5.01.2020

Zakir Həsənov və Nəcməddin Sadıkova qarşı ÇARPICI İTTİHAMLAR: Polkovniklər generalları yerdən-yerə vurdular

Son zamanlar Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı rüşvət, korrupsiya, zabitlərə evlər veriərkən qohumbazqlıq, qaydaların pozulması və digər ittihamların yer aldığı artmaqdadır. Polkovniklər Qəhrəman Mənsimzdə və Rövşən Məhərrəmov sosial şəbəkələrdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Sİlahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun əleyhinə konkret ittiham səsləndiriblər.

Adları çəkilən polkovniklərin Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı ittihamların ciddiliyini nəzərə alaraq, həmin iddialarla bağlı geniş araşdırma apardıq. Polkovniklərin iddiasında bildirilirdi ki, Həsənov və Sadıkov Hərbi Dəniz Qüvvələrinin (HDQ) ləğv edilmiş anbarının ərazisində geniş ərazini əhatə edən “qəbir yerləri” götürüblər və oranı sözün əsl mənasında “qala”ya çeviriblər.
Məlum oldu ki, HDQ-nin balansında olan anbar bazası həqiqətən də, ləğv edilib. Yerində isə Şəhidlər Xiyabanı salınıb. Hazırda orada xidmət zamanı həlak olacaq hərbçilərin dəfn edilməsi üçün yerlər hazırlanır. Ərazidə olan zaman görülən işləri gözümüzlə gördük və maraqlanan hər kəs oradan keçərkən, bunu görə bilər. Həmin ərazinin bitişik hissəsində 40 sota yaxın ərazi zəbt edilib. Həmin ərazinin də müdafiə naziri və Baş Qərargahın rəisi tərəfindən ələ keçirildiyi bildirilir.  

Ərazi isə doğrudan da, qalanı xatırladır. Qəbir yerləri üçün nəzərdə tutulan ərazi hündürlüyü təqribən 4 metrə çatan hasarla əhatələnib. İçəridə isə mühafizə üçün növbətçi-istirahət otağı da tikilib. Biz ərazidə olarkən, bir nəfər mühafizəçinin həmin otaqda olduğunu müşahidə etdik. İçəridə olan iki qəbirdən birinin Sadıkovun yaxın qohumuna aid olduğu bildirilir.

“Qurd Qapısı” deyilən ərazidəki qəbristanlıqda olan mollalardan bu hasarlanmış ərazinin kimə məxsus olduğunu öyrənməyə çalışdıq. Mollalar həmin ərazinin hərbçilərə məxsus olduğunu desələr də, konkret ad çəkməkdən yayınıblar.


Haqqında danışılan ərazi ilə bağlı yuxarıda qeyd olunan ittihamların müəlliflərindən biri, ehtiyatda olan polkovnik Qəhraman Mənsimzdə ilə əlaqə saxladıq və bu barədə onun mövqeyini öyrəndik. Polkovnik bildirdi ki, müharibə şəraitində olan ölkə üçün bu hal böyük ayıb sayılmalıdır:

"Bizim Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri Qarabağı işğaldan azad etmək əvəzinə gəlib, Bakının mərkəzində qəbir yerlərini zəbt edirlər. Təsəvvür edin ki, onlar şəhidlərə məxsus əraziyə də göz dikiblər. Onlar xalqdan o qədər qorxurlar ki, özlərinin yaxınlarının qəbirlərini də mühafizəsiz saxlaya bilmirlər. O ərazi şəhidlərə məxsusdur, ora göz tikən adamların mənəviyyatında problem var”.

Müşahidə apardığımız ərazini tərk edərək, Bakının “Şüşəli bazar” deyilən səmtinə yollandıq. Bilməyənlər üçün xatırladım ki, “Şüşəli bazar”ın arxasındakı ərazidə əvvələr Rabitə xidməti üzrə hərbi hissə olub. Hazırda isə orada MN-nin Mənzil-İstismar İdarəsi yerləşir. Ərazidə əvvələr 3 mərtəbəli kazarma yerləşib. Hərbi hissə ləğv edildikdən sonra hərbi hissəyə məxsus əsgər kazraması “qəzalı” elan edilib və özəlləşdirilib. Həmin bina dövlət hesabına tam təmir olunub, 30 mənzil isə Zakir Həsənov və Nəcməddin Sadıkovun qohumlarına, yaxın adamlarına hədiyyə edilib.

Müdafiə Nazirliyinin rəhbərliyinə və onlara yaxın şəxslərə məxsus olduğu iddia olunan əmlakın sıyahısına diqqət edin:

1. Zakir Həsənovun “Şüşəli bazar”ın arxasındakı binada 6 otaqli mənzili, “Şüşəli bazar”ın arxasında 150 sot ərazidə içində qiyməti milyonlarla ölcülən villası, Badamdarda 200 sot ərazidə içində qiyməti milyonlarla ölcülən iki villa;

2. Zakir Həsənovun bacanağı, orduda cəmi 17 il xidmət etmiş polkovnik Elxan İbrahimov – “Şüşəli bazar”ın arxasındakı binada 4 otaqlı mənzil, Badamdarda 12 sot ərazidə qiyməti milyonlarla ölcülən villası;

3. Zakir Həsənovun bacanağının qardaşı, orduda cəmi 13 il xidmət keçmiş polkovnik Fuad İbrahimov, “Şüşəli bazar”ın arxasındakı binada 5 otaqlı mənzil;

4. Zakir Həsənovun şəxsi katibliyinin rəisi, öz yaxin qohumu, MN-də cəmi 5 ildir, xidmət edən polkovnik Şadiyyə Həsənova – “Şüşəli bazar”ın arxasındakı binada 4 otaqlı mənzil;  

5. General (kecmiş gizir) Qədir Nəsibov - Gəncədə mənzili, “Şüşəli bazar”ın  arxasındakı binada 4 otaqlı mənzil, Badamdarda 12 sot ərazidə qiyməti milyonlarla olan villa, “beşinci ploşadka” deyilən yerdə 4 otaqlı xidməti evi.

6. Dövlət Sərhəd Xidməti (DSX) və Daxili Qoşunlarda (DQ) fəaliyyəti zamanı yol verdiyi nöqsanlara görə xidnmətdən qovulan, daha sonra ehtiyatdan xidmətə çağırılan general Füzuli Salahov – “Şüşəli bazar”ın arxasındakı binada 4 otaqlı mənzil;

7. General-polkovnik Nəcməddin Sadıkov – “Şüşəli bazar”ın arxasındakı binada 6 otaqlı mənzil, 150 sot ərazidə qiyməti milyonlarla ölcülən villa, Badamdarda villa, “Salyan kazarması” yaxınlığında villa;  

8. MN-nin Mənzil-İstismar İdarəsinin rəisi, polkovnik Fikrət Mirzəyev – “Şüşəli bazar”ın arxasındakı 4 otaq mənzil, Badamdarda torpaq sahəsi;

9. Polkovnik-leytenant Tural Həmidov – “Şüşəli bazar”ın arxasındakı binada 3 otaqlı mənzil;

10. General Zahid Hüseynov - Badamdarda 12 sot torpaq sahəsində iki villa;

11. General Fuad Məmmədov – Badamdardakı hərbi şəhərcikdə 20 sot torpaq sahəsi;

12 Zakir Həsənovun sürücüsü Tofiq - Badamdarda 12 sot torpaq sahəsi.

Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilimsəinə yönəlik tədbirlər barəsində ölkə prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb. 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanın tələblərinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları evlə təmin edilsin. Ancaq həmin ərazidə verilmiş evlərin sahiblərinin heç biri bu kriteriyaya uyğun gəlmir.

Yəni göründüyü kimi, Prezidentin Fərmanı kobud şəkildə pozulub. Yəni “Şüşəli bazar”ın arxa hissəsində əvvələr hərbi hissə yerləşirdi. O ərazi təxminən 3 hektar sahəni əhatə edir. Həmin ərazinin yarısında Zakir Həsənov və Nəcməddin Sadıkovun villa tikdirdikləri deyilir. Nəzərə alaq ki, sözügedən ərazidə torpağın 1 sotu bazar qiyməti ilə təqribən 400-500 min manat dəyərindədir. 3 hektar ərazinin ümumi dəyərinin hansı məbləğlə ifadə olunduğunu müəyyənləşdirmək isə o qədər də çətin deyil.

O ərazidəki villaların qiyməti milyonlarla manat dəyərindədir. Bu barədə Qəhraman Mənsimzdənin fikirləri ilə tanış olun:  

"2014-cü ildə Zakir Həsənov zabitlərlə görüşdə dedi ki, yaxın gələcəkdə zabitlərin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə şəhərin mərkəzində olan hərbi hisələri köçürüb, onun yerində zabitlər üçün yaşayış kompleksi tikiləcək. Bununla da zabitlərin mənzil-məişət problemini əsasən, həll etmiş olacağıq. Nazir dediyinə qismən əməl edib.

Belə ki, hərbi hissəni şəhərin mərkəzindən çıxarıb, ancaq həmin ərazidə zabitlər üçün yaşayış kompleksi tikmək əvəzinə, özünə villa ucaldıb. Şəxsən mən 27 il Azərbaycan Ordusunda qüsursuz xidmət etmişəm. Ümumilikdə xidmət müddətim 31 ildir. Mənə ev verilməli olduğu halda, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsində mənə məxsus olan ev əlimdən alınıraq, məndən sonra xidmətə gələn zabitə verilib.

Yaxın günlərdə mənə Maliyyə Nazirlyindən məktub gəldi ki, mənə Hövsan qəsəbəsində 4 otaqlı, ümumi sahəsi 80 kvadrat metr olan mənzil vermək istəyirlər. Maraqlıdır ki, bu, dövlət tərəfindən tikilmiş sosial evlərdəki bir mənzildir.  Zabitə sosial evlərdən mənzil vermək hansı məntiqə sığır, bunu anlamıram”.

O da iddia olunur ki, Badamdartda yeləşən artilleriya hərbi hissəsi ləğv edildikdən sonra  Zakir Həsənov 2 hektar sahəsi olan həmin ərazidə özünə iki villa tikdirib.  

Bundan başqa, o ərazidə Zakir Həsənovun bacanağı Elxan İbrahimov və general Qədir Nəsibova məxsus villalarının yerləşdiyi də iddialar arasındadır. Həmin ərazini mühafizə etmək üçün MN-dən bir neçə maşın da ayrılıb və o “kavrtal” dövlət hesabına ora mühafizə edilir. Bu məqsədlə ayrılmış maşınlardan biri A140MN nömrəli “Niva” avtomobilidır.

Həmin ərazinin və oradakı villaların da qiyməti milyonlarla manat dəyərindədir. Görədil və Mərdəkan sanatoriyaları ehtiyatda olan və xidmət keçən zabitlərin istirahəti üçün nəzərdə tutulsa, o məkanların Elxan İbrahimovun şəxsi nəzarətində olduğu bildirlir. O, həmin sanatoriyalara özünə yaxın və tanış adamların gedib istirahət etmələrinə şərait yaradır. Ümumiyyətlə, hazırda bir çox zabitlər demək olar, həmin istirahət məkanlarının varlığından xəbərsizdirlər.

Bu məsələyə isə ehtiyatda olan polkovnik Qəhraman Mənsimzdə belə münasibət bildirib:

"Səfər Əbiyevin vaxtında hərbi qulluqçular göndrəiş götürərək, ailələri ilə orada istirahət edə bilirdilər. Ancaq indi isə Zakir Həsənovun bacanağı Elxan İbrahimov oraya ancaq özünə yaxın adamları buraxır".

MN-nin rəhbərliyinə qarşı ittihamlar qeyd olunanlarla bitmir. Bir neçə ay öncə polkovnik Elxan Məcidov MOİK-ə rəhbər gətirilib. Hər zaman “pullu yer” sayılan MOİK-in “qiymət”i daha da bahalaşıb. Əvvələr oranın “qiymət”i 15-20 min manat olsa da, indi 30-35 min manatdan başladığı deyilir.

Bu qiymətə saxta idman dərəcələri daxildir. Məsələ ondadır ki, 30-35 min manatdan əlavə orada xidmət edən şəxslər guya idman zallarına getmək adı ilə aylıq 2 min manat pul ödəyirlər. Hazırda MOİK-də 60-a yaxın əsgər xidmət edir. Onlardan təxminən 50 nəfərinin hərbi xidməti evlərində keçirdiyi deyilir.
Bu barədə məlumatı isə adının çəkilməsini istəməyən əsgərlərdən birinin valideyini verib.

Müdafiə Nazirliyinin hərbi nəşriyyatın yanında yerləşən kooperativi hərbçilər üçün 2 bina inşa edib. Həmin binadakı evlər hərbçilərə ipoteka formasında satılır. Həmin hərbi kooperativin qeyri-rəsmi rəhbəri isə Nəcməddin Sadıkova yaxınlığı ilə tanınan Elxan Məcidovdur.

Əldə etdiyimiz məlumata görə, həmin kooperativdən ev alan zabitlər ilkin ödənişdən əlavə, MN-nin Hüquq idarəsinə hər ay 700 manat da köçürürlər. İddiaya görə, həmin binadan hər zabit ev ala bilməz. Çünki MN rəhbərliyinin göstərişi ilə o binada yalnız özlərinə yaxın zabitlərə ev verilir. Maraqlıdır ki, həmin ərazidə evlərin 1 kvadrat metrinin qiyməti 2 min manat olduğu halda, niyə 700 manatdan hesablanır, bilinmir.

Elxan Məcidovun həmin koopertivdəki binalardan birinin bir mərtəbəsini özünə götürdüyü də iddia olunur. Elxan İbrahimovun isə oradan minimum 3 mənzil aldığı deyilir.

Müdafiə naziri Zakir Həsənovun əmrinə baxmayaraq, bəzi zabitlər hələ də AK əməliyyat nömrəli avtomobillərdən istifadə etməkdədirlər. Qeyd edək ki, AK nömrəli maşınların özəlliklərindən biri də radarlara düşməməsidir. Maraqlıdır ki, mənbəmizin məlumatına görə, Qədir Nəsibov, Elxan Məcidov, Elxan İbrahimov hələ də AK nömrəli maşınlarda gəzirlər.

MN-nin maşınlarına təmir və texniki qulluğunun göstərilməsi üçün 20 yanvar metrostansiyası yaxınlığındakı “Çevralet Center”lə müqavilə imzalandığı barədə məlumatlar var. İddiaya görə, bu “işbirliyi”nə Qədir Nəsibovun oğlu rəhbərlik edir.
Orada maşınlara təmir və texniki baxış şişirdilmiş qiymətlərlə göstərilir. Qeyd edək ki, əvvələr maşınların təmiri və cari qulluq MN-də həyata keçirilirdi.

Nə qədər təəccüblü olsa da, özlərini “hərbi ekspert” adlandıran bəzi şəxslər Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı konkret ittihamlarla çıxış edən keçmiş zabitlərə qarşı əməlli-başlı savaş açaraq, onların ailələrini təhqir etməkdən də çəkinmirlər. Öz növbəmizdə onu deyə bilərik ki, irəli sürülən ittihamlar həmin “hərbi ekspert”lərə yox, Müdafiə Nazirliyinin rəhbər şəxslərinə yönəlib və iddialara da sonuncuların özləri cavab verməli, son dərəcə ciddi ittihamlara münasibət bildirməlidirlər.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics