23.07.2016

İşğal günü, yoxsa fotoseKSiya?

Bu gün Ağdamın ermənilər tərəfindən işğal edildiyi gündür.

Artıq dünən günorta saatlarından ağdamlı tanışlarım bu gün Şəhidlər Xiyabanında yığışıb Ağdamı, şəhidləri yad edəcəkləri barədə məlumat verdilər. Yenə köhnə günlər, xatirələr danışılacaq, şəkillər çəkilib sosial şəbəkələrdə paylaşılacaq. Çəkilən şəkilə baxıb, qlamur qızlar kimi "yox burada pis düşmüşəm, yenidən çək" deyəcəklər. Guya Ağdamı yad etməyə gəliblər, "selfie" çəkdirməyə yox.

Şəhidlər Xiyabanına təbii ki, getmədim. Pis ağdamlıyam, "qlamurnu" deyiləm. Dəvət edənlər də elə düşünəcək. Düşünsünlər.

Məni Şəhidlər Xiyabanına dəvət edənlərdən biri ilə söhbət edirəm. Saatı dəqiqləşdirirəm. Dedim, vaxtın olsa tədbirdən sonra çay içərik. Dedi ki, qaqa, bağışla, qızla danışmışam. "Bazlığa gedəcəm". "Belinə qüvvət" dedim, sağollaşdıq. Yəqin, Ağdamın acısını qızdan çıxacaq... Necə ki bizim ən baxımlı, baxdıqca baxılan telekanallar, Ağdamın acısını soyu-tayfası bilinməyən manıs yığınından çıxırlar.

Ağdamdan çıxanda 5-6 yaşım var idi. Yadımda nəyinsə qalmaması normaldır. Böyüklərimizdən Ağdam haqqında çox şey eşitmişəm. Yəqin hamınız eşitmisiniz, gözəl olması ilə yanaşı imkanlı rayon olub.

Ağdam birinci Qarabağ müharibəsi zamanı sona qədər döyüşdü. 5 mindən çox şəhid verdi. Bununla öyünürük. Bəli, hər kəs ağdamlıları döyüşkən, işguzar, qoçaq kimi tanıyır. Aprel döyüşlərində də, ətraf rayonlarda məskunlaşan Ağdam sakinləri Quzanlı qəsəbəsinə yığışıb, döyüşmək istədiklərini bildirdilər. Tanıdığım bir neçə Qarabağ döyüşçüsü, bir müddət öncə "bir də döyüşmərəm, səhv etmişəm döyüşmüşəm" dediyi halda aprel hadisələri zaman komissarlıqlara gedib, könüllü döyüşmək istədiklərini bildiriblər. Döyüşlər dayananda niyə dayandı, müharibə edək deyiblər.
Rusiyada yaşayan iş adamı aprel ayının əvvəlində işini-gücünü atıb Quzanlıya gəlmişdi. Səfərbərlik olsa döyüşmək üçün.

Bu il 28 may günü maraqlı bir mənzərə ilə qarşılaşdım. Camaat bir birini müstəqillik günü ilə bağlı təbrik edib, kasıbçılığa göz yumaraq qoyun kəsib əsgərlərə pay göndərirdi. Bu ilk dəfə idi ki, kənd camaatı Respublika gününü bayram kimi qeyd edirdi.

Bunları görəndə adam sevinir, fərəhlənir. Ancaq adamın sevinci qursağında qalır. Necə olur axı, bu qədər döyüşkən,mərd ürəkli camaatı olan bir rayonunun adı yalnız fırıldaqçılıqda, alverçilikdə hallanır?

Bəzən yerlilərimlə söhbət edəndə bu mövzunu müzakirə edirik. Bir çoxu dələduz, alverçi və "atanşiklər"in əsl ağdamlı olmadığnı deyir. Bu söhbət müsəlmanların "əsl İslam bu deyil" söhbətinə oxşayır. İslama qarşı deyilən hər bir neqativ fikrə cavab olaraq deyirlər ki, bu əsl İslam deyil. Nəysə.

İndi bu gün ağdamlılar sosial şəbəkədə qəmli statuslar yazıb. Ermənilərə od püskürdü. Yazsınlar, püskürsünlər. Digər işğal olunmuş rayonların sakinləri də yazır. Tanıdığım ağdamlılar var ki, övladının toyunu bu günə təyin etmişdi. Ayıbdı, camaat mənə nə deyər, deyib, dəyişdirdi. Biz tarixə baxırıq: 23 iyulda ağdamlı oluruq,  8 mayda isə şuşalı...

İndi ağzıgöyçəklər deyəcək ki, imkan verirlər nəsə edək? İmkan  versələr tədbirlər, toplantılar keçirərik. Nə etdiniz ki, imkan vermədilər? Təbii ki, heç nə. Quru pafos, saxta vətənpərvərlik.

Şəhidlər Xiyabanını hansısa xüsusi tarixlərdə ziyarət etməkdən heç xoşum gəlmir. Ağdamlıların gedib Şəhidlər Xiyabanını ziyarət etməyindənsə gəlin bu acı gündə söz verək ki,bu gün  heç kimi aldatmayacaq, heç kimə fırıldaq gəlməyəcəyik.

Səxavət Məmməd

5 yorum:

Real Time Analytics