26.02.2018

“Erməni uşağın bədəninin bir parçası ilə anasının başına o qədər vurdu ki, zavallı qadın dəli olub gülməyə başladı” – Zorlanan, dağlanan, silinən… XOCALI

1988-ci il fevralın 12-də ermənilər Əsgəran rayonunda ilk açıq millətçi çıxışlar edəndə, bir gün sonra keçmiş Azərbaycan KP MK-nın II katibi Konovalov erməni fəallarının iclasından biabırcasına qovulanda, artıq faciənin çertyojunun ilk cizgiləri çəkilirdi. Daha bir gün sonra – fevralın 14-də respublika DİN-in qüvvələri Əsgəran-Stepanakert bölgəsinə yeridildi və heç bir tədbir görmədən geri qaytarıldı. Onları SSRİ Silahlı Qüvvələrinin qoşunları əvəz etdi.

Xocalı haqqında ümumi məlumat:


Xocalı şəhəri 4 yaşayış məntəqəsinin – Xocalı, Qaladərəsi, Dərələyəz, Həsənabad kəndlərinin birləşməsindən yaranıb. 1988-ci il hadisələrinə qədər Xocalının 1000 nəfərə qədər sakini vardı. Xocalı şəhərinin ümumi sahəsi 160,2 hektar idi. Şəhər Xankəndindən 14 kilometr aralıda – şimal-qərb tərəfdə yerləşirdi. 1992-ci ilin noyabr ayına kimi, yəni Xocalı ermənilərin tam mühasirəsinə düşənə qədər şəhərdə 5800-5900 nəfər adam yaşayıb. Bu şəhərdə Özbəkistandan qovulmuş 54 məhsəti türkü, Ermənistandan yaşayış yerlərini məcburi tərk etmiş 80, Qarabağın müxtəlif yerlərindən qovulmuş 210 və respublikanın digər yerlərindən köçmüş 50 ailə də məskunlaşmışdı.
Yenicag.az Xocalı faciəsi ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevlə müsahibəni sizə təqdim edir:

– Xocalıda yaşanan faciənin əsas səbəblərindən biri öncə quru, daha sonra isə ümumiyyətlə, bütün əlaqənin kəsilməsi oldu.

– 1991-ci ilin noyabrında keçmiş SSRİ DİN qoşunları Dağlıq Qarabağdan çıxarıldıqdan sonra Xocalıya quru yolla gediş-gəliş tam kəsildi. Əlaqə ancaq “AZALAERO”-nun vertolyotları vasitəsilə həyata keçirilirdi. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan vertolyot ermənilər tərəfindən vurulduqdan sonra Xocalı şəhəri ilə bu əlaqə də kəsildi.

Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilməsinin qarşısı alındı. Şəhəri yalnız adi atıcı silahları olan yerli özünümüdafiə dəstələri və polislər qoruyurdular. Əlbəttə, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Fevralın ikinci yarısından başlayaraq, Xocalı Ermənistan silahlı birləşmələri tərəfindən tam mühasirə olundu. Dinc sakinlərin dəstələr halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınırdı. Bu faktı amerikan jurnalisti Tomas Qols təsdiqləyərək yazırdı: “Xocalıda telefonlar işləmirdi. Orada heç nə işləmirdi. Elektrik enerjisi yox idi, lampalara tökməyə kerosin belə tapılmırdı. Su gəlmirdi. Xocalını Bakı ilə birləşdirən yalnız hər səfərində təhlükə ilə üzləşən vertolyot idi. Xocalının ətraf aləmdən təcrid olunması gecə düşdükcə daha çox hiss olunurdu. Səhər isə hərəkətsiz, bir yerdə dayanmış insanları gördüm. Ətrafda vaxt keçirtmək üçün nə çayxana, nə də restoran var idi”.

Araşdırmalarımız zamanı məlum olur ki, “Asala” terror təşkilatına məxsus hərbi düşərgədə təlim görmüş 26 nəfərlik mütəşəkkil qrup artıq yanvar ayından Xankəndində idilər və 366 -ci polkun komandiri Yuri Zarviqarovun razılığı ilə Xocalı üzərinə hazırlanan hücum planında iştirak etmək üçün hazır idilər.

– Əməliyyatda hansı qüvvələr iştirak edib?

– Əməliyyatda 366-ci polkun artilleriya diviziyası, zenit artilleriyası, tank rotası, 23 ədəd PDM-i, ruslardan ibarət 463-cü əlahiddə kimyəvi mühafizə hissəsi, 909 saylı əlahiddə kəşfiyyat batalyonu iştirak edib. 1992 -ci il 23 yanvarında 366-cı polkun 194 nəfər ləzgi, tatar, qazax , özbək və ürək qızdırmadıqları digər müsəlman əsgərlərini tərxis ediblər. Tərxis olunan hərbçilərin yerini isə Fransa, ABŞ, Liviya və sair kimi ölkələrdə fəaliyyət gostərmiş terrorçularla doldurublar.

Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taborun qərargah rəisi Valeri Çitçyan rəhbərlik ediblər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilib. Dinc əhaliyə qarşı soyqırım cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak ediblər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və başqa şəxslərin də olduğu istintaqla müəyyən edilib. Bu gün cinayətkarlardan 39 nəfərin adı Azərbaycanın istintaq orqanlarına məlumdur.

Bunlardan əlavə ermənilərin məhşur “Arabo” batalyonu da Xocalıda dinc əhalinin qırılmasında xüsusi canfəşanlıq göstəriblər.

Xocalıya hücum zamanı “Strela-10” raket qurğusundan istifadə edilib. Bu raketin tərkibində olan kimyəvi maddələr düşdüyü yerdə uzun zaman zəhərlənmə yaratdığı üçün bu silahın döyüş zamanı tətbiq olunmaması ilə bağlı 1973, 1982, 1984, 1985-ci illərdə imzalanan konvensiyalara baxmayaraq, ondan Xocalıda istifadə olundu və Ermənistan hələ də buna görə beynəlxalq təşkilatlar tərəfindən ciddi xəbərdarlıq edilməyib.

Erməni silahlı qüvvələri Xocalı şəhərinə quldurcasına gecə saat 22:00 radələrində basqın ediblər. Əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutublar. Sonra isə çoxsaylı ağır texnikalar – tanklar, PDM və zirehli transportyorlar vasitəsilə Xocalıya daxil olublar. Evlərində yatmış dinc əhalini vahiməyə salaraq, vəhşicəsinə məhv etməyə başlayıblar. Bu zaman qadın, uşaq və ya qocaya aman vermədən qarşılarına çıxanı atəş yağışına tutaraq, tank, PDM və digər texnika altına salaraq əzib, məhv ediblər. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılıb. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olub. Tezliklə aydın olur ki, bu məkrli hiylədir. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilib və onlar gülləbaran ediliblər.

Mühasirədən çıxmağı bacaran dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetiriblər. Şəhər blokadaya düşənə qədər orada təqribən 7 minə yaxın sakinin olduğu deyilirdi. İşğal ərəfəsində isə bu rəqəmin təqribən 2500-ə endiyi güman edilir. Xocalı şəhərində yerli əhali ilə yanaşı Ermənistandan qaçqın düşən azərbaycanlıların və Özbəkistandan qovulan Axıska türklərinin bir hissəsi də məskunlaşdığından ölənlərin sayının daha çox olması faktını təsdiqləmək olar.

– Faciənin səhərisi 366-cı alay Dağlıq Qarabağdan çıxarıldı. Bunun səbəbi nə idi?

– Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb, Gürcüstana aparıldı, bu zaman hərbi texnikanın böyük hissəsi, yəni 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 “Strela-10” raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verildi və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edildi.

1992-ci ilin 14 mart tarixində “Известия” qəzetində “Поиск крови и слез” adında məqalədə hadisənin iştirakçısı olan rus zabiti yazır: “1991-ci ilin oktyabrından etibarən gecələr alaydan döyüş növbəsinə getməyə başladılar. Amma yalnız zabitlər və köhnə qulluqçular, əsasən də, mexaniklər, sürücülər, bəzən də atıcılar BMP-lərdə, tanklarda özləri ilə top da götürürdülər. Səhərlər içkili vəziyyətdə və bütün hərbi sursat istifadə olunmuş şəkildə qayıdırdılar. Əsgərlər söyləyirdilər ki, onlar əvvəlcə “erməni boyevikləri” ilə birlikdə içirdilər, sonra da onların göstərişi ilə Azərbaycan kəndlərinə atəş açırdılar”.

Xocalıda insanlığa qarşı baş verən cinayət barədə “Azərinform”un “Xocalı od içində” R-14 qrifli məlumatı Azərbaycan dövlət televeziyasına göndərilərək, “SOS” siqnalı verilməsi tələb olunsa da, teleşirkətin rəhbərliyi tərəfindən buna icazə verilməyib.

Xocalı haqqında ermənilərin etirafları:

Xocalıda baş verən qanlı hadisənin soyqırım olduğunu digər ermənilər də etiraf edirlər. Onlardan biri, Xocalı soyqırımı ilə əlaqədar ən mənfur, ən mənhus dırnaqarası yazılar, əsərlər yazmış müəllif Nazaryandır. Onun “Xocalı işi” adlı xüsusi qovluğu internetdə var. Hətta orada da yazılır: “Əlbəttə, heç şübhə yoxdur ki, Xocalı hadisələri genosidi xatırladır, genosidə bənzəyir”. Yəni Xocalı məsələsində Azərbaycan xalqına qarşı ən böhtançı, uydurma, qeyri-elmi mövqedən çıxış edən erməninin belə bir etirafı olduqca ciddi məsələdir.

Kanada ermənisi, hüquqşünas Vaskel Sitaryan İspaniyada nəşr edilən “Levante” qəzeti (1992-ci il 26 mart) yazır: “Biz ermənilər 26 fevral Xocalıda baş verən hadisələrlə bağlı özümüz-özümüzü dünyada rüsvay etdik. Bizim üçün ağır olan beynəlxalq məhkəmələr qurulacaq. Kimdir erməni millətini məhkəmə qapılarına sürükləyən?”.

Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri Karen Ohancanyan müsahibəsində deyir: “Mən Ermənistanda yeganə adamam ki, Xocalıda yaşayan Azərbaycan millətindən olan dinc vətəndaşlara qarşı zorakılığa görə şəxsən öz adımdan üzr istəmişəm.

Azərbaycan Respublikasında Xocalı faciəsi ilə bağlı başlanan istintaq iş üzrə 3000 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib. 800-dən artıq ekspertiza keçirilib. Nəticədə, 39 nəfərin (onlardan 18-i keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının hərbi qulluqçuları, 8-i Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşlarıdır) Xocalı qətliamında iştirakı tam sübuta yetirilib. Onlar axtarışdadırlar.

Xocalı faciəsinin xüsusi amansızılıqda həyata keçirilməsini beynəlxalq media da təsdiq edir. Rusiyanın “Moskovski komsomolets” qəzeti 29 yanvar 1994-cü ildə gedən bir yazını diqqətə çatdırım: “Xocalıdan əsir gətirilənləri gördük. Lakin onlar daha yaşamağa yaramırlar. Qışın şaxtasında onları sübh tezdən ayaqyalın halda qarın-buzun üzərinə çıxarırlar. Üstlərinə soyuq su tökür, başlarında şüşə sındırırlar… Bir erməninin azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə və başına o qədər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı”.

İngiltərənin “Frant line news” telekompaniyasının əməkdaşı Rori Patriks efirdə deyir: “Naxçıvanik kəndi (Xocalı ətrafında) yaxınlığında mən onlarla eybəcər hala salınmış meyitlər gördüm. Bunlar Xocalı şəhərinin dinc əhalisi, yaxın məsafədən güllələnmiş uşaqlar, qadınlar, qocalar idi”.

– Biz bu faciənin bütün dünyada tanınması üçün nə etməliyik?

– Biz dünyanın diqqətini məsələnin törədilmə xarakterinə, metodikasına yönəltməliyik ki, mədəni dünyada XX əsrin sonunda insanlığa qarşı belə bir vandalizm aktı törədilib. Xocalı hadisəsi eyni ilə Xatında, Lidiçedə baş verənlərin təkrarıdır. Xatına, Lidiçeyə münasibətlər necədirsə, uyğun addımlar atmalıyıq. Xatın, Lidiçe beynəlxalq hüququn subyekti oldu və bütün ölkələrin qanunverici orqanlarına, siyasi həyatlarına, dərsliklərinə daxil oldu, biz də çalışmalıyıq ki, Xocalı faciəsini dünyaya tanıdaq. Əgər bu gün Xatında muzey varsa, niyə dövlət dəstəyi ilə Xocalı muzeyi yaradılmasın? Xocalıda baş verən hadisələr uzaq keçmiş deyil. Nə 1915-ci, nə də 1943–1944-cü illərin deyil, bu günümüzün hadisəsidir. Dünyada elə bir soyqırımı yoxdur ki, Xocalı qədər lentlərdə, fotolarda təsbit edilmiş olsun.

Xocalıda baş verən cinayət soyqırım cinayəti idi. Çünki məqsəd konkret ərazidə yaşayan və konkret milli mənsubiyyətə məxsus olan əhali qrupunu məhv etmək olub. Əməliyyatı hazırlayanlar, onun həyata keçirilməsinə göstəriş verənlər və onu icra edənlər öz məqsədlərinə çatıb və əhalinin əhəmiyyətli hissəsini yaş, cins tərkibinə gözqırpmadan məhv edibər.

Bu, İnsanlıq Əleyhinə cinayət idi. Çünki əməliyyatı həyata keçirən tərəf şəhər üzərində nəzarəti təmin edərək, dinc əhaliyə qarşı amansız divan tutub, bütün yaş qrupuna daxil olan insanları qətlə yetirib, işgəncə verib, əsir götürüb, uzunmuddət psixoloji və fiziki təzyiqlər altında saxlayıb, cinsi zorlama, zorla hamilə etmə, orqanların çıxarılması kimi qəddar və hərbi əməliyyatlara aidiyyatı olmayan və mülki əhaliyə yönələn vəhşiliklər törədiblər.

Xocalıda baş verənlər hərbi cinayət idi.
Çünki baş verən qətllər, digər zorakı hərəkətlər, şəhərin tamamilə yerlə-yeksan edilməsi hərbi məqsədlərə çatmaq üçün zəruri olan hədlərdən çox kənara çıxırdı. Həyata keçirilən əməliyyatın məqsədi təkcə bir inzibati ərazi vahidinin işğal olunması deyildi, həm də bu şəhərin sakinlərinin və özünün məhvi idi.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics