22.12.2021

Efirlərdə at oynadan "xüsusi təyinatlılar" - Səxavət Məmməd yazır

Birinci müharibənin kəşfiyyatçıları, ikinci müharibənin xüsusi təyinatlıları və yaxud gopoloqların kəşfiyyatçılığı…

Son dövrlər telekanallara və internet TV-lərə çıxanların hər biri özünü xüsusi təyinatlı adlandırır. Hərdən adama elə gəlir ki, kanallar hamısı ancaq xüsusi təyinatlıları efirlərinə dəvət edir. Məsələ ondadır ki, həmin adamların danışığından öncə cüssəsinə baxan kimi bilmək olur ki, özü boyda gopçudur. Azərbaycan Ordusunun tərkibindəki Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bəllidir, onların bir hissəsi şəhid olub və ya yaralanıb, ancaq böyük hissəsi hələ də sağdır və xidmətdədir. Hər əyninə XTQ forması keçirmiş şəxsləri toplasaq, ordunun tərkibində say tərkibi baxımından xüsusi təyinatlılar üstünlük təşkil edərdi. Oysa ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün hər rübdə yüzlərlə şəxs təlimlərə cəlb edilir, onlardan yalnız barmaqla sayılacaq qədəri xüsusi təyinatlı ola bilir.

Çəkisi avtomat ağırılığı qədər olan biri necə xüsusi təyinatlı ola bilir, bunu anlamaq çətindir. xüsusi təyinatlı dedikdə ilk ağıla gələn məhz fiziki yüklənmədir. Efirdə özünə xüsusi təyinatlı deyən birinə desən ki, 10 metr qazyerşi yeri, studiyaya bəlkə də təcili tibbi yardım çağrılacaq. Ancaq həmin adam elə şeylərdən danışır ki, adam bilmir, ağlına inansın, yoxsa bunun boşboğazlığına.

Birinci müharibədə belə olmuşdu. Neçə “qəhrəman” tanıyırıq ki, o dövrdə Xüsusi Təyinatlı Qüvvələr olmaya-olmaya deyirdi ki, xüsusi təyinatlı olmuşam. Ay adam, yox idi, elə bir qoşun növü mövcud deyildi. Bəzi “insaflı gopçu”lar isə özlərinə xüsusi təyinatlı yox, kəşfiyyatçı deyir. Kəşfiyyatçı dediyin çox az hallarda açıq döyüşə girər. Kəşfiyyatçının birinci işi informasiya gətirməkdir, briqadanı məlumatla təmin etməkdir. Gətirdiyi informasiya da Quran ayəsi hesab olunmur, həmin informasiya analiz edilir, yoxlanılır, digər məlumatlarla tutuşdurulur, daha sonra qərar verilir. Adam deyir, kəşfiyyatçı olmuşam, ancaq bir dənə informasiya gətirməyi ilə bağlı xatirəsi yoxdur. Kəşfiyyat bölməsinin işi düşmənlə üzbəüz yox, daha çox düşmən arxasında fəaliyyət göstərməkdir. İnformasiya gətir, sonra döyüşə gir, posta çıx… O biri bölmələrin işi də yan gəlib yatmaq olub? Bu qədər yalan, bu qədər boşboğazlıq nəyə və kimə lazımdır? Hamısı da qulaqkəsən olub. Elə bu müharibədə də kifayət qədər kəsmə əməliyyatı ilə bağlı videolar yayımlanırdı. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edənlərdən bu barədə çox söhbətimiz olub. Hamısı da deyir ki, bizim kimisə kəsməyə, kiməsə işgəncə verməyə vaxtımız olmayıb. Arxadan gələn bölmələr bu oyunları çıxarırdı. Hər iki çəkilişə baxandan sonra məlum olur ki, kəsənlər ərazidə olan ikinci yox, hətta üçüncülərdir. İndi çıxıb deyirlər ki, biz kəsə-kəsə gedirdik. Əslində, həmin videolarda özlərini üçüncü şəxsin cəmində danışaraq “yandırırlar”.

Birinci müharibə zamanı Müdafiə nazirliyindən özünü müdafiə batalyonunun yaradılması ilə bağlı kəndlərdən biri icazə alır. Rəsmi icazə verildikdən sonra digər yerlərdə xidmət edənlər bir yerə çağrılır və könüllü olaraq harada xidmət etmək istəmələri soruşulur. Biri aşbaz, biri sürücü, biri su maşını, biri sursat daşımaq istəyir. Bir nəfər avtomat götürmək istədiyini demədiyi üçün həmin batalyon doğulmamış ölür. İndi həmin aşbazlar, sürücülər elə müharibə xatirələri danışır ki, Hollivud hələ elə “action” çəkməyə hazır deyil, bəlkə Bollivud bunu bacarar.

Yaxın günlərdə biri mənə birinci müharibədəki qəhrəmanlıqlarından danışırdı. Başımı yelləyirdim. Tam təsadüf onun döyüş yoldaşları ilə görüşəsi olduq. Hamı danışdı, bir tək o susmuşdu. Sonda biri üzünü ona tutaraq qumbaraatanımız sən idin, müharibə vaxtı cəmi birini atdın, o da bizdən 200-300 metr arxadan, qırmışdın bizi. Adamın boynunun arxasını görmədim, ancaq üzü al qırmızıya dönmüşdü.

Bu müharibədə Şuşa ətrafına qədər gedən bölmələrin birinin tərkibində Füzulidən düz Şuşaya qədər gedən biri son günlər uşaqlara deyib ki, bəs mənim avtomatım atmır, problem var. Uşaqlar soruşub ki, neçə vaxtıdır belədi? Deyib ki, ilk gündən. Adam bir güllə atmadan, havaya belə mərmi sıxmadan, bir yara almadan gedib Şuşaya qədər çıxıb, medal da alıb. İndi o da müharibədən danışsın, döyüşən də?

Bəli, müharibə vaxtı Xüsusi Təyinatlı Qüvvələr digər bölmələrdən özlərinə fiziki gücü olan xeyli sayda adamlar cəlb ediblər. Bəzi tağım və bölükləri tərkiblərinə qatıb əməliyyata da giriblər. Ancaq bu efirə çıxanların sayından qat-qat azdır. Son dərəcə az.

İnandırım sizi, “Bayraktar”ın, “Harop”un pilotsuz uçan aparat olduğunu hamı bilməsə, “Bayraktar”la, “Harop”la erməni qovaladığını deyənlər də tapılacaqdı.

Müharibədən cəmi bir il ötür, görünən odur ki, bir müddət sonra işimiz, gücümüz boşboğazların ifşasına həsr olunacaq. Bir il ötməmiş Tərtərdən Tovuzdakı postu alanı eşitdik, snayper gülləsindən başını çəkərək yayınana güldük, susuzluğunu fışqıran qanını içməklə yatızdıranları dinlədik. Sanki insan bədənində qan tükənməz sərvətmiş.

Hörmətli TV kanalları, internet TV-ləri və şəhərimizin qonaqları rembolarınızı öncə araşdırın…

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics