13.02.2017

"Qarabağ uğrunda savaş bir Vətən savaşıdır, məgər orada cənublu, şimallı ola bilərmi?" — Keçmiş döyüşçü


Əfqanıstan və Qarabağ – iki qanlı müharibə
Hər iki müharibədə xalqımız şücaətlə döyüşüb. Əfqanıstanda beynəlmiləl borcunu, Qarabağda isə vətən borcunu yerinə yetirib.
Bu dəfəki müsahibimiz hər iki müharibədə iştirak edən Yaqub Nəhmətovdur.

"Ölkə.Az" Yaqub Nəhmətovla müsahibəni sizə təqdim edir:
Qısa arayış:
Yaqub Nəhmətov. 1962-ci il avqust ayının 29-unda Lənkəran rayonu Lüvəsər kəndində anadan olub. Lənkəran şəhər 1 saylı məktəbi (hazırda kəşfiyyat bölüyünün əsgəri, Ağdərə döyüşlərində qəhrəmancasına şəhid olmuş Mehman Bağırovun adını daşıyır) yüksək qiymətlərlə bitirdikdən sonra 1980-cı ildə sənədlərini ali məktəbə daxil olmaq üçün təqdim edir. Ali məktəbə daxil ola bilmir və hərbi xidmətə yola düşür. 1983-cü ilə qədər Sovet ordusu sıralarında Monqolustanda xidmət edir. Hərbi xidmətdən təxris olunduqdan sonra da universitetə sənəd verib, ancaq istədiyi hüquq fakültəsinə daxil ola bilməyib. Universitetə daxil ola bilməyən Yaqub Nəhmətov bir tanışının (zamanında tanınmış əlbəyaxa döyüş ustası) köməyi ilə arzuladığı hüquq fakültəsini oxumaq məqsədi ilə Rusiyaya gedir və həmin tanışının köməyi ilə gizirlər məktəbinə daxil olur. 6 aylıq kursdan sonra Monqolustana hərbi xidmətə göndərilir. Orda 3 ay xidmətdən sonra beynəlmiləl borcunu yerinə yetirmək Əfqanıstana ezam edilir. 1986-88-ci illərdə Əfqanıstanın Qəndahar şəhərində xidmət edir. 1988-90-cı illərdə Çita şəhərində hərbi qarnizonlarının birində taqım komandiri, sonra isə qarnizon komendantı vəzifəsini tutur. Sonra hərbi hissə komandirinin müavininin (zampolit) dəstəyi ilə Tomsk dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. 1992-ci ilin əvvəlində qədər burada təhsil aldıqdan sonra Azərbaycanda baş verən proseslər və Qarabağ, vətən sevgisi onu yenidən Azərbaycana qayıtmağa vadar edir. Həm təhsilini vətəndə davam etdirmək, həm də hərb sənətini bildiyindən yeni yaranmaqda olan Milli Ordu zabitləri ilə tanış olaraq ordu üçün əsgər hazırlanmasında kömək etmək qərarına gəlir.
1992-ci ilin may ayından rus ordusunun Azərbaycandan çıxarılması prosesinə start verilir. Bu zaman Yaqub Nəhmətova Masallı rayonunda yerləşən Mahmudavar poliqonunu qəbul etmək təklif edilir. İlk olaraq 30 nəfər gənc əsgər onun tabeçiliyinə verilir. Beləliklə, Kəşfiyyat bölüyü yaranmağa başlayır. Bundan sonra Lənkəran rayonunda yerləşən hərbi hissə-Əlahiddə Kəşfiyyat batalyonu Yaqub Nəhmətova təklif olunur. Bu hərbi hissə ruslardan bütün texnika və silahları ilə bilikdə təhvil alınır.
 
1992-ci ilin yayından başlayaraq yaratdığı kəşfiyyat bölüyünün şəxsi heyəti ayrı-ayrı qruplar halında əvvəlcə Fizuli və Ağdərə, sonra isə onun özünün də iştirakı ilə Xocavənd-Fizuli, Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə iştirak edir.704 saylı hərbi hissənin kəşfiyyat rəisinin müavini vəzifəsində xidmətini başa vurub və 1996-cı ilin sonunda ştat dəyişiklikləri çərçivəsində ordudan təxris edilib. Müalicə məqsədi ilə əvvəlcə Rusiyanın Sankt-Peterburq şəhərində, sonra isə Almaniyanın paytaxtı Berlin şəhərində yaşayıb. Hal-hazırda təqaüddədir.
Erməni əsgərinin atasının yazdığı məktub: xaricdən ermənilər gəlib, onlar bizə azərbaycanlıların pis olduğunu söyləyir və Azərbaycan əleyhinə təbliğat aparırlar

- Gəlin Əfqanıstan və ordakı döyüşləriniz barədə danışaq.
- Əfqanıstana 1986-ci ildə göndərildim. Mən kommunist olduğumdan beynəlmiləlçi borcumuzun yerinə yetirilməsinin vacibliyi önə çəkilirdi. Xidmət etdiyim hərbi hissənin komandanlığı zabit və gizirlər arasında, necə deyərlər, ən intizamlılarını seçib sərəncama yolladı. Mənim özümə də 3 gün ərzində hazırlaşıb Türküstan Hərbi Dairəsinə- Daşkəndə getməyimi əmr etdi. Əfqanıstana niyə intizamlı komandirlərin göndərildiyi sonralar mənə aydın oldu. Kommunist idealogiyasının prinsiplərindən biri "materialnaya zavisimost"- yəni var-dövlətə biganəlik və bu kimi ideoloji fikirlər çox mühüm rol oynayırdı. Əfqanıstanda isə verilən 3 qat əmək haqqı və yerli dükanlardakı xarici mallar- müxtəlif cür paltar və bəzək şeyləri zabitlərə öz vəzifə borclarını tam yerinə yetirməyə imkan vermirdi. Şahidi olduğum bir çox hadisə buna sübut idi. Hətta oraya gələn ən intizamlı zabitlər belə bu var-dövlət qarşısında əyilirdi. Onları qınamaq da olmazdı. Sovet dövründə hələ nə yapon maqnitafonları, nə də "Coca-Cola" var idi. Mən özüm də əlimə pul düşəndən sonra bu kimi əşyalar alırdım. Yeni xidmət etməyə başladığım taborun komandiri ilə ilk gündən problemlər meydana gəldi. Hər bir işi düzgün görmək istədiyim üçün Sovet ordusunun eybəcərliyini görməyə başladım. Bu eybəcərliklərin komandirlərdən başladığını anladım. Və mən ona etirazımı bildirirdim. İçki düşkünü olan polkovnik Porxomenko bütün səlahiyyətlərini aşaraq tabeliyində olan taboru necə deyərlər, zinhara gətirmişdi. O özü əslən ukraynalı olsa da, qeyri-millətlərə münasibəti yaxşı deyildi. Məni isə yəhudi adlandırırdı. "Partiyaya məqsədlərin üçün gəlmisən"-deyirdi. Yeni gəldiyim üçün bu zabitin hərəkətlərini heç bir çərçivəyə sala bilmirdim. Amma bir ay müddətində onu öyrəndim və artıq öz fikrimi açıq bildirməyə çalışdım. Nəticədə mübahisələrimiz yaranırdı. O, avtomatı götürüb məni hədələdi. Mən və digər bir zabit ondan silahı almağa çalışdıq. Amma çox güclü olduğu üçün bunu edə bilmədik. Bir də ki, çox içkili idi. Onu yerə yıxdım və cəld özümü yaxınlıqdakı blindaja atdım ki, atdığı güllələr mənə dəyməsin. Demək olar ki, həmin gecə çöldə qalmağa məcbur oldum. Səhər tabora qayıdanda onun artıq sakit olduğunu gördüm. Mənə yaxınlaşıb üzr istədi. Lakin mən bu zabitin komandanlığı altında xidmət etməyi özümə sığışdıra bilmirdim və hərbi hissə komandirindən ən aktiv döyüşlərin getdiyi yerə göndərilməyimi xahiş etdim.

Qəndəhara gəldiyimin ikinci ayı mən 4-cü səhra batalyonunada xüsusi təyinatlı taqımın komandiri təyin olundum. Amma ştatda öz vəzifəm dəyişməz olaraq qaldı. Bir çox döyüşdə iştirak etdim. 153- döyüş müşayiəti (boyevaya soprovojdeniya) – yəni öz qrupumla, sapyor və rabitəçi ilə ərazini öyrənir, sonra mövqe tutur, sonra da hərbi karvanın oradan keçməsinə şərait yaradırdım. Bu hallarda demək olar ki, hər "soprovojdeniya"da döyüşlər gedirdi. Minalar qoyulur, raketlər atılır, texnikalar isə RPQ ilə, avtomat və pulemyotlarla atəşə tutulurdu. Bu halda mən qrupumla düşmənin atəş nöqtələrini susdurmaq üçün atəş açıb onları zərərsizləşdirir və ya minamyotla məhv edirdik.
Briqada əməliyyatında iştirak etmişəm. 70-ci briqada hər 3-4 aydan bir Qəndahar və onun ətrafında çox böyük əməliyyatlar keçirirdi. Bütün Qəndahar və ona gedən yollar tutulur, aviasiyadan, tanklardan, artilleriyadan həmlələr edilir, zelyonkalara xüsusi təyinatlılar və DŞB göndərilirdi. Əsirlər tutulur, çoxlu sayda silah-sursat ələ keçirilirdi. Bu əməliyyatlara mən öz BTR-imlə qoşulurdum.  
Axtarışda 
Vəzifəm yerli adamlardan alınmış məlumatların dəqiqliyini, o cümlədən, kəşfiyyatın vermiş olduğu xəbərləri yoxlamaq idi. Yerli əhalinin geyiminndən isifadə edərək axtarışlarıda olmuşam. Sözsüz ki, bu axtarışların əksəriyyəti gecələr aparılırdı.
Pusquda
Bu kimi əməliyyatlar xüsusi qüvvələrin dəstəyi ilə həyata keçirilirdi. Sərhədi keçməyə cəhd edən mücahidləri yerindəcə məhv etmək və ya əsir götürmək üçün daha çox Pakistan yaxınlığında belə işlərlə məşğul olurduq.
Əfqanıstanda döyüşlər intensiv keçsə də, həm də maraqlı idi. Bəzi hallarda briqadanın xüsusi şöbəsinin əməkdaşı və təbliqatçıları ilə yerli əhali ilə görüşlər keçirtmək lazım olurdu. Dil bilmək çox əhəmiyyətli idi. Mən müəyyən qədər əfqan dilini öyrənə bildim. Hərgah onların dili elə də çətin deyildi, çünki onların dili bizim dilə yaxın idi. Çətin olan onların düşüncələri idi. Sanki bu xalq yeni olan hər şeyi inkar edirdi. Təkcə bir şeydən başqa: adət-ənənələrinə tam olaraq sirayət etmiş islamiyyət. Olduğum Sincaray kişlakının ərazisində məscid var idi. Hər axşam oradan azan səsi eşidilirdi. Bu səs daxilimdə mənə doğma nəyi isə xatırlayırdı. Hələ uşaq ikən rəhmətlik babam Quran oxuyanda çox dinləmişdim. O vaxt sovet dövləti bunu yasaqlasa da, cənub bölgəsində bu davam edirdi. Qəndahar minarələrindən də gələn o müqəddəs azan səsi mənə kim olduğumu həmişə xatırladırdı. Odur ki, yerli əhali ilə görüşlərdə bəzi hallarda onların mənə daha yaxın olduğunu hiss edirdim. Bir dəfə yaxın dostum b/l-nt Baştavoy ilə bu haqda diskusiyamız olmuşdu. O mənə dedi ki, zampolit sənin müsəlman olduğunu bilməsin, axı sən kommunistsən.

Komandir olduğum taqımın tərkibi çoxmillətli idi- rus, ukraynalı, belorus, moldovan, özbək, tacik, türkmən, çeçen, inquş, tatar və hətta erməni də var idi. Mən onlarla çox dost münasibəti yarada bilmişdim. Hərgah, bu uşaqların hər biri demək olar ki, mənim kimi bu ağır və təhlükəli yerə məcburi göndərilmişdi. Çox maraqlı bir hadisənin şahidi oldum. Erməni əsilli əsgər Dəmirçiyan Alik Qarabağdan, Martuni (Xocavənd) şəhərindən idi. O, həm də azərbaycanca çox təmiz danışırdı. Bir gün o mənə bir məktub göstərdi və "istəyirsən onu oxu"-dedi. Heç bir şey düşünmədən məktubu alıb oxudum. Gözlərimə inanmadım. Alikin atası oğluna şikayət edirdi. Rayonumuza xaricdən ermənilər gəlib, onlar bizə azərbaycanlıların pis olduğunu söyləyir və Azərbaycan əleyhinə təbliğat aparırlar. Vəziyyət burada çox da yaxşı deyil. Söhbət 1988-ci ildən gedir. Məktubda ata oğluna gileylənirdi ki, burada nələr isə olacaq. Amma bunun sənə aidiyyatı yoxdur. Bilirəm sənin komandirin də azərbaycanlıdır, onunla dost münasibətlərini həmişə saxla. Mən şokda idim. Bu necə ola bilərdi? Amma sonra bir döyüş əməliyyatı öncəsi briqada komandirinin müavini ilə bir görüş və qısa dialoq bunu təsdiqlədi. Qarabağda yaxşı olmayan nələr isə baş verirdi.
Bəzən Əfqanıstan haqda düşünəndə oranı yenidən görmək həvəsim oyanır. Bildiyim qədər, Rusiyada bir neçə qeyri-hökümət təşkilatı dövlətin dəstəyi ilə oraya getmək istəyənlərə köməklik edirlər. Döyüşlərdən sonra oranı ziyarət etmək cinayətkarın törətdiyi cinayət yerinə yenidən baxmaq kimi bir hissiyata bənzəyir. Sözsüz ki, bunlar ayri-ayri şeylər olsa da mahiyyətcə eynidir. İki ordenlə- “Krasnaya Zvezda” və Za Slujbu Rodine III stepeni” ilə mükafatlandırılmışam, bir neçə medalla, o cümlədən, "Əfqan medalı" ilə təltif olunmuşam. Əfqanıstana görə mənə nə pul, nə ev, nə də ki maşın veriblər. Pensiyam da o şəkildə. Mən sadəcə dövrün, zamanın və sovet dövlətinin çöllərə səpələdiyi 300 milyon insanından biriyəm. Fərq yalnız ondadır ki, pencəyimdə bir neçə qram çox dəmir gəzdirirəm.
 
- Almaniyada yaşamısınız. Mən hələ Azərbaycanla Almaniya arasındakı fərqi sizdən soruşmuram. Ümumiyyətlə, Almaniyadakı həyatınız haqqında danışın.

- Müalicə və Avropanı görmək məqsədli çıxışım uzunmüddətli oldu. Yaşadığım Berlin şəhəri yeni birləşmişdi, divarlar yeni sökülmüşdü. Amma insanların düşüncələrində hələ də şərq, qərb mülahizələri var idi. Bu ən adi insanlardan tutmuş, siyasətçilərə qədər özünü biruzə verirdi. Sözsüz ki, böyük birlik üçün bu rol oynamırdı. Qərb şirkətləri, firmaları illərlə çoxlu miqdarda kapital qoyub Berlini Avropanın ən gözəl şəhərlərindən birinə çevirmişdilər. Berlin birləşmiş Almaniyanın paytaxtı, Avropanın mərkəzi olacaqdı. Almaniyaya gəldiyimdən az sonra hakimiyyətə sosial-demokratlar gəldilər. Onların xaricilərə qarşı münasibəti nisbətən mülayim idi. Yavaş-yavaş alman dilini öyrənir, alman mədəniyyətinə, alman cəmiyyətinə inteqrasiya edirdim. Təbii ki, əvvəlki stereotiplər mane olurdu və mənim gördüyüm qarma-qarışıqlıq burada yox idi. Hər şey öz yerində və qaydasında idi. Berlində yaşayan azərbaycanlılarla əlaqələrim gücləndikcə nəyinsə çatışmadığını hiss edirdim. Nəhayət ki, bir Azərbaycan dərnəyinin yaradılması ideyası ortaya çıxdı və onun təşkilatçısı olaraq çox işlər gördüm. Burada əsas məqsəd Azərbaycan dilini, mədəniyyətini yaymaq, təbliğ etmək, alman-azərbaycanlı dostluq əlaqələrini sadə insanlar arasında tanıtmaq və ən nəhayət, Qarabağ həqiqətlərini Avropada yaymaq oldu. "Azərbaycan Kültür Dərnəyi" türk və iran azərbaycanlıları ilə bərabər çoxlu birgə seminarlar, yığıncaqlar təşkil edib, xalqlarımızın dostluğunu, qardaşlığını əsas götürərək Qarabağ həqiqətlərinin də birlikdə paylaşılması qarşıya məqsəd kimi qoyulmuşdu. Nəhayət, dərnək Xocalı soyqırımının tanınması üçün planlı şəkildə işlər görməyə başladı. Biz həm Ermənistan səfirliyi qarşısında etiraz aksiyası, həm də Berlin şəhərinin mərkəzi küçələrində təbliğat xarakterli mitinqlər keçirməyi planlaşdırdıq. Bundan başqa, Qarabağ həqiqətlərini tanıtmaq məqsədi ilə təşkilat alman siyasətçilərinə, Avropanın nüfuzlu təşkilatlarına, BMT-nin baş katibinə, müxtəlif dövlət xadimlərinə məktublar yazır, alınan cavabları Azərbaycanın Almaniyadakı səfirliyinə göndərirdi.  "Azərbaycan Kültür Dərnəyi" Almaniyada tanınmış doktor və "Almaniya- Azərbaycan" cəmiyyətləri federasiyasının sədri Nüsrət Delbəstiyin yardımı, dəstəyi ilə elmi seminar və yığıncaqlar keçirir, çox məsələlərin Azərbaycanın xeyrinə dəyişməsində əlindən gələni əsirgəmirdi. Böyük Azərbaycan sevgisi ilə yaşayan mərhum Nüsrət doktor və mənim sədr olduğum "Kültür Dərnəyi" Avropada ilk dəfə olaraq Xocalı soyqırımının tanınması üçün imza toplamaq kampaniyasına başladı. Təəssüflər olsun ki, bu iş tam həll edilmədi və yarımçıq qaldı. Şəxsi vəsaitimiz hesabına plakatlar hazırlayır, azərbaycanlılar yaşayan ünvanlara gedir, onlardan keçiriləcək mitinq və yığıncaqlarda iştirak etməyi xahiş edirdik. Təəssüflər olsun ki, çox zaman bu alınmırdı, müxtəlif bəhanələr gətirirdilər.
Mənim olduğum təşkilat Avropada yaşayan azərbaycanlıların konfederasiyasının yaradılmasında çox böyük rol oynayıb. Bu işə Berlindəki Azərbaycan səfirliyinin əməkdaşları da dəstək verirdilər və nəhayət, Bakıda Dünya Azərbaycanlıların birinci qurultayı çağırılan zaman təşkilatımızdan da 3 nəfər nümayəndəyə Qurultayda iştirak etmək nəsib oldu.
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropaya dövlət başçısı olaraq ilk səfəri Almaniyadan başladı. Mən çox şadam ki, onun tərcüməçisi təşkilatımızın gənc üzvü, tələbə, sonralar alimlik dərəcəsi almış Rizvan Nəbiyev oldu.
Qarabağ uğrunda savaş bir vətən savaşıdır. Məgər orda cənublu, şimallı ola bilərmi?
- Qarabağ döyüşləri, oradakı iştirakınız haqda danışaq. Xidmət etdiyiniz hərbi hissə və onun Qarabağdan keçən yolu haqda.

- Xidmət etdiyim hərbi hissə Qarabağda gedən bütün döyüş istiqamətlərində iştirak edib. Xocavənd, Beyləqan və Ağcabədi istiqamətində 92-ci ilin dekabrından 96-cı ilin fevral ayına qədər müdafiə mövqeyində durub. Digər hərbi hissələr kimi bu briqada da çoxlu şəhidlər verib, yaralananlar və itkin düşənlər olub. İlk yarandığı gündən təbii ki, tərkibində könüllülər olub ki, onların da bu briqadanın yaranmasında, onun döyüş taktikasının formalaşmasında, nəhayət şücaət göstərməsində böyük zəhmətləri olub. Briqadaya peşəkar hərbçilər gəldikcə onlar- könüllülər, sözsüz ki, sağ qalanları hərbini tərk etmişdi. Bəziləri oxumağa, bəziləri də yaralandıqları üçün hərbi xidmətdən təxris olundu. Hərbi hissə Ağdərə, Kəlbəcər, Fizuli, Xocavənd, Laçın istiqamətində döyüşlərdə iştirak edib, bu döyüşlərdə əzmlə, mətanətlə vuruşub. Hər bir döyüş istiqamətində hərbi hissənin komandanlığına yeni bir zabit göndərilib, müəyyən zaman keçdikdən sonra onun əvəzinə digəri göndərilib.

Müharibənin qızğın getdiyi bütün döyüşlərdə briqadamız sona qədər vuruşub. Əbəs deyildir ki, sonuncu mövqe tutduğu Xocavənd istiqamətində düşmənə bir qarış torpaq verməyib, əksinə keçmiş DQMV-nin inzibati ərazisinə daxil olan torpağın 10 km ərazisindən içəridə mövqedə dayanıb. Briqadanın belə döyüşkən olmasının səbəblərindən biri də sözsüz ki, peşəkar hərbi kadrların bilik və cəsarətinin bəhrəsidir. Qarabağ bizim üçün doğulduğumuz Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad, Biləsuvar və digər rayonlardan da doğma olub. Mən şəxsən Lənkəranı yaxşı tanımamışam, amma döyüşdüyüm bütün Qarabağ ərazisini qarış-qarış gəzib, necə deyərlər beş barmağım kimi tanımışam. Mən onların- yeni zabit və gizir heyətinin bütünlüklə, var-gücləri ilə bu işə necə can yandırdıqlarını görüb, onların öz vətənlərinə necə bağlı olduqlarının şahidi olmuşam. Onlar çoxdurlar, adlarından uzun bir siyahı olacaq, amma birləşdirici, düşünən beyin, vurulan zərbə olaraq əsas heyət bunlar olublar. 704 saylı hərbi hissə və onun zabit heyəti alqışlara və təriflərə layiq briqada olub və mənim nəzərimdə belə bir briqada 1941-45-ci illlərdə olsaydı, onun döyüş bayrağına qvardiya və ən yüksək orden sancılacaqdı. Təəssüflər olsun ki, ermənilər briqadanın döyüşkənliyindən, onun şücaətindən qorxaraq onu qaralayıb, pis qələmə verməyə çalışıblar. Bu briqadanın daha çox cənub bölgəsi ilə bağlılığını əsas götürərək mütəmadi olaraq yanlış, yalan fikirlər ortaya atılıb, ictimaiyyəti, Azərbaycan xalqını çaşdırmağa çalışıblar. Çox maraqlıdır ki, 93-cü ilin kobud səhvlərini təkcə bu briqada ilə bağlamağa çalışanlar eynilə digərlərinin etdiklərini açıqlamırlar. Bu da onların məkrli olduqlarının bariz nümunəsidir.
Qarabağ uğrunda savaş bir vətən savaşıdır. Məgər orada cənublu, şimallı ola bilərmi? Biz bu fikirləri olan insanlara qarşıyıq, o zaman da qarşı olmuşuq, indi də qarşıyıq. Buna yox deyirik. Azərbaycan bizim vətənimizdir, budur bizim amalımız- Vətən bölünməz və satılmaz!

- 19 sentyabr 1992-ci il- Xocavənd istiqamətində döyüş 
- Kəşfiyyat bölüyü hərbi hissənin bütün döyüşlərinin önündə olub. Şəhidlər verib, yaralananlarımız və itkin düşənlərimiz olub. Birinci qrup 1992-ci ilin iyununda Ağdərə döyüş bölgəsinə göndərildi. Orada “Rembo” ləqəbli Elxan Əliyevin başçılığı altında kəşfiyyat fəaliyyəti göstərib.

Sonra komandiri olduğum 2-ci qrup Xocavənd-Fizuli və Qubadlı-Laçın istiqamətində gedən döyüşlərə göndərildi. Briqadanın ümumi döyüş komandanlığı p-pk M.Hacıyevə tapşırıldı. Briqadanın tərkibində tank taboru, piyada taborları, artilleriya, zenit və digər hərbi birləşmələrlə Qarabağ döyüş bölgəsinin Xocavənd istiqamətinə göndərildi.

Çox böyük bir qüvvə ilə Xocavənd istiqamətində döyüşə girmək üçün plan hazırlandı. Mən bu hücum planının MN-dən gəldiyini, yoxsa hərbi hissənin öz planı olduğunu deyə bilmərəm. Onu dəqiq bilirəm ki, biz hələ Göytəpədə olanda briqadanın ayrı-ayrı bölmələri məşqlər edirdilər. Bu məşqlər həm də rus zabitlərinin dəstəyi ilə aparılırdı. Əsasən artilleriyanın və komandiri olduğum kəşfiyyat bölüyünün təlim sistemi tam nəzarət altında keçirilirdi. Digər tərəfdən hücum planının hazırlanmasında rus zabitlər də iştirak edirdi. Hətta onlardan döyüşmək istəyənlər də vardı. Bütün bunları ona görə deyirəm ki, Xocavənd istiqamətində hücum və sonradan Xankəndinə doğru irəliləməyin tam planı işlənmişdi. Xankəndində erməni daşnaklarının bayrağını atacaq və Azərbaycan bayrağını orada dalğalandıracaqdıq. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, separatçılar isə məhv ediləcəkdi. Bu idi plan. Bayraq da götürülmüşdü. Briqadanın bütün komandir heyəti də bu haqda məlumatlı idi. Amma biz bu qədər qüvvə ilə döyüş bölgəsinə yaxınlaşanda hərbi karvanın qarşısını bir UAZ kəsdi və içindən yüksək çinli bir zabit çıxıb heyəti saxladı və hərbi karvanın Fizuli istiqamətinə getməyini tələb etdi. Burada bizim komandirlə həmin zabit arasında mübahisə düşdü. Nəhayət həmin zabit yüksək səslə “Sizə göstərərəm” deyərək UAZ-a oturdu və geri qayıtdı. Mən hərbi hissə komandirindən soruşanda ki, o kim idi, nə baş verir, cavabında dedi ki, o Fizuli briqadasının komandiridir, briqadamızın bu istiqamətdən yox, Fizuli istiqamətindən döyüşə girməli olduğunu deyir. Amma bizim planımız MN-də təsdiq olunub, döyüşə icazə verilib. Bu qədər önəmli olan hücüm planını yolun ortasında həll etmək və onu bu şəklə salmaq həm çox gülünc, həm də ağlamalıdır. Bəlkə də Fizuli briqadasının komandirinin təklifi və ya tələbi daha doğru olacaqdı. Amma döyüşmək üçün çəkilən plan dəyişməz qaldı və briqadamız Haramı düzündə yerləşdirildi. Eşalonlarla Daşburuna göndərilən ağır texnikalar hissə-hissə bu əraziyə çıxarıldı.
Kəşfiyyat bölüyümüz Xocavənd ətrafında dağlarda, oraya gedən yolları, cığırları öyrənməyə başladı. Hücum üçün əlverişli olan yerləri öyrəndik. Yerli batalyonların döyüşçüləri ilə görüşdük. Minalanmış sahələri, düşmən artilleriyasının yerləşdiyi yerləri öyrənib hər axşam hərbi hissə komandirinə məruzə edirdim. O isə bütün məlumatları qərərgahı ilə birlikdə analiz edir və xəritədə qeydlər edirdi. Bütün bu hazırlıq prosesi təqribən 1 həftə çəkdi. Sentyabr ayının 19-u üçün döyüşə razılıq verildi. Səhər tezdən hücüm dayandırıldı. Ancaq günortadan sonra hərbi hissə komandiri məni yanına çağırıb piyada döyüşçülərlə birgə Qızılqaya istiqamətindən Şişqaya yüksəkliyinə hücuma keçməyi əmr etdi.
Tabor komandiri ilə birlikdə biz göstərilən mövqeyə gəldik. Piyada döyüşçülərə dəstək olaraq 1 ədəd PDM-2 və 1 ədəd tank verildi. Beyləqan batalyonunun döyüşçülərindən Paşa ilə birlikdə döyüş taktikası hazırladım. Hücum ediləcək dağ o ərazidə ən hündür zirvə idi. Orada düşmənin müdafiə mövqeləri çox möhkəm idi. Demək olar ki, artilleriya oranı tuta bilmirdi. Xocavənd üstündəki düşmənlərin müdafiə qurğuları sovet-rus silahlı qüvvələrindən qalmışdı. Biz görməsək də, yerli batalyonların döyüşçüləri bu istiqamətdə helikopterlərin olduğunu da deyirdilər.  
Çox maraqlı və taktiki bir plan hazırladıq. Göründüyü kimi eyni əməliyyatları keçirtmək istəyən Beyləqan batalyonu ilə birgə iş görmək təklifi ağlabatan oldu və mən ona razılıq verdim. Əslində başqa variantlar olsa da, tankın döyüşərək bu hündür dağa çıxması qeyri-mümkün idi. Burada məqsəd tankı həmin hündürlüyə maneəsiz çıxartmaq və oradan da düşmənin bütün mövqelərinə atəş açmaq idi.
Tank və PDM-2-ni düşmənin görə bilmədiyi bir yerdə saxladıq. PDM-2 komandiri leytenant Vaqif Əliyev kəşfiyyat bölüyümdə taqım komandiri idi. Vaqifə dedim ki, sənə komanda verib istiqamətləndirəcəyəm. Tank da səninlə birlikdə hərəkət edəcək. Siz dağa qalxana qədər atəş açmırsınız, onsuz da heç bir şey görə də bilməzsiniz. Düşmənlər sizi görməsin deyə biz qarşıdakı dağdan onları minaatanlardan atəşə tutarıq. Siz dağa çıxan kimi mən piyada qüvvələrə irəli getmək əmrini verəcəyəm və bu zaman siz bir yerdə düşmən səngərlərinə zalp atəşi açacaqsınız. Sən tankla daima əlaqədə ol və eyni zamanda ancaq mənim komandalarımla hərəkət et. Bu şəkildə razılaşdıq və görüşüb ayrıldıq. Mən ondan soruşdum ki, hanı bəs sənin serjantın, əslində sən Göytəpədə olmalıydın? Allah rəhmət eləsin- dedi ki, serjantı evinə buraxmışdım, qayıtmadı vaxtında, ona görə də özüm gəldim. Ondan ayrılıb Paşa ilə birlikdə mövqe tutacağımız dağa gəldik. Piyada döyüşçülər artıq burada idilər, təqribən 200 nəfər. Saat təqribən 17:00 radələrində hərbi hissə komandiri əvvəlcə hazırlaş komandası verdi. Mən də öz növbəmdə həm minaatanları, həm PDM-2- nin komandiri Əliyev Vaqifi, həm də piyada döyüşçülərin komandiri Vəliyev Nazimi xəbərdar etdim. Nəhayət “Hücum” komandası verildi. Minaatanların komandasından sonra Vaqifə irəli komandası verdim. Düşmənlər də bizə minaatanlarla və digər silahlarla atəş açmağa başladılar. Rabitə ilə Vaqifi istiqamətləndirir, tank və PDM çox ağır amma inandırıcı şəkildə yuxarıya hərəkət etdiyi görsənirdi. Düşmənlə aramızdakı məsafə hava xətti ilə təqribən 500 metr var idi. Onlar bütün var gücləri ilə bizim müvqelərimizi artilleriya atəşinə tutmuşdular, lakin onlara doğru hərəkət edən tank və PDM-dən xəbərləri yox idi. Ermənilər durmadan bizim mövqelərimizə minaatandan atəş açırdılar. Başımızı qaldırmağa imkan yox idi. PDM və tank dağın dikinə çatanda zalpla düşmən mövqelərinə atəş açdılar. Mən piyadalarla əvvəlcə öz mövqelərimizdən aşağıya, sonra da düşmənlərin olduğu mövqeyə- yuxarıya çıxmağa başladım. Ermənilərin başı minaatanlara qarışmışdı və heç inanmazdılar ki, bu şəkildə biz onlara yaxınlaşa bilərik. Düşmənlər bu qədər qüvvənin qarşısında davam gətirə bilməyib geriyə qaçmağa başladılar. Biz onların 2 mövqeyini ələ keçirtdik. Artıq hava qaralmağa başlamışdı. Bu zaman PDM-2-nin puşkasında problem çıxdı. Vaqif lyüku açıb puşkanı düzəltmək istəyəndə snayperlə vuruldu və o PDM-in içinə düşdü. Vaqifi tez geriyə aparmaq üçün PDM aşağıya gəldiyi istiqamətdə döndü. Bu şəkildə biz PDM-2-nin dəstəyindən məhrum olduq. Hava qaraldığından tankın iş görmək qabiliyyəti də sıfıra bərabər oldu. Gözlənilmədən Xocavənd üzərindən bir helikopter bizim üstümüzə uçmağa başladı, bir neçə dəfə raket atsa da, yaxın məsafədə partladı. Helikopter geriyə döndü. PDM də daha döyüş yerinə qayıtmadı. Biz ələ keçirtdiyimiz mövqelərdə möhkəmlənməyə başladıq. Düşmən özü şok vəziyyətində olduğundan atəşi dayandırmışdı. Geсə saat 3-4 radələrində hücumu dayandırmaq barədə əmr verildi. Amma tankla heç bir əlaqə yarada bilmədik. Tutduğumuz mövqeləri buraxıb geriyə çəkildik. Hərbi hissə komandirindən soruşanda ki, niyə geri çəkildik? Dedi ki, MN-dən əmr olunub. Aldığımız məlumata görə, tank ekipajı son mərmisinə qədər vuruşub, yanlış yola çıxaraq Xocavəndin içinə girib, şəhərdə çoxlu dağıntılar törədib və əsir düşməmək üçün özlərini partlatmışdılar.

- 21 sentyabr 1992-ci il- Yağlavənd istiqamətində döyüş

- İstirahət etmədən hərbi hissəyə- Yuxarı Yağlavənd istiqamətindən döyüşə girmək əmr edildi. Sentyabr ayının 20-də səhər saat 6-7 radələrində briqada bütün qüvvələri ilə Aşağı Veysəlli kəndinin önündən keçib hərbi yürüş qaydalarına uyğun olaraq Yuxarı Yağləvənd, Güneyçartar və Güzeyçartaz istiqamətlərindən döyüşə girdi. Artilleriya atəşi altında tank birləşmələri və PDM-lərin arxasındakı piyada döyüşçülərlə hücumun məqsədi düşmənin ardıcıl yaratmış olduğu bir çox müdafiə mövqelərini ələ keçirtmək və Xocavənd-Xankəndi istiqamətini nəzarətə götürmək idi. Döyüşün getdiyi bu ərazilər kəşfiyyat bölüyü tərəfindən tam öyrənilməsə də, Fizuli hərbi birləşməsinin qərəgahı tərəfindən hazırlanmış plan əsas götürüldü və həmin hərbi birləşmənin şəxsi heyətinin də bizimlə bərabər döyüşə girməsini məcbur etdi.

Döyüş planı hərbi hissənin hücum edərək düşmən mövqelərini aşkara çıxartmaq məqsədi daşısa da, çoxlu ağır hərbi texnikası olan briqada üçün doğru deyildi. Mürəkkəb relyefə malik ərazinin tam öyrənilmədiyi, minalanmış sahələrin yoxlanılmadığı döyüş səhnəsi çox dəhşətli idi və ağır itkilərə səbəb oldu. Bütün strateji yüksəkliklərə tam nəzarət edən düşmən aşağıdan hücum edən briqadanın texnika və canlı qüvvəsinə səhər tezdən axşam qaranlığa qədər atəş açır, hücuma keçənlərin irəliləməsinə mane olurdu. Bütün bunlara baxmayarq 3 silsilə təpə və yüksəklik ələ keçirildi, düşmən geri çəkilərək ən hündür nöqtələrdə mövqe tutdu. Tank bölüyünün komandiri S.Babayev yaralandıqdan sonra hücumun irəliləməsi müəyyən qədər səngidi, sonrakı komandanı gözləyən və eyni zamanda qarşısındakı sədləri keçməyin qeyri-mümkünlüyünü görən tank, PDM və piyada qüvvələri mövqe qurmağa məcbur oldular. Hücumu davam etdirmək məqsədi ilə hərbi hissə komandiri mənə və kəşfiyyatçılardan Dadaşov Xəlil, Dadaşov Rövşən, Əliyev Hicran və başqalarına irəli getmək əmrini verdi. Hərbi hissə komandirinin özü də döyüşü idarə etdiyi KMM-ni tərk etdi və kəşfiyyatçılarla bərabər irəli getdi. Bu çıxış öz bəhrəsini verdi. Mən irəli getməkdə çətinlik çəkən tankları, kəşfiyyatçılar Dadaşov Xəlil, Dadaşov Rövşən PDM-ləri, hərbi hissə komandiri isə piyada döyüşçüləri “İrəli” komandası altında döyüşə səsləyərək düşmən səngərlərinə doğru irəlilədilər. Döyüş çox ağır, sözün əsl mənasında 2-ci Dünya müharibəsini xatırladan bir döyüşə bənzəyirdi. Hər tərəfdə partlayışlar, mərmi səsləri, tankların nəriltisi, həlak olanların cəsədləri, yaralananların qışqırığı bir ahəngdə böyük bir müharibə səhnəsini yaratmışdı. Artıq elə bir an yaranmışdı ki, ölüm kabusu özünün vəhşilik fazasına keçmişdi. Bir-bir avtomatın qundağı ilə tank və PDM-lərə vurur, təlaş içində lyükları açan ekipaj üzvləri qarşılarında özününküləri gördükcə ruhlanır və onlardan da öndə gedən kəşfiyyatçıların ardınca düşmən səngərlərinin üstünə getməyə başlayırdılar. Tut ağacının altında müdafiə qurmuş PDM-lər də tankların ardınca hücumu davam etdilər. Hücum bərpa edildi. Artilleriya mərmilərindən biri hücuma keçən piyada döyüşçülərinin yanına düşdü, əsgərlərdən birini sağ qolundan ağır yaraladı. Hərbi hissə komandiri kəşfiyyatçılara BRM-1K ilə yaralanmış əsgərləri geri aparmaq əmri verdi və eyni zamanda özü də öncədən qurulmuş KMM-dən döyüşü idarə etmək üçün BRM-ə oturdu.
Hücumu Dadaşov Xəlil və Dadaşov Rövşən davam etdirdilər. Onlar 18 nəfər əsgər və 1 taqım komandirindən ibarət piyada taqımı ilə sol cinahdan düşməni qovaraq onların ardınca üzümlük olana bir əraziyə daxil oldular. Şiddətli döyüş gedirdi və düşmən atışaraq geri çəkilirdi. Mən hərbi hissə komandiri ilə birlikdə KMM-ə qayıtdım. Artıq hava qaralırdı. Tədricən döyüş səngiyirdi. Mənim onlarla əlaqəm yox idi. Səhər açılandan sonra Xəlil və Rövşən geri qayıtdılar və mənə döyüş barədə məlumat verdilər.
 Bu döyüş nəticəsində düşmən çoxlu itki verərək silsilə dağları tərk etməyə məcbur oldu, iki gün həmin hündürlüklər və bütün ərazi tam nəzarətə götürüldü. Bu döyüş Azərbaycanda yeni yaranmaqda olan Silahlı Qüvvələrin döyüş qabiliyyətini ortaya qoydu. Qarabağ döyüş səhnəsində kəşfiyyatçıların da iştirak etdiyi bu döyüş şanlı döyüşlərdən biri hesab olundu.

- Aprel döyüşləri haqqında fikirlərinizi bilmək istərdim.

- Aprel döyüşləri Azərbaycan Hərb tarixində yeni bir səhifə açdı. Bu vaxta qədər mövcud olan erməni ordusunun məğlubedilməzlik mifi dağıdıldı. 20 ildən artıq müddətdə qurduqları «keçilməz» müdafiə sədləri bir həmlə ilə darmadağın edildi, 2 istiqamətdə mühüm strateji yüksəkliklər ələ keçirildi. Bununla da yuxarıda göstərdiyimiz döyüşlərin sübutu olaraq Azərbaycan əsgərinin gücü bir daha ortaya qoyuldu. Nəticədə ermənilər və onların havadarları yeni bir hərbi-siyasi situasiya ilə qarşı-qarşı qaldılar. Bu yeni stuasiya Qarabağ probleminin sülh yolu ilə həllində Azərbaycanın mövqeyinin daha da güclənməsinə səbəb oldu. Bu onun nəticəsidir ki, Ali Baş Komandanımızın bilavasitə diqqəti və dəstəyi ilə Azərbaycan ordusu müasir silahlarla silahlanır, şəxsi heyətin döyüş qabiliyyəti müntəzəm şəkildə həyata keçirilən təlimlər nəticəsində daim yüksəlir. Mən şəhid olmuş bütün əsgər və zabitlərə Allahdan rəhmət diləyirəm. Onlar heç vaxt unudulmayacaq və daim xatirələri Azərbaycan xalqının qəlbində yaşayacaqdır! 
Laçın dəhlizi və digər döyüşlərlə bağlı növbəti reportajda oxuya bilərsiniz.
Ardı var...
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics