8.02.2017

Milli Qəhrəman statusu və ermənilərə tərs şillə — Şəhid atasının qürur göz yaşları

39 gün sonra ermənilər əsgərimizin meyitini geri qaytardılar
Şəhidimizin yolunu gözləyən Çingiz Qurbanovun ailəsi qəhrəman övladlarının nəşinə qürurla toxundular…
Şəhidin atası Salman Qurbanovla söhbət zamanı bunu hiss etmək olurdu: «39 gün biz nələr çəkdik, onu bir biz, bir də Allah bilir. İndi övladımı torpağa tapşırdım, rahatam».

Azərbaycan Respubilkası Müdafiə Nazirliyi və xalqımız şəhid Çingiz Qurbanovu təntənəli surətdə son məzilinə yola saldı. Çingiz Qurbanov doğulduğu Qusar rayonunun Şəhidlər Xiyabanında dəfn olundu.
Çingiz Qurbanovun məzarını və ailəsini ziyarət etmək üçün keçmiş döyüşçülər, ehtiyatda olan polkovnik leytenant Nazim Bayramov və ehtiyatda olan polkovnik leytenant Abuzər Əbilovla Qusar rayonu Həzrə kəndinə yola düşürük.
Yol boyu aprel döyüşləri, onun nəticələri və şəhid Çingiz Qurbanov barədə söhbətlər edirik. Hər iki döyüşçü Çingiz Qurbanova hazırkı vəziyyətdə Milli Qəhrəman statusunun verilməsinin doğru olacağını deyirlər.
Qusar rayonuna çatdıq, artıq Şəhidlər Xiyabanındayıq. Çingiz Qurbanovun qəbrini ziyarət etmədən əvvəl Qusarın Qarabağ müharibəsi zamanı verdiyi şəhidlərin məzarlarını ziyarət edirik. 
1988-ci ildə Ermənistanda baş verən Spitak zəlzələsi zamanı Azərbaycandan beynəlmiləl borcunu yerinə yetirmək üçün ermənilərə kömək göndərilmişdi. Ermənistan səmasında vurulan təyyarənin içərisində olan bir neçə qusarlı da şəhid olmuşdu. Bu şəhidlərin də məzarı Qusar rayonunun Şəhidlər Xiyabanındadır.
Qeyd: 1988-ci ilin dekabrın 7-də Ermənistanın Spitak, Leninakan şəhərlərində güclü zəlzələ baş verib. Həmin vaxt Azərbaycandan da o dövrdəki rəhbərliyin tapşırığı ilə xilasetmə işlərinə ehtiyatda olan hərbçilər göndərilib. Birinci xilasetmə komandası Vaqif Əhmədovun rəhbərliyi ilə dekabrın 8-də Leninakana göndərilib. Azərbaycandan Ermənistana dekabrın 11-də göndərilən ikinci xilasetmə komandası «İl-76» təyyarəsində Ermənistan səmasında naməlum səbəbdən partladılıb. Həmin terror aktı zamanı 78 nəfər şəxsi heyət həlak olub.
Çingiz Qurbanovun qəbrinin üstünə gəlirik. Biz qəbrin üstünə çatan zaman qəbrin baş tərəfində dua edən 3 gənc gördük.
Gənclərdən Mustafayev Elşənlə söhbət edirik. Elşən bildirdi ki, xəbəri eşitdik, dünən burada çox adam olacağını bildiyimiz üçün, bu gün gəldik ki, şəhidimizin qəbrini ziyarət edək.
Digər gənc Həmidov Kamran deyir ki, Çingizi tanımır, ancaq bu hadisə ona çox təsir edib: «Onlar elə bilir ki, şəhidimizin meyitini 39 gün saxlamaqla bizi sındıracaqlar, ancaq bu belə deyil. Müharibə olsun, görərlər!»
Şəhidimizin qəbrini ziyarət edərkən bir qrup şəxsin də gəldiyini görürük. Onlarla söhbət edən zaman məlum oldu ki, həmin şəxslər Siyəzən rayonundan gəliblər. Əliyev Kənanla söhbət edirik. Kənan deyir ki, kənd sakinləri ilə yığışıb gəldik ki, şəhidimizin qəbrini ziyarət edək: «Bütün xalqımız 39 gün ərzində Çingiz Qurbanovun valideynlərinin acısı ilə yatıb durdu. O gün olmurdu ki, kənddə, məhəllədə, ailədə şəhidimizin söhbəti getməsin. Çox şükür ki, şəhidimizi geri ala bildik və gətirib dəfn etdik. Hamımız səbirsizliklə Qarabağın işğaldan azad edilməsini gözləyirik. Biz hamımız gəncik, sabah müharibə başlasa canla-başla getməyə hazırıq. Çingiz kimi oğlanlarla fəxr edirik. Onlar Vətən üçün, bizim üçün şəhid olublar. Yaxınlarına səbr diləyirəm. Onun yeri cənnətdir. Vətən sağ olsun».
Əsədov Qoşqar Siyəzən rayon Məşriv kəndindən şəhidimizin qəbrini ziyarət etməyə gəldiyini deyir. Qoşqar şəhidin ailəsinə səbr diləyərək buraya gəlməkdə məqsədinin şəhid ailəsinin tək olmadığını göstərmək olduğunu bildirir.
Siyəzən sakinləri Şəhidlər Xiyabanındakı mollanı çağırıb «Quran» oxutdurur. Molla «Yasin» surəsini oxuyandan sonra Siyəzən sakinləri mollaya oxuduğunun qarşılığı olaraq pul təklif edir. Molla isə pulu geri qaytarır: «Şəhidimizə dua etmək üçün pul götürəcəm? Hərə bir formada şəhidimizin yanında olduğunu göstərir, mənim də əlimdən bu gəlir».
Şəhidlər Xiyabanından çıxıb Qusar rayon Həzrə kəndinə yola düşürük. Həzrə kəndi Böyük Qafqaz dağlarının qoynunda yerləşən qədim bir kənddir. Kəndə dolambac, qarlı dağ yolu ilə gedirik. Həzrə kəndinin aşağı hissəsindən Samur çayı keçir. Kənd Dağıstanla həmsərhəddir. Kəndin qədim olduğunu sübut edən amillərdən biri Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin qəbrinin burada olmasıdır. Şeyx Cüneyd türbəsi kəndin mərkəzində yerləşir.
Çingiz Qurbanovun doğulduğu evə gedirik. Çingiz Qurbanovun doğulduğu evin qarşısında böyük izdiham var. Azərbaycanın hər bölgəsindən şəhidimizin atası Salman kişiyə başsağlığı verməyə gəliblər.
Kənd sakinlərindən biri ilə Çingizin oxuduğu məktəbə gedirik. Məktəbin girişi Çingiz Qurbanovun şəkli ilə bəzədilib.
Çingiz Qurbanovun hərb və bədən tərbiyəsi müəllimi Rəfixanov Bəxtiyarla söhbət edirik.
Rəfixanov Bəxtiyar bildirir ki, 1991-ci ildən Həzrə kənd məktəbində hərb müəllimi işləyir. Bəxtiyar müəllim deyir ki, Çingizlə bağlı ancaq xoş sözlər, xatirələr yadında qalıb. O, səmimi, təvəzökar, şirin dilli və oxuyan bir şagird olub: «Daimi olaraq «Sərhəd» hərbi oyunları keçirilir. Çingiz həmin oyunların iştirakçısı olub. 2011-ci ildə Çingiz 10-cu sinifdə oxuyanda komandamız zona yarışlarının qalibi kimi finala vəsiqə aldı. Hər mərhələnin sonunda nəticələr müzakirə olunurdu, səhvlər araşdırılırdı. Çingiz həmişə istəyirdi ki, komandamız qaliblər siyahısında olsun, ancaq alınmadı. İndi başa düşürəm ki, Çingiz oyunlarda qaliblər siyahısında ola bilməsə də, savaşda adını qaliblər siyahısına yazdıra bildi».
Çingizin hərbi müəllimi məktəbə onun adının verilməsini də istəyir:
«Çingizin şəhid olması və ermənilərin əclaflığı hamımızı şoka salmışdı. Məncə məktəbimizə Çingiz Qurbanovun adı verilməlidir. Bu gənclərimiz üçün bir örnək olardı».
Məktəbdən çıxıb Salman kişinin evinə gedirik.
İlk şəhid və ilk Milli Qəhrəman!
Həzrə kəndindən Qarabağ müharibəsində iştirak edənlər, yaralananlar olub, ancaq kəndin ilk şəhidi Çingiz Qurbanov oldu. Çingiz Qurbanov ilk şəhidliklə yanaşı, həm də Həzrənin ilk Milli Qəhrəmanı oldu.
Salman kişinin telefonları susmur, tanıyan, tanımayan, nömrəni öyrənən hər kəs zəng edib başsağlığı verir.
Biz Bakıdan Həzrə kəndinə yola düşəndə şəhid qəbrini ziyarət etməyə gedirdik. Artıq Çingiz kişinin evini tərk edəndə Milli Qəhrəman evini tərk etmiş olduq. Salman kişiyə Abuzər Əbilov bu xəbəri deyəndə hönkürərək ağlamağa başladı. Salman kişinin ağlamağı Abuzər Əbilova elə təsir etmişdi ki, Həzrədən Bakıya gələnə qədər Abuzər Əbilov uzun müddət göz yaşlarına hakim ola bilmədi.
Bu Milli Qəhrəmanlıq ermənilərə tərs şillə idi. Ölkəmizdə milli münaqişənin yaranması üçün əlindən gələni edən düşmənlərimiz bu qərarla, istədiklərinin alınmayacağını anladılar!
Aramıza uzun müddətlik susqunluq çökdü.
Bir yandan şəhidimizin geri qaytarılması, bir yandan şəhidimizə Milli Qəhrəman adının verilməsi bizə bir rahatlıq gətirmişdi.
İndi növbə Qarabağın geri alınmasıdır…
Səxavət Məmməd
Fotolar müəllifə məxsusdur
Ölkə.Az

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics