12.05.2016

"Həmin gecə öncə kəşfiyyat qrupumuz ermənilərin içərisinə sızdı" — CƏBHƏDƏN REPORTAJ (IV yazı)

Keçmiş döyüşçülərin təşəbbüsü, Müdafiə Nazirliyinin icazəsi ilə bir qrup Qarabağ qazisi cəbhə bölgəsinə yollanıb. Keçmiş döyüşçülərlə birlikdə 4 günlük cəbhə xəttində Ölkə.Az saytının əməkdaşı da olub.

Cəbhədə baş verənlər, əsgərlərimizin vəziyyəti, təlimlərlə bağlı silsilə yazıları hissə-hissə sizə təqdim edirik. Cəbhə xəttində baş verənlərlə bağlı ""Oğlum postdadır, görəsən, nə yeyir, nə içir?" düşünən valideynlər üçün cəbhədən — REPORTAJ (I yazı)", ""Komandir, müharibəni başlayın, sürüm, gedim erməninin üstünə" — CƏBHƏDƏN REPORTAJ (II yazı)" və ""Heyif atəşkəs oldu, yoxsa erməniləri iti qovan kimi qovurduq torpaqlarımızdan" — CƏBHƏDƏN REPORTAJ (III yazı)" sərlövhəli yazıları sizə təqdim etdik.
Həmin yazıların davamı olaraq Ölkə.Az cəbhə bölgəsindən hazırlanmış dördüncü reportajını sizə təqdim edir.
Haramı düzündə təlim gedir. Tanklar, BMP-lər manevrlər edir. Əsgərlərimizin tükənməz enerjisi və həvəsi isə təlimi daha da maraqlı edir.
Keçmiş döyüşçülər təlimi izləyib, əsgərlərimizin səhv və düzlərini deyən zaman biz də Lələtəpə əməliyyatında fəal iştirak etmiş, düşmənin bir neçə texnikasını, sığınacağını dağıdıb, canlı qüvvəsini məhv etmiş BMP-2-nin ekipajı ilə söhbət edirik.
Söhbətə döyüş maşınının komandiri (BMP-2) gizir Əliyev Azadlabaşlayırıq.
- Aprelin əvvəlində gedən döyüşlər necə keçdi?
- Azərbaycan ordusunun bir əsgəri kimi, 2 aprel əməliyyatında iştirak edən bir BMP-2-nin komandiri kimi onu deyə bilərəm ki, əməliyyatımız çox uğurlu alındı. BMP-2 ilə Lələtəpə istiqamətində mövqelərimizi atəşə tutan düşmənə qarşı əks-hücuma keçdik. Orada bir daha sübut olundu ki, erməni dığaları bizim qarşımızda duruş gətirə bilməz. Əməliyyatdan sonra ermənilər silah-sursatlarını, texnikalarını qoyub qorxaq it kimi qaçmışdılar. Özləri ayağımızın altında qaldılar. Ölən öldü, qaçan qaçdı. Əməliyyat çox uğurlu oldu, tapşırığı yerinə yetirdik. İşğal altndakı digər torpaqlarımızı da geri qaytarmağa hazırıq. Əməliyyat zamanı biz ermənilərə kömək əsgər gətirən Kamazı və DOD-larını vurduq, sığınacaqlarını dağıtdıq. Ölən öldü, qaçanları isə dabanlarına tüpürüb qaçdı.
- Əməliyyat başlayanda həyəcan var idi?
- Qətiyyən. Heç bir həyəcan yox idi. Həyəcan o idi ki, bayrağımızı Lələtəpəyə sancaq. Bunun üçün tələsirdik. Əməliyyatda iştirak edən hər bir əsgər bayrağı birinci sancmağa görə irəli gedirdi.
- Kim qabağa düşdü?
- Heyif, mənə qismət olmadı. Əsgərlərimizdən biri qabağa düşdü. Gül kimi plan qurmuşdum. Silah-sursatdan əlavə gizlin bayraq da götürmüşdük. (gülür)
- Bayraq sancılandan sonra nə baş verdi?
- Bayraq sancılandan sonra əhval-ruhiyyə tamam dəyişdi. O anı nə sözlə ifadə etmək olur, nə də desəm siz anlayacaqsınız. Dəliyə dönmüşdü hər kəs. Bundan sonra geridə qalan torpaqlarımızı işğaldan azad etməyə hazırıq. Bu qədər səbr etmək yetər. Bütün əsgərlərimizin hamısı irəli can atırdı. Əməliyyat başlayanda biz Lələtəpədə bayraq sancmağı planlaşdırmamışdıq. Fikirimiz var idi, bayrağımızı Şuşaya sancaq. Biz döyüşə Xocalıda qırılan soydaşlarımızın qisasını almaq məqsədi ilə getmişdik.
- Bəziləri deyir ki, Lələtəpə adi bir təpədir, bunu böyütməyin mənası yoxdur...
- Xeyr, xeyr. Lələtəpə kiçik dağ silsiləsidir. Lələtəpə strateji baxımdan çox əhəmiyyətlidir. Lələtəpə həmişə bizim üçün təhlükəli idi. Ermənilər oradan çox asanlıqla yaşayış məntəqələrimizi atəşə tuturdular.
- İndi necədir vəziyyət?
- İndi əladır. Artıq, onlar bizim ayağımızın altında qalıblar. Ermənilər tülkü kimi bizə aşağıdan yuxarı yazıq-yazıq baxırlar.
- Əhval-ruhiyyə necədir?
- Hamımız, bütün əsgərlər, zabitlər, gizirlər, çavuşlar burada gözləyirik ki, bizə "İrəli!" əmri versinlər, biz də gedək, Lələtəpədəki bayraqdan daha da böyüyünü Xankəndində dalğalandıraq. Hər kəs rahat olsun. Biz buradayıq.
Gizir Əliyev Azadla söhbətdən sonra həmin döyüşdə BMP-2-nin mexaniki olan çavuş (MAXE) Rufullayev Müşviqlə söhbətləşirik.
- Lələtəpə əməliyyatı necə başladı?
- Ermənilərin təxribatından sonra aprel ayının birindən ikisinə keçən gecə öncə kəşfiyyat qrupumuz ermənilərin içərisinə sızdı. Kəşfiyyat qrupumuz lazım olan nöqtəyə çatandan sonra komanda gəldi ki, döyüş maşınları hücuma keçsin. Mühəndis-istehkam bölüyü qarşını minalardan təmizlədi və biz hücuma keçdik. Bizə tapşırılan yerə çatanda düşmən yerində idi. Onlar döyüşmək istəyirdi, Lələtəpəni itirmək istəmirdilər. Ancaq əks-hücumumuza tab gətirə bilmədilər. Ermənilərin döyüş meydanında döyüş sursatları, döyüş maşınları, minaatanları qalmışdı. 5 gün müharibə oldu. Döyüşlər zamanı artilleriyamız da çox iş gördü. Bizə xəbər gəldi ki, bizim reaktiv artilleriya qurğularımızın ermənilərin diviziyonunu dəqiq vurması nəticəsində 122 nəfərlik diviziyonun şəxsi heyəti tam məhv edilib.
- Ermənilər müqavimət göstərə bildi?
- Döyüş maşını komandirimin dediyi kimi hər birimiz oraya bayraq sancmaq istəyirdik. Bayrağın sancılacağı ərazidə bir erməni snayperi yerləşmişdi. İmkan vermirdi ki, ora yaxınlaşaq. Sonda onun "işinə baxdıq" və bayrağı lazım olan yerə sancdıq. Bu son sözümüz deyil, biz hələ son sözümüzü deyəcəyik...
Sonda Lələtəpə əməliyyatında fəal iştirak edən BMP-2-nin ekipajı ilə görüşüb, Müdafiə Nazirliyinin bizim üçün ayırdığı avtobuslara minib, Bakıya doğru yola çıxırıq.
Avtobusda 1 saata yaxın tam sükut çökmüşdü. Heç kim danışmır, dinmirdi. Hər kəs gözlərini bir nöqtəyə zilləyib öz xəyalında idi. Sükunəti isə ehtiyatda olan zabit, polkovnik - leytenant Abuzər Əbilov pozdu:
"Səxavət, heyif, qoymadılar o qorxmaz, şir ürəkli baş leytenant Ağayevin yanında qalaq. O necə zabitdir elə? Canavar idi ee, canavar!"
Yalnız bundan sonra sükut pozuldu və ayrı-ayrı qruplarda olanlar digərlərinə öz təəssüratlarını anlatmağa başladı.
4 günlük cəbhəyə səfərimiz zamanı gördüklərimiz onu deməyə əsas verir ki, ordumuz hər an döyüşə və torpaqlarımızı azad etməyə hazırdır. Əsgərlərimiz isə lap yağı düşmənin qanına susayıblar...

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics