3.12.2022

İrana ən effektiv zərbə azərbaycanlı kartıdır - Səxavət Məmməd yazır

İranla Azərbaycan dönüşü olmayan bir yola girib.

Bundan əvvəl İran dolayısı ilə Azərbaycana qarşı addımlar atır, Azərbaycan tərəfi isə İrana cavab olduğunu elan etmədən qarşılıq verirdi. Dəfələrlə olub ki, İran tərəfi təxribat xarakterli bəyanatlar verib, mətbuatı vasitəsi ilə Azərbaycan əleyhinə təbliğatlar aparıb. Azərbaycan isə daxildə İrana işləyən qrupları aşkar edirdi. Hər iki tərəf də, hər iki tərəfin cəmiyyəti də və bölgədə marağı olan güclər də baş verənlərin niyə və nəyə cavab olduğunu bilirdi, ancaq heç bir tərəf bunu açıq dillə ifadə etmirdi. Bir müddət sonra bu gərginlik səngiyirdi.

İlk dəfədir ki, İrana açıq şəkildə cavab verildi. Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin cənub sərhədində keçirdiyi təlimləri birbaşa İrana cavab xarakteri daşıdığını dilə gətirdi.

Prezident İlham Əliyev hətta açıq şəkildə bəyan etdi ki, İranın hazırkı Prezidenti İbrahim Rəisinin siyasətindən narazıdır. İki ölkə arasındakı gərginliyin bu həddə gəlib çıxmasının səbəbkarı kimi Rəisini göstərdi.

Məsələyə bir qədər uzaqdan gələk. İran hərb yolu ilə asan məğlub olacaq dövlətlərdən biri deyil. Hər nə qədər Azərbaycanda İranı “aftafa” ilə sinonimləşdirsələr də, cənub qonşumuz müasir silahlar, raketlər və dronlar istehsal edir. Üstəgəl İran ordusu istər terrorla mübarizədə, istərsə də Suriyada əməliyyatlarda iştirak edir və döyüş hazırlığının aşağı olduğunu deyib yalandan özümüzü ovundura bilmərik. İranı sıradan çıxarmaq və yaxud “əl quzu”suna döndərmək istəyən güclər onun üzərinə birbaşa yox, dolayısı ilə getmək istəyəcəklərdi. Bunun üçün ən böyük faktor da milli mənsubiyyət, Azərbaycan və azərbaycanlılar olacaqdı. Bəzən deyirik ki, İran Azərbaycanın müstəqilliyini qısqanır. Bu da normal haldır. Çünki İran bilir ki, ona ən effektiv zərbə azərbaycanlı kartı olacaq. Hiss olunur ki, o kart artıq açılıb.

Hər halda Azərbaycan yalnız öz gücünə güvənərək İranın üzərinə getməz. Bu risk yox, intihara cəhd olardı. Proseslərə ancaq regional pəncərədən baxanda yaşananlar məntiqsiz gələ bilər. Ancaq dünyada baş verən proseslər fonunda baxanda İranla bağlı olanlar anlaşılır. Rusiya üçün Ukrayna seçilmişdi, İran üçün də ən məntiqli variant Azərbaycandır. İran Rusiya kimi oyuna gəlməsə, bir çox məsələlərdə güzəştə gedəcək. Yox, əgər Rusiyanın Ukraynanı asan yem gözündə gördüyü kimi Azərbaycanı görsə, sonunu yaxınlaşdıra bilər. Bundan əvvəlki yazılarda dəfələrlə qeyd etmişdim ki, İranın bölgədə sərhədlərin dəyişdirilməsinə icazə verməyəcəklər bəyanatları Azərbaycan-Ermənistan münasibətlərinə hesablanmayıb. İran özünü və gələcəyini düşünür. Dünyada baş verən proseslər deməyə əsas verir ki, dünyanın siyasi xəritəsi dəyişəcək. Bəlkə də bu proses 15-30 il zaman alacaq, ancaq olması qaçınılmazdır.

Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra dərhal beynəlxalq hava limanlarının inşasına start verdi və iki hava limanı artıq istifadəyə verilib. Füzuli hava limanı ilə Zəngilan hava limanı arasında maşınla neçə dəqiqəlik, neçə km məsafə var? Dünən məntiqsiz gələn şey, gələcəyə yönəlik baxanda stratejik gəlir.

İranda daxili vəziyyət onsuz da kontroldan çıxmaq üzrədir. Əgər etirazçılar idarə olunsa, proses qısa zamanda ciddi nəticələr verəcək. Bu fonda Azərbaycan Prezidenti açıq şəkildə “İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik” bəyanatını verdi. Bu cümlə yaxın gələcəkdə İran-Azərbaycan münasibətlərinə yön verəcək. Azərbaycanın İrana yönəlik hansı addımlar atmalı olduğu barədə çox yazıldı. Gəlin digər məsələlərə də baxaq.

Rəsmi Bakı İrana qarşı bu qədər açıq mövqe nümayiş etdirirsə, demək ki, bir çox şeyləri göz önünə alıb. İranın Azərbaycandakı casus şəbəkəsinin aşkarlandığını bilirik. Hesab edirəm ki, bu aysberqin görünən tərəfidir. Azərbaycan xüsusi xidmət orqanları bundan sonra daha ciddi işləməyə məcburdur. İranın din pərdəsi altında gizlənmiş şəbəkəsi də mövcuddur. Hesab edirəm ki, Azərbaycanın ən çox diqqət etməli sahələrdən biri də terrorla mübarizə olmalıdır. Belə ki, İranın maliyyələşdirdiyi, siyasi və mənəvi dəstək verdiyi terror təşkilatları, qeyri-qanuni silahlı birləşmələrinin olması da heç kimə sirr deyil. Rəsmi Bakı bu yönü seçibsə, qarşılaşa biləcəyi və ehtimal oluna biləcək bütün təhlükələri göz önünə almalıdır. Daxildə üsyanlar olmasına baxmayaraq İran ciddiyə alınmayacaq dövlət deyil. Daxildəki prosesləri xaricə yönəltmək üçün də İran hansısa addımlar ata bilər.

Azərbaycan İranla riskli, təhlükəli və sonunun proqnozlaşdırılması çətin olan bir oyuna girib. Bu oyunu qumara bənzətsək indiki məqamda Azərbaycanın əli daha güclü görsənir…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics