22.01.2021

İşin ucunda ölüm olan peşəyə rüşvət tələb edirlər

Cəmiyyətimizin ən böyük bəlası rüşvətxorluqdur. İstər hərbi olsun, istər səhiyyə, istər təhsil, istərsə də digər sahələr. Hərb sahəni götürüm.

Müharibədən öncə Müdafiə nazirliyindəki problemlərdən yazanda, hərbi məmurların orduya zərər verdiyini deyəndə, "erməni görür çətir"i ilə tökülürdülər. Əsaslandırmaları da bu idi - erməni izləyir, erməni görür, bizə güləcəklər. Nə oldu? Bu qədər tənqidlərə, faktlara baxmayaraq həmin adamlar qorundu, saxlandı, müharibə başlayandan bir neçə gün sonra anlaşıldı ki, əslində bunlar nəinki yarasız adamlardı, etdikləri əməllər hətta xəyanətə bərabərdir. Qovuldular.

Olmazdı ki, zamanında bu addım atılaydı?
İndi gəlib nə deyəcəklər? Yenə erməni görür deyəcəklər?
Müharibədir, hər şeyin ideal olacağını gözləmək dəlilik olardı. Ancaq problem bu qədər olmalı deyildi.

Nə əsgərin ehtiyacını ödəyirlər, nə də imkan vermirlər ki, camaat etsin. Əsgərə yardım aparmaq istəyənlər, at-dəvə, torpaq istəmir, sadəcə gördüyü işin qarşılığında azad edilmiş yerə ayaq basmaq istəyir və bir də apardığının həqiqətən əsgərə çatdığını bilmək istəyir. Bunu qadağan etmək xəyanət deyil, nədir?
Dövlət oxudur, xərc çəkir, lazım olan adamlara xaricdə təhsil verir, kurslara göndərir, gələndə çiyninə leytenant rütbəsi qoyur ki, xidmət etsin. Xidmətə başlayan zabit bir müddət sonra havalanır və getmək istəyir. Bəlkə dünyanın heç bir yerində zabitlərin tərxis olunmağı Azərbaycandakı qədər asan deyil. Niyə? Dövlət xərc çəkib, yetişdirdiyi adamları kimin ixtiyarı var ki, o həddə gətirsin?
Adam zabit ola bilmir, MAXE və ya gizir olmaq istəyir. Dəxli yoxdur, ehtiyacdan, ya nədən. Əsas odur ən çətin peşəni seçir. İşin ucunda ölüm olan peşəyə rüşvət tələb edirlər. MAXE-lər və gizirlərin rüşvətlə götürülməsi ilə bağlı yazımdan sonra, məsələ bir əldən çıxdı. Sevinmişdim ki, belə bir işi görmüşəm. Sevincim uzun çəkmədi. MAXE-ləri götürməyi korpuslara həvalə etdilər. Həmin qalmaqaldan sonra bir çoxusu pulsuz qəbul olundu. Sonra eşitdim ki, indi də korpuslar pul yığımına başlayıb. Kaş kimsə gəlib inkar edə, hər korpusla bağlı onlarla fakt qoyaram ortaya.

Təsəvvür edin, dövlət xərc çəkir, MAXE-lərə kurs verir, sürücülərdən başqa digər ixtisasda olanların təkminləşdirlməsi üçün müxtəlif kurslara göndərir. Adam işləyir, getdikcə inkişaf edir, peşəkarlaşdığı müddətdə hansısa hərbi məmur, onu ordu sıralarından qovur. Müharibədən öncə bilirsiniz nə qədər MAXE sözdə karantin qaydasını pozuduğu üçün əslində səbəbsiz yerə qovulub? Əslində səbəb məlumdur, gedənin yerini doldurulmalıdır axı. Və beləcə çarx fırlanır, külli miqdarda pullar dönməyə başlayır.

Yazdıqların müharibədən öncəyə aitdir. Ümid edirəm, hər birinə nəzarət edərlər.
Ehtiyac məsələsi isə bu dəqiqənin problemidir. Həll etmək lazımdır, vacibdir.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics