9.05.2017

Tankla topun dueli — Şuşanın işğaldan azad edilməsi üçün keçirilən əks-hücum barədə Nazim Bayramovla reportaj

Şuşanın işğalından 25 il ötür.

Hər il Şuşanın ermənilər tərəfindən işğal olunma tarixini ağlaşma ilə qeyd edirik. Bəli! Bu bir faciədir. Şuşa alınmaz qala sayılırdı. Uzun illərdir, Şuşanın işğalı araşdırılır. Ancaq ortada hələ də tutarlı məlumat və faktlar yoxdur.

Bu dəfə Şuşanın işğalı barədə ağlamalı yazı yazmamaq qərarına gəldik. Şuşanın işğaldan azad edilməsi üçün keçirilən əməliyyatlarda qəhrəmanlıq epizodlarından birinə toxunacağıq.
10 may 1992-ci il tarixində Şuşanı qaytarmaq məqsədilə Turşsudan əks-hücuma keçməli olan qüvvələrimizə yardım üçün ordumuz ilk dəfə idi ki,  Ağdam-Tərtər-Goranboy boyunca geniş cəbhədə düşmənin ehtiyat qüvvələrini Şuşadan yayındırmaq və onu üzərinə çəkmək üçün yayındırıcı hücuma keçib. Bu birləşmələrimiz qarşılarına qoyulmuş döyüş vəzifələrini tam həcmdə yerinə yetirsələr də, təəsüf ki, həmin gün Turşsudan Şuşaya planlaşdırılmış əks-hücum baş tutmayıb. Əks-hücumun baş tutmaması barədə isə daha geniş yazını sizə təqdim edəcəyik.

Uzun illərdir ki, TV ekranlarımızda telejurnalist Milli Qəhraman rəhmətlik Çingiz Mustafayevin həmin günlər çəkdiyi kadrlar nümayiş olunur. Həqiqətən acınacaqlı vəziyyət hər bir azərbaycanlını dərindən hiddətləndirir, ruh düşkünlüyü yaradır.

Çingiz Mustafayevin çəkdiyi kadrlardan, yayımladığı reportajlardan belə görsənir ki, Şuşanı geri qaytarmaq üçün heç bir addım atılmayıb. Ancaq tamamilə cəfəng bir iddiadır. Bu cür iddialar elə o zaman da, indi də ruh düşkünlüyünə səbəb olur. Hər kəs düşünür ki, Şuşanı geri almaq üçün heç bir addım atılmayıb. Ancaq bütün cəbhə boyu düşmənin fikrini yayındıracaq hücumlar olub. Düşmənin diqqətini Şuşadan yayındırmaq üçün edilən hücum itkisiz ötüşməyib. "Şuşanın alınması üçün heç nə edilmədi", demək, o şəhidlərin, orada qəhrəmanlıq göstərənlərin yüngül desək haqqına girməkdir.

1992-ci il may ayının onunda bütün cəbhə boyu - Ağdam-Tərtər-Goranboy cəbhəsi boyunca, bu rayonların bütün özünümüdafiə dəstələri (istisnasız) və briqadalar hücuma keçiblər, hücumda iştirak ediblər. Tərtərdə yerli qüvvələr və 703 saylı briqada Marquşevana girib. Bu döyüş həm də 703-cü briqadanın ilk döyüşü idi.


Lakin o zaman bir tərəfdə idarəsiz qalmış və panikaya düşərək Şuşa və Laçını tərk edən qüvvələrimiz, digər istiqamətlərdə Şuşanı qaytarmaq üçün düşmənlə mübarizə əzimkarlığı və yüksək döyüş ruhu ilə ölümə gedən oğullarımız var idi.

Sözü gedən 10 may 1992-ci il tarixində baş tutan yayındırıcı hücum döyüşçülərin yaddaşında bir sıra şücaət nümunələri ilə qalıb. Onlardan biri Ağbulaq uğrunda döyüş zamanı bizim tankın erməni topu ilə açıq sahədə təkbətək döyüşü olub.

Saytımızın xahişi ilə həmin döyüşdə tankın nişançısı, ehtiyatda olan zabit-tankçı, o zaman XTPD-nin(OMON) Çevik Zirehli Dəstəsinin komandiri Nazim Bayramov düşmən topu ilə qarşılaşmanı  belə xatırlayır.

Ölkə.Az Nazim Bayramovla reportajı sizə təqdim edir:


- Ağbulaq hücumunu necə xatırlayırsınız. Hücumda hansı qüvvələr iştirak edirdi?


- 10 may 1992 il tarixində səhər bizim bölmə və  XTPD-nin 1-ci bölüyü, komandiri Tahir Quliyev(hazırda Oğuz RPİ rəisi-red.) Ağbulağa hücumun mərkəzi istiqamətində hücuma keçmişdik. Hücumda Ağdamın polis batalyonu, Abdal-Gülablı özünümüdafiə dəstəsi,  Yevlaxdan könüllü dəstə və ayrı-ayrı silahlı Ağdam gəncləri hücumda iştirak edirdilər.

Ermənilərin Ağbulaq ətrafındakı ən hündür nöqtədə qurduqları top bizim piyadalara baş qaldırmağa imkan vermirdi. Bizdə onu uzaq məsafədən vura biləcək top ya başqa vasitə yox idi. Hücum gecikib, pozula bilərdi. Bu isə təkcə  bizim istiqamətdə olan Ağbulaq və Dəhraz yox, digər qüvvələrimizin Arənzəmin, Pircamal, Naxçıvanik istiqamətlərində hücumlarına mənfi təsir göstərə bilərdi. Bu şəraitdə ümid yalnız tanka idi.

Lakin tankla topun arasında məsafə 5 km idi. Top bu məsafədən tankı vura bilir, ancaq tankın nişan atəş məsafəsi 1700 metrdi. Topu vura bilməyimiz üçün biz açıq sahə ilə atəş altında topa bu məsafəyə yaxınlaşmalıydıq.

Mən irəli atılmağa tərəddüd edirdim. Tankın mexanik- sürücüsü çox cəsur və bacarıqlı tankçı Vüqar Mürsəlov daxili rabitə ilə - “Komandir, Allah kimə verər, verər, getdik!”. Vüqarın qərarını təsdiq etdim. Tankımız maksimal sürətdə inamla düşmən topunun üzərinə şığıdı. Top dərhal bizə atəş açmağa başladı. Mən adətim üzrə tankda nişançı yerini tutmuşdum. Cavab atəş açmağın xeyri yox idi, topa dəqiq atəş açmaq üçün azı 3 km məsafə qət etməliydik. Ekipajın digər üzvü təcrübəli tankçı İlham Yusifov idi. İlham müşahidə cihazı ilə düşmən topunu izləyir və topun ağzından od püskürən an, Vüqara xəbər edirdi- “Atdı!”.  Vüqar isə bu an sağa- sola manevrlər edərək, tankı topun mərmilərindən yayındırıb, maksimal sürətdə hərəkəti davam etdirirdi. Düşmən dayanmadan atəş açırdı. Mərmilər sağımıza, solumuza, qarşımıza və arxamıza düşərək, qara, şumlanmış torpağı havaya sovururdu. Radioefirə sükut çökmüşdü. Hamı gərginliklə tankla topun duelini izləyirdi.
Top artıq səkkiz dəfə atmışdı. Aramızdakı məsafə azaldıqca, tankı topun atəşindən yayındırmaq şansımız azalırdı. Ona görə qərara gəldim ki, imkan tapıb, asma trayektoriya ilə topa atəş açım. Tankın lazer məsafəölçəni topa qədər 3.5 km göstərdi. Dediyim kimi, biz düzənliklə hərəkət edirdik, düşmən topu isə dağın başında idi. Ona yaxınlaşdıqca tankın topunun lüləsini daha yuxarı qaldırmalı idik. Tank topunun isə müəyyən atəş bucağı var - lülənin  maksimal yuxarı və maksimal aşağı nöqtəsində topun elektrik xətti kəsilir və  tankdan atəş açmaq mümkün olmur. Belə vəziyyətdə relyefdə bir təpə, hündürlük tapıb, tankı onun üstünə qaldırmaq lazım gəlir ki, top lüləsini işlək bucağa qaldırıb, yüksəklikdəki hədəfə atəş açmaq mümkün olsun.

Dayanıb atəş açmaq təhlükəli olsa da(düşmən topu doldurub, növbəti atəş açana kimi bir neçə saniyəyə onu vurmalıydıq), artıq risk etmək zamanı idi.

Vüqara dedim, bir təpəcik tapıb, düşmən topunun növbəti atəşindən dərhal sonra tankı onun üstünə qaldırıb, saxlasın, yerimdən mərmini asma trayektoriya ilə göndərəcəm. Çox keçmədən, Vüqar, “qabaqda balaca təpə görürəm, hazır ol!”- dedi. Topun növbəti atəşindən yayınan kimi, Vüqar tankın qabağını təpəciyə qaldırıb, saxladı. Lazer məsafəölçən hədəfə 3200 metr göstərdi. Düşmən topunu nişan alıb, onun tuşu ilə tankın topunu xəyali şaquli xəttlə düz aşağı saldım və sayla tez qaldırmağa başladım. “Bir, iki, üç...”,  1700 metrdə 7 oldu. Sayı saxlamadan və hədəfin olduğu şaquli xəttdən yayınmadan daha bir 7-yə qədər sayaraq,  tankın lüləsini qaldırıb, saxladım- sayım sabit idisə- 3400 m alınmalı idi. Nişangahda göydə külək qovduğu buludlar görsənirdi. Hissiyatımla topu cüzi aşağı salıb, atəş açdım ...

Nişangahı aşağa salıb, atəşin nəticəsini hələ görmədən, radioefirdə bizimkilərin elə bir coşqusu qopdu ki, düşmən topunu vurduğuma şübhəm qalmadı.

- Bir mərmi, bir atış və düşmən topunun məhvi. Buna əhsən düşür.

- Ekipaj üzvlərinin fərdi döyüş bacarığı və yüksək birgə hərəkət qabiliyyəti ilə bərabər hərbi uğur faktoru da sözünü demişdi. 

- Topun vurulması döyüşə necə təsir etdi?

 - Top vurulduqda, qüvvələrimiz ruh yüksəkliyi ilə dərhal hücumu keçdi və qısa döyüşdən sonra Ağbulağı tutduq. Topun olduğu yüksəkliyə qalxan Ağdam OMONun döyüşçüləri orada, 6-7 erməni meyiti, yeşiklərdə mərmilər və iriçaplı pulemyotun olması barədə məlumat vermişdilər.

- Ekipajın digər üzvlərinin sonrakı taleyi necə oldu?

- Bir ay sonra 9 iyun 1992 ildə tankın mexanik-sürücüsü Vüqar Mürsəlov Şəhid oldu.  XTPD sıralarında keçdiyi ağır və şərəfli döyüş yolu və göstərdiyi qəhramanlıqlara görə o, Azərbaycanın Milli Qəhramanı(ölümündən sonra) adına layiq görülmüşdü.

İlham Yusifov hazırda doğma Bərdə şəhərində yaşayır.

Həmin döyüşün iştirakçılarından biri də, Ağdam rayon Əlimərdanlı kənd sakini Zeynalov Namiq olub.

Zeynalov Namiq haqqında qısa bildirim ki, müharibə başlayandan son günə qədər döyüşüb. Fred Asifin batalyonunda xidmət edib. Ağbulaq döyüşündə erməni topunun vurulmasının canlı şahididir.

- Şuşa may ayının 8-də düşmən tərəfindən işğal edildi. Çoxları elə bilir ki, Şuşanın düşməndən azad edilməsi üçün heç bir əməliyyat, cəhd olmayıb. Bir qədər araşdırmadan sonra məlum olur ki, Şuşanı geri almaq üçün bütün cəbhə boyu aldadıcı manevr edilib, ancaq əsas qüvvələr Şuşanı ala bilməyib.

- 4-5 tank və piyadalarla bir qrup Ağbulaq istiqamətindən hücuma keçdi. Biz isə Muğanlı istiqmətindən tənkliklə hücuma keçdik. Döyüş çox uğurlu oldu. Döyüşdə ən maraqlı məqam isə topla tankın dueli idi. Düşmənin topu vurulmasa bizim hücum heç cür olmayacaqdı. Tankla top duelə çıxmışdı. Açığı kənardan hər kəs bu dueli izləyirdi. Top durmadan tanka atəş açırdı, hər atəşdə başımızı tuturduq. Ancaq tank topu vura biləcək məsafəyə çatana qədər atəşdən yayındı. Özünə mövqe seçib tək atəşlə topu vurdu. Nazim Bayramovun tankdan açdığı atəş nəticəsində ermənilərin topu məhv edildi. Bundan sonra orada erməni qalmadı. Ermənilərin əsas güvəndikləri həmin o top idi. Qardaşım Xanlar da o döyüşdə iştirak edib. Oradan bir ermənini də gətirmişdilər.

- Bildiyim qədər həmin əməliyyatda ilk dəfə rəsmi sənədlə təsdiq olunan Livandan olan bir erməni də öldürülüb.

- Bəli bu doğru məlumatdır. Qardaşımgilin gətirdiyi erməni də xarici vətandaş idi. Düzdür əvvəl də xaricdən gələn döyüşçülər öldürmüşdük, ancaq ilk dəfə idi ki, sənədlə sübut olundu ki, ermənilərin tərkibində pulla gəlib döyüşənlər var.

- Şuşanı niyə geri ala bilmədiniz?


- Turşsu istiqamətindən əkshücum baş tutmadı. Bu barədə detallı bilmirəm. Məncə əməliyyatın alınmamasının üstünə getməkdənsə Şuşanın işğalının üstünə getmək lazımdır. Şuşanı saxlamaq olardı. Niyə saxlaya bilmədik, niyə Şuşa getdi anlaya bilmirəm.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics