəcəyini düşünürdülər. Ermənilər Bakını görəcək, inkişafımıza baxacaq, ağızları sulanacaq, gedib yazacaqdılar ki, ey ermənilər, gəlin, daşı ətəyinizdən tökün yerə, Qarabağı qaytaraq.

Nə? Hələ bu azmış kimi İrəvanı da qayataracaqdılar? Gedib erməni xalqını təslimçiliyə hazırlayacaq məqalələr yazacaqdılar? Bəli məqalələr yazdılar. Azərbaycandan gedən erməni jurnalist bunu yazıb: “Əmin ola bilərsiniz ki, hər belə bir ziyarət qarşı tərəfdə Artsaxın Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyinə inamın möhkəmlənməsinə kömək edir”.

Səfərin mahiyyətinin nədən ibarət olmasını bundan yaxşı anladan cümlə düşünə bilərsiniz? O qədər açıq yazıb ki, bundan sonra kimsə bu səfərlərə loyal baxacaqsa, ona artıq deyiləsi söz yoxdur.

Bəs azərbaycanlı jurnalistlər nə etdilər? Cıdır düzündən şəkil paylaşdılar. Cıdır düzünün şəkli yoxdur bəyəm? İnternetdə axtarış verin, minlərlə şəkil-video çıxacaq.

Azərbaycanlı jurnalistin Ermənistandan Dağlıq Qarabağa keçməsinin mənası nədir? Guya gəlib orada gördüklərini yazacaq? Yazıb nə edəcək? Yeni məlumat gətirmiş olacaq? Kəşfiyyata yarayacaq nə məlumat gətiriləcək? Yoxsa bizim jurnalistlərin torpaqla, daşla danışmaq bacarığı var? Yoxsa, Cıdır düzü dilə gəlib?

Torpaq elə bir şeydir ki, kim ona yaxşı baxırsa, bəhrəsini ona verir. Peyinlə daha da cana gələn bir şeydir torpaq. Torpağa dəyəri sözdə “Ana”, “Vətən” deməklə, vermirlər.

Ermənilər Qarabağı “xalq diplomatiyası” ilə yox, silah və qanla işğal ediblər. Satqınlıq, səriştəsizlik – bütün bunlar yardımçı vasitələrdir. Erməni tərəfi az itki verib? Az əlili var? Yox təbii! O halda, qanla aldıqları torpağı sənə sülhlə niyə versinlər? Bunu düşünən olub heç?

Ya zəlzələdən, ya vəlvələdən uduzumuşuq. Ancaq bir nəfər də çıxıb demir ki, mənim günahım sayəsində filan yeri itirdik. Kimi dindirirsən, hamısı qalib gəlirmiş, ya sağ cinahı gəlməyib, ya da sol. Çox az sayda Qarabağ veteranı, əlili var ki, sinəsində medalı yoxdur.

Məğlubiyyətə görə medal paylanan cəmiyyət Qarabağı alacaq? Elə veteran var ki, artıq sinəsində yer də yoxdur, medalları şalvarına bağlayacaq yaxınlarda. Generalları milyonçu olan cəmiyyət torpaq qaytaracaq? O generala seçim şansı versən ki, “Milyonlar, yoxsa torpaq?” – sizcə hansını seçər?

Ən qıcıq olduğum sözlərdən biri də “vətənpərvər” sözüdür. Deyirlər, filankəs vətənpərvər oğlandır, qızdır. Ay da… Nə edib? Heç nə, bayraqla şəkil çəkdirir, əyninə hərbi forma geyinir, erməni əsgəri öləndə girib “gəbərtdik” yazır.

Bu düşüncə ilə vətənpərvərlik olar? Nəzərdə tutduqlarımın bəziləri açıq bildirməsələr də, ürəklərində inciyəcəklər. İncisinlər. Cəhənnəmə ki!

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics