26.10.2015

Hadı Rəcəbli, "erməni gəncləri" və "xalturşik" müəllim

"Özünsən", “Mənə dediklərindən beş qat artığı özünsən"
Narahat olmayın, kimisə söymürük, sadəcə deputatların ötən 5 ildə nələrlə yadda qalmasını araşdırıb, sizə təqdim edirik.
Yuxarıda qeyd olunan ""Özünsən", "nə demisən özünə getsin", "bizə deyənin özüdü" kimi ifadələr əslinə qalsa bir deputatın sözləridir. Söhbət birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan və beşinci çağırışa namizədliyini irəli sürən Hadı Rəcəblidən gedir.
Hadı Rəcəbli 2010-cu il noyabrın 7-də 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilib və Milli Məclisin Sosial siyasət komitəsinin sədridir.
"Özünsən"
Millət vəkilləri Hadi Rəcəbli, Ziyad Səmədzadə, Mübariz Qurbanlının və Şahin İsmayılovun qatıldığı İbrahim Məmmədovun apardığı "Günün Nəbzi" verilişində efirdə gənclər təhqir olunur. Deputatlardan biri gənclərə "...verəndilər" deyir. Bununla da ölkənin və sosial medianın gündəmi bir anda dəyişir. Böyük əksəriyyət təhqiramiz ifadəni Mübariz Qurbanlının dediyini iddia edir. Ancaq bir müddət sonra İbrahim Məmmədov Mübariz Qurbanlını verilişə dəvət edərkən, Mübariz Qurbanlı İbrahim Məmmədova üzünü tutub, "mikrofonları bağla, Hadı müəllim söyüş söyəndir" deyəndən sonra hər kəsə məlum olur ki, əslində gəncləri təhqir edən elə Hadı Rəcəbli imiş.
Hadı Rəcəbli əvvəlcə bunu boynundan atsa da, sonradan erməni gənclərini nəzərdə tutduğunu bildirir.
Bu hadisədən dərhal sonra gənclər sosial şəbəkədə Hadı Rəcəbliyə 3 günlük möhlət verir. Möhlətdə deyilir, "əgər Hadı Rəcəbli gənclərdən üzr istəməsə, onun telefon nömrəsi sosial şəbəkələrdə yayılacaq və hər kəs "Özünsən!" yazıb deputatın telefonuna SMS göndərəcək.
Hadı Rəcəbli gənclərin verdiyi 3 günlük möhlətə baxmayaraq, işlətdiyi ifadəyə görə, üzr istəməkdən boyun qaçırır. Boyun qaçırsa da boynunun arxasını qaçıra bilmir, gənclər sosial şəbəkədə, ürəklərindən keçəni, dişlərinin dibindən gələni deputat haqqında yazırlar.
"Mənə dediklərindən beş qat artığı özünsən"
"Mənə dediklərindən beş qat artığı özünsən" bu cümlənin gənclərin aksiyasına heç bir aidiyyatı yoxdur. 16.12.2008-ci il tarixdə Milli Məclisin iclasında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi zamanı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu qanun layihəsinin mentalitetimizə zidd olduğunu, “Mən burada kimlərin rolunun olduğunu bilirəm” deyib. Bu zaman Qanun layihəsini Milli Məclisə təqdim edən Hadı Rəcəbli ayağa qalxaraq, Fəzail Ağamalıya doğru gedib və onu tərbiyəli olmağa çağırıb: “Sən bir neçə dəfə belə etmisən. Hardan bilirsən ki, bu qanun məndən gəlib? Özünü yığışdır”.
Fəzail Ağamalı isə “Mənə dediklərindən beş qat artığı özünsən. Mən səni nəzərdə tutmurdum” deyə cavab verir. İki qocaman deputatı spiker ayırmalı olur...
Müəllimlərə "xaltura" məsləhəti
Hadı Rəcəbli danışdıqca batan və gündəmə bomba kimi düşən deputatlardan biridir. O, müsahibələrinin birində "MÜƏLLİM MAAŞLA DOLANA BİLMİRSƏ, İŞDƏN SONRA DAŞ DA HÖRSÜN" deyərək yenidən gündəmə gəlir. Hadı Rəcəblinin bu fikri uzun müddət cəmiyyətdə və sosial şəbəkədə müzakirə mövzusu oldu. Onun bu "məsləhətinə" verilən cavabları isə hər kəs sosial şəbəkədən oxudu.
Hadı Rəcəblinin biznesi
Azərbaycanda 20 il deputat olasan və biznesin olmaya. Adamı topa qoyub atarlar. Heç kəsə sirr deyil ki, deputatı olduğu Lənkəranda yerləşən “Palıdlı sahil” istirahət mərkəzi Hadı Rəcəbliyə məxsusdur. İstirahət mərkəzinə otel, restoran, sanatoriya da daxildir. Bundan əlavə Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və bir çox ticarət obyektləri də Hadı Rəcəbliyə məxsusdur. Hadı Rəcəblinin Lənkərandan əlavə Bakıda da böyük biznesi var. Bakıdakı "DNS Computers" şirkəti də ona məxsusdur. "DNS Computers"in Bakıdan əlavə Sumqayıt şəhərində də filialları var. Hazırda ölkənin kompyuter satış bazarında ən böyük firmalardan biridir.
Milli Məclisdəki fəaliyyətinə gəldikdə isə Sosial Siyasət komissiyasının sədri olan Hadı Rəcəbli, 20 illik deputatlığı müddətində bir tutarlı söz deməsə də, parlamentin fəal deputatlarından biri kimi heç olmasa danışıb, mübahisə və müzakirə yaradıb, gündəmi işinə dəxli olmasa da, nə iləsə məşğul edib. Bu baxımdan Hadı Rəcəbli Milli Məclisin lal-kar deputatlarından fərqlənir.
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics