22.12.2021

Koronavirusdan şeir yaza bilməyib AMEA-nı dağıdanları tərk edin, Ramiz müəllim… - Replika

“Özbaşınalıq baş alıb gedib, heç kim digərindən bir şey soruşmayıb, tələb və nəzarət etməyib”.

Normalda bu sözləri hansısa jurnalist bir qurum haqqında yazar, deyər. Çayxanalarda bir qurumu kimsə tənqid edəndə məhz bu sözlərdən istifadə edər.

Məsələ ondadır ki, bu sözləri nə hansısa jurnalist yazıb, nə antimilli ünsür olan müxalifətçi deyib, nə də çayxana massonları bu iddianı səsləndirib. Bunu elə AMEA prezidenti Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin növbəti iclasında deyib.

Ölmədik, bu günü də gördük. Bir qurumun rəhbəri öz qurumunu necə dəqiq, səlist, real tənqid edə bilərmiş. Ramiz Mehdiyev ölkədə bir cığır açır. Özünütənqidin əsasını qoyur. Hətta Ramiz Mehdiyev demokratiyanın özüdür, şəffaflıq nümunəsidir, mənəvi keyfiyyəti fontan vuran şəxsiyyətdir də deyə bilərəm. Dizində təpər, qolunda güc olan bir dəqiqəlik ayaq üstə durub alqışlasın.

Çox hörmətli Ramiz Mehdiyev AMEA-nı yıxıb süryür, əcəb edir. Korrupsiya çirkabına batan quruma hələ az edir. Bilirəm, mənəvi keyfiyyəti fontan vuran şəxsiyyətdən belə şey soruşmazlar, ancaq soruşmaq ayıb olmasın, özbaşınalıq olan yerin rəhbəri haqqında nə düşünməliyik? Bunu da öz öhdəsinə buraxıram. Çıxışını o qədər tərifləyəndən sonra özüm ad verə bilmərəm. Durub desəm ki, elçisi gülüm olanın başına külüm olar, pis çıxacaq. Ona görə də AMEA Rəyasət Heyətinin növbəti iclasında özünə bir ad seçər.

Ramiz Mehdiyev sual verib ki, Akademiya nə üçün bu vəziyyətə gəlib düşüb? Yer haqqı, göy haqqı mən etməmişəm. Hörmətli oxucu, qımışma, bəlkə sən etmisən? Niyə çıxıb etiraf etmirsən? Sən etməmisənsə, 24 il Prezident Administirasiyasının rəhbəri olmuş, 2 il də AMEA-nın prezidenti olan şəxs edəcək? Ramiz Mehdiyev həmişə elmin, həmişə AMEA-nın yanında olub. Heç özü Administirasiyada rəhbər olub, AMEA onun kurasiyasında olanda belə özbaşınalıqlar olmurdu, prezident seçiləndən sonra hansısa yad qüvvələr ölkənin elm ocağını dağıdırlar.

Ramiz Mehdiyev etiraf edib ki, korrupsiya idarəsində sənədləri hazırlayırlar və onlara da göndərəcəklər. Ayıb olsun o institutlara, dövlət büdcəsindən ayrılan pulları qamarlayıb yeyənlərə. 24 il Administirasiya rəhbəri olmuş, uzun illər də AMEA-nın üstündə əli olan adamdan xəbərsiz iş görüblər. Sizin kimi rüşvətxor, korrupsioner institut rəhbərləri, şöbə müdшrləri Ramiz Mehdiyev kimi adamı zərbə altında qoyursunuz. O həddə çatdırmısınız ki, adam çıxıb özü deyib şəxsən mən məsuliyyət daşıyıram. Məncə, təkcə o yox, Rəyasət Heyətinin üzvləri, vitse-prezidentləri də məsuliyyət daşıyırlar. Yeri gəlmişkən, bunu özü də deyibmiş. Bilirsiniz nə var? Ramiz Mehdiyev nə deyir, düz deyir. Bir dəfə elmdəki uğurları ilə gündəmə gəlməyən qurum haqqında əcəb edib elə deyir. Ayıb olsun. Söz vermişdiдər ki, koronavirusla bağlı şeir müsabiqəsi təşkil edib kitab çıxaracaqılar, heç onu da etməyiblər. Bir də ayıb olsun. Xalq nə qədər o kitabı gözləməlidir? Allah bilir, onun üçün də pul ayırıb, siliblər, Ramiz Mehdiyevə xəbər etməyiblər.

Alimlərə də ayıb olsun. Heç vaxtında qoyduğu icra başçıları, nazirlər heç onun üzünə belə ağ olmurdular. Gedib elmlə məşğul olmurlar, bikarlıqdan gəlib özbaşınalıq edirlər. Məncə, Ramiz Mehdiyev belə alimlərlə bir qurumda oturmağa layiq deyil. İstefa edib getməlidir (özü oxusa, bu yerində deyəcək, yuxunda görərsən). Demokartlıq, şəffaflıq yolunda cığır açan Akademik, istefa yolunda da cığır açıb, AMEA-nı və koronavirusdan şeir yaza bilməyən alimləri tərk edib getməlidir.

Qoy alimlər, institut rəhbərləri utansın, Akademiki pis vəziyyətə qoyduqları üçün vijdan əzabı ilə boğulsunlar. Ürəyim soymadı. Bir daha alimlərə, AMEA-da çalışanlara ayıb olsun. Ramiz Mehdiyevdən xəbərsiz korrupsiyaya bulaşanların fırlatdığı pullar burnundan gəlsin.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics