29.11.2021

Ayının donuza çevrilməkliyi və ya içimizdəki “irlandiyalılar” - Səxavət Məmməd yazır

Vladimir Jirinovski artıq neçənci dəfədir ki, Azərbaycan xalqını təhqir edir.

Bir neçə dəfə Jirinovski Azərbaycan xalqını qoyun adlandırıb. Maraqlıdır ki, bir xalqı təhqir edən bu şəxsə bu günə qədər Rusiyada kimsə xalqı təhqir etmək olmaz, bu iki ölkə arasında münasibətləri korlayır kimi nə ağıllı-ağıllı məsləhət verib, nə də ona üzr istəməyi təklif edən olub.

Jirinovskinin uzun illərdir təhqirinə ilk dəfə Azərbaycandan bir nəfər cavab verib. İsfəndiyar Vahabzadə qoyuna qarşı donuz ifadəsi səsləndirib. Maraqlıdır ki, ruslardan öncə azərbaycanlılar İsfəndiyar Vahabzadəni qınamağa başlayıb. Əgər donuz təhqirdirsə, qoyun tərifdir?

Qoyun donuz atışması

Müharibədən öncə, elə indi də erməni tərəfi ilə yaxın məsafədə xidmət edən hərbçilər və ya azdan-çoxdan ordan xəbəri olanlar bilir ki, ermənilər Azərbaycan əsgərlərinə “qoyun”, Azərbaycan əsgərləri isə ermənilərə “donuz” deyə xitab edirlər. Erməni əsgəri qoyunu təhqiredici bir söz kimi işlədir, Azərbaycan əsgəri də donuzu.

Azərbaycan, daha dəqiq desək islam ölkələri donuz ətini haram bilib yemir. Daha çox qoyun ətindən istifadə edir. Xristianlar isə donuz ətini yeyir. Qoyun ətini yeyənlərə qoyun, donuz ətini yeyənlərə də donuz yaraşdırırlar. Təbii ki, təhqir və aşağılamaq üçün.

Jirinovski Azərbaycan xalqına qoyun deyəndə, niyə İsfəndiyar Vahabzadəni tənqid edənlər, onu qınayanlar Rusiyadan Jirinovskinin cəzalandırılmasını istəmirdilər? İsfəndiyar Vahabzadəni səfir kimi təqdim edənlər var. İsfəndiyar Vahabzadə 2017-ci ildən heç bir vəzifə daşımır. Yəni, eks, keçmiş, sabiqdir. İsfəndiyar Vahabzadənin işlətdiyi söz Azərbaycan dövlətini bağlamır. Məsələ ondadır ki, Jirinovski Azərbaycan xalqına qoyun deyəndə Rusiya parlamentində təmsil olunurdu. O zaman bu məsələ qalxanda, Dövlət Duması Jirinovskini azad adam kimi təqdim etmişdi. Biz nə edirik, İsfəndiyar Vahabzadəyə basqı edirik ki, üzr istəsin.

İsfəndiyar Vahabzadə dəmir qapı, taxta qapı prinsipi ilə hərəkət edib. Qoyuna qarşı donuz.

Bu, azərbaycanlıları niyə görə narahat edir?

Bəzi şəxslər bu arqumentlə çıxış edirlər – Rusiyada çoxlu sayda azərbaycanlılar yaşayır, orda işləyirlər, donuza görə Rusiya həmvətənlərimizə problem yaradacaq. Əslində öz yanlarından Azərbaycan dövlətini düşünən, guya dövlətin qeydinə qalan şəxslər bilmədən özlərini və dövləti işə salırlar. Onların bu “arqument”i alternativ sualı gündəmə gətirir: Axı vətəndaşlarımız niyə Rusiyada bazarlarda işləməyə üz tutub, “maroz”da göyərti satır? Nə isə…

Müharibə vaxtı hər güllə atanda, Rusiyaya söyən, “Rusiya kömək etməsə bunları məhv edərik” deyən onlarla oğlan tanıyıram ki, indi Rusiyada göyərti satır, lap taksi sürür.

Rusiyadakı azərbaycanlıları düşünənlər, onların ora getmə səbəbini düşünsə yaxşı olmazdı?

Azərbaycan xalqının beyninə belə bir fikir yeridiblər – erməni xalqı düşmən deyil, Erməni dövləti düşməndir. Eynən bu düşüncənin adamları rus xalqı yaxşıdır, dövləti pisdir prinsipi ilə çıxış edirlər. Özü yaxşıdır ətrafı pis düşüncəsinin tərsinəsi, ətrafı yaxşıdır, özü pis. Son üç yüz ildə Azərbaycan xalqının başına gələn bütün bəlaların başında Rusiya (müxtəlif vaxtlarda dövlətin adları müxtəlif olub) durur. Uzaq tarixə getmək istəmirəm. 1920-ci ildə Azərbaycan dövlətini üzdə ittifaqa qoşma, əslində isə işğal edən Rusiyadır. 1937-ci ildə Azərbaycanın ziyalılarına qarşı represiyanı Rusiya həyata keçirib. İkinci Dünya Müharibəsində yarım milyondan çox insanı müharibəyə aparan, Azərbaycan neftini sümürən Rusiya olub. 1990-cı il 20 yanvar hadisəsini törədən Rusiyadır. Qarabağ münaqişəsinin əsasını qoyan Rusiyadır. Xocalı soyqırımının törədilməsində Rusiyanın 366 alayı iştirak edib. Uşaq da bilir ki, Rusiya olmasa ermənilər Qarabağı işğal edə bilməzdi.

Gələk günümüzə

“İsgəndər-M” raketini Şuşaya kim atıb? Vaqnerlərin Qarabağda olması barədə kifayət qədər informasiya var. Rusiya bunlara cavab verdimi? Yox! Sülhməramlı? Rusiyanın Qarabağda məramının sülh olmasını düşünənlərin zəkasına heyranam. Ermənilər Rusiyanın nəzarətində Qarabağa silah və əsgər daşıyır. Ermənistanın eks-prezidenti Sərkisyan Qarabağa gəlir, Rusiyanın nəzarətində. Bütün bunları Rusiya edir və ruslar məsumdur?!

Fərdlər xalqı yaradır, gücü olan xalqlar dövləti. Rusiya dövləti, Rusiya hakimiyyəti rus xalqının məhsuludur. Əgər ki, Rusiya xalqı təhqir olunmaq istəmirsə, öncə içindəki tərbiyəsizin qulağını çəkməlidir.

İlk addımı İsfəndiyar Vahabzadə atsaydı, hər kəs tənqidində haqlı ola bilərdi. Məsələ ondadır ki, bu Jirinovskinin ilk tərbiyəsizliyi deyildi. Buna cavab verilməli idi. İndi də yox, zamanında. Bədiiləşdirməyi sevənlər Rusiya və ya rusu ayı sözü ilə paralel işlədir. Bəzən özləri özlərinə də Şimal Ayısı deyir. Məsələ ondadır ki, Jirinovski Azərbaycan və Azərbaycan xalqına qarşı ayılıqdan daha çox donuzluq edir…

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics