27.02.2023

Böyük güclərin Cənubi Qafqaza daşınan SAVAŞI: Bığla saqqala bulaşan tüpürcək - Səxavət Məmməd yazır

Laçın dəhlizində ekofəalların aksiyası bitib? Yox!

Azərbaycanın tələbləri yerinə yetirilib? O da yox!

Düzdür, müsbətə doğru işartılar var, ancaq məntiqi sonluq yoxdur.

Ruben Vardanyan və Arayik Arutyunyan Moskvaya gedəndə Azərbaycanda bəziləri onların qaçdığını bəyan etdilər. Hətta bəziləri iddia etdilər ki, Ruben Rusiya sülhməramlılarının maşınlarında, cır-cındır paltarda gizlin qaçıb. 

Bunu o adamlar deyirdi ki, ekofəalların bağladığı yolun alternativi olması barədə şərhlər verirdilər. Günlərlə “Vardanyan qaçdı” xəbərləri tirajlandı. Cəmiyyət buna inandırıldı. Hesab edirəm ki, buna cəmiyyətin sadəlövh kəsimi inanırdı. Azdan-çoxdan Rusiyanı tanıyan, onun dəsti-xəttinə bələd olanlar bu “qaçış”a inanmadılar. Ruben Xankəndiyə qayıtdı. İndi neçə vaxtdır “qaçış” xəbərlərinə və şərhlərinə inanlar sual edirlər ki, nə oldu, bəs qaçmışdı? Suala məntiqi cavabları, əlbəttə ki, olmayacaq. Cavab xətrinə “informasiya müharibəsi” adı qoyacaqlar. Öz ölkəsində ciddiyə alınmayan adamların dedikləri qarşı tərəfə necə təsir edə bilər? Azərbaycanda bəzilərini kimsə çox pis aldadıb ki, sizi Qarabağdakı separatçı rejim, oradakı ermənilər ciddiyə alırlar. Biz burada necə ermənilər içərisində kimləri ciddiyə almaq lazımdır, kimlər qeyri-ciddidir bilirksə, onlar da bizi bilir.

Arayik və Ruben Moskvaya təlimat almaq üçün çağırılmışdı. Təlimatlarını aldılar, təlimatların nədən ibarət olduğunu da bildik. Qondarma rejimin konstitusiyasında dəyişiklik etmək niyyətindədirlər. Müharibə dövründə əgər “prezident” postu boş qalarsa, ora seçki keçirməyə ehtiyac qalmayacaq, “dövlət naziri” həmin postda oturacaq. Dolayısı ilə Rusiya Rubenə güvəndiyini, hələ də onun üzərindən qumar oynayacağını bəyan etmiş oldu.

Əminəm ki, dünən “qaçdı” deyənlər indi də “antiterror keçirmək lazımdır”dan yapışacaqlar. Aşığın sözü qurtaranda “daley, daley ” elədiyi kimi…

Müharibə bitəndən sonra dəfələrlə yazmışdım ki, Ermənistan Rusiya ilə Azərbaycanı üz-üzə qoymaq istəyir. Buyurun, hazırda Qarabağ məsələsi Rusiya və Azərbaycanın həll etməli olduğu məsələdir.

Rusiya müxtəlif ağızlardan bəyan edir ki, regiondan çıxmayacaq. Düzü, deməsələr də, bunun olacağı gözlənilən deyildi. Hazırda Rusiyanın ermənilərlə bağlı siyasəti iki hissəyə bölünür: Ermənistan və Qarabağ. Ermənistanla münasibət gərgindir, bunun daha da gərginləşəcəyi gözlənilir. Qarabağ məsələsi isə Bakı ilə həll edilməli məsələdir. Rusiya bölgədə varlığını və hər iki dövlətə təsir imkanını saxlamaq üçün sülhməramlı adı altındakı qoşununu oradan çıxarmaq istəməyəcək.

Ermənistan son dərəcə riskli davranışlar edir. Sanki bütün var-yoxunu qumara qoyub. Bir yandan ölkəsində Rusiya hərbi bazası var, digər yandan isə Fransa jandarmlarını ölkəyə buraxır. Bu, Rusiya üçün nə qədər arzuolunmazdırsa, Fransa üçün də o qədər arzuolunan bir şey idi. Türkiyə necə bir əsr sonra monitorinq mərkəzi adı altında Cənubi Qafqaza girməyini rəsmiləşdirdisə, Fransa da onun kimi. Burada adlara və saylara baxmaq lazım deyil. Rusiya sülhməramlılarının sayı iki min nəfərə yaxın olduğu üçün təhlükəlidir deyilmir. 2 nəfər də olsa, eyni mahiyyəti daşıyır.

Zəngəzur dəhlizi məsələsi gündəmə gələndən sonra buna ilk reaksiya da məhz Fransadan gəlmişdi. Fransa dəhlizin təhlükəsizliyində Rusiya ilə birgə olmaq istədiyini üzdə olmasa da, sahədə göstərirdi.

Ermənistan dünənə qədər Rusiyanın forpostu sayılırdı. İndi isə ərazisinə Avropa İttifaqından və Fransadan nümayəndələr yığıb. Beləcə iki məsələdə özünü sığortalayır. Birincisi, Azərbaycanın hərbi müdaxilə ehtimalını aşağı çəkir. Yəni sərhəd istiqamətində hər hansı təxribat baş verərsə, Azərbaycan bir neçə dəfə düşünməli olacaq. İkincisi, Rusiya Ermənistanı cəzalandırmaq istəsə, hərbi gücə əl atsa, qarşısında Avropa İttifaqını görəcək. Ermənistan bu yolla özünü sığortalamış sayır. İndiki mərhələdə Ermənistanın bu planını uğurlu saymaq olar. Bu nə qədər davam edəcək, zamana buraxaq.

30 ilə yaxın ən çox eşitdiyimiz sözlərdən biri də Qarabağın açarının Rusiyada olması idi. İndi gəldiyimiz məqamda da bunun dəyişmədiyini görürük. Əvvəl bunu Moskva inkar edə bilərdisə, indi hər halıyla bildirir ki, açar ondadır.

Azərbaycan Xankəndidə öz yurisdiksiyasını bərqərar etmək üçün çox çaba göstərir. Görünən odur ki, bu o qədər də asan deyil. Məsələ təkcə Rusiya da deyil. Regionda vəziyyət müharibədən əvvəlkindən qat-qat daha mürəkkəb və ağırdır. Ukrayna-Rusiya müharibəsi üzərindən böyük güclərin savaşı Cənubi Qafqaza transfer olunur. Regionun bu qədər militarlaşması hər an alovlanmaya gətirib çıxara bilər.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics