10.04.2020

“Azercell”dən məhkəmə təhdidli “HƏMRƏYLİK” - Səxavət Məmməd yazır

Yaşadığımız bu karantin rejimində mobil operatorlar bizi doğmalarımızdan və yaxınlarımızdan daha çox “mesaj atəşi”nə tutub. #EvdəQal həştəqilə… “Biz birlikdə güclüyük, evdə qal Azərbaycan!”

Mesaj gəlir, “Sizi özünüzün, doğmalarınızın, hər birimizin sağlamlığı naminə koronavirus infeksiyası ilə mübarizə məqsədilə görülən sosial təcrid tədbirlərinə dəstək olmağa və evdən çıxmamağa çağırırıq”. Əcəb edib çağırırsınız. Təsəvvür edin, hər belə mesajdan sonra insanlarda bir ümid yaranırdı ki, yəqin gələn dəfə mobil operatorlardan güzəştlərlə bağlı da mesaj gələr.


Nə də olmasa, böyük şirkətlərdir. Əlləri daim hörmətli abunəçilərinin cibindədir axı… Aşağı-yuxarı hər gün sosial şəbəkədə mobil operatorların oğurluqları ilə bağlı şikayətləri oxuyuruq. Küçəyə çıxıb, “Azərbaycanda hansı “qanuni oğruları” tanıyırsınız”, – deyə sorğu keçirsək, inanın ki, respondentlər öncə “Azercell” "Bakcell", "Nar", daha sonra isə “Loti Quli” deyərlər.

Abunəçilər o şirkətlərdən internet paketi hədiyyəsi, danışq tariflərinin endirilməsi kimim jestlər gözlədiyi vaxtda zamanda, “Azercell”dən yeni mesaj gəlir: “Hörmətli abunəçi, xahiş edirik ki, faktura borcunuzu ödəyəsiniz. Əks halda, nömrəniz ikitərəfli bağlanacaq və borclarınız məhkəmə qaydasında tələb olunacaq”.

Yaxşı,dövlətin apardığı kampaniyaya dəstək vermək nədir, abunəçini borca görə məhkəmə ilə hədələmək nədir? Karantin dövründə xaricdə baş verənlərə baxırıq. Təsəvvür edin, demək olar ki, bütün ölkələrdə mobil operatorlar internet paketlərinə ciddi endirimlər ediblər. Hətta bəzi ölkələrdə abunəçilərə pulsuz internet paketləri hədiyyə edilir.

Səbəb çox sadədir, #EvdəQal çağıranlar bilir ki, evdə qalanda, insanlar başlarını nə iləsə qatmalıdırlar. Hələ xarici ölkələrdə mobil danışıq qiymətlərinin aşağı olduğunu demirəm. Azərbaycanda isə operatorlar nəinki abunəçilərini düşünüb endirim edir, hətta məhkəmə ilə hədələyirlər.

Əslində, bu münasibətin səbəbi aydındır, operatorlar bilirlər ki, mobil rabitə bazarı onların inhisarındadır, daha münasib alternativ yoxdur, insanlar onların xidmətlərindən istifadə etməyə məcburdurlar.

Lap yerli operatorlardan kütləvi şəkildə imtina etdik, alternativ varmı? Yoxdur! Dünyanın bəlkə də ən baha interneti və mobil danışığı Azərbaycandadır. Mobil operatorlar bahalı xidmətlərdən böyük pullar qazanmaqla yanaşı, abunəçilərin vəsaitlərini də oğurlayırlar.

O zaman sual yaranır, hansı səbəbdən belə davranırlar? Sualın tək cavabı var, alternativsilik, rəqabətsizlik, “Fonda pul köçürmüşəm, bizə heç nə etməzlər” düşüncəsi.

Çox maraqlıdır, telefon satışı ilə məşğul olan bir neçə şirkət kredit ödənişlərində müştərilərinə möhlət verdi. Ancaq o telefonu ünsiyyət vasitəsinə çevirən mobil operatorlar abunəçilərinə hədələyici mesajlar göndərirlər.

Onsuz da, insanlar evdə oturduqları üçün psixoloji cəhətdən əziyyət çəkirlər. Bu əziyyətin üzərinə bir də mobil operatorların belə stersli mesajlarını əlavə edin… Azərbaycanda yəqin ki, olmayacaq, ancaq Avropa və Amerikada belə mesaja görə şirkətin obrazlı desək, anasını ağladıb, dərisini boğazından çıxarardılar.

Son günlərdə sosial şəbəkələrə baxıram, ən çox yazılan statuslardan biri budur “Sırf operatorlar #EvdəQal dediyi üçün, qaydanı pozmaq istəyirəm”. Yəni vətəndaş yerli mobil operatorların əlindən o qədər bezib ki, artıq şirkətin normal məsləhəti belə onda qıcıq yaradır.

Bu gün sosial şəbəkələrdə “Azercell”in göndərdiyi mesajlar paylaşılır, müzakirə olunur. Hər kəs dövlətin kampaniyasına qoşulan bir şirkətin vətəndaşı məhkəmə ilə hədələməsindən qəzəblə danışır. “Azercell”dən soruşurlar, “Şirkət olaraq güzəşt etməyəcəksənsə, karantin dövründən əvvəlki kimi davranacaqsansa, niyə abunəçilərinə #EvdəQal deyirsən?”.

Həqiqətən də, bu artistlik nə deməkdir? Sayəsində böyüyüb, zənginləşdiyin abunəçiyə bu nə münasibətdir? Yoxsa, abunəçilərin bir kampaniyası ilə quru yerdə qala biləcəyinizi təsəvvür etmirsiniz?

Qısacası, hesab edirəm ki, dövlət mobil operatorların fəaliyyətinə nəhayət ki əl qoymalıdır. Mən azad bazar rəqabətinin tərəfdarıyam. Amma mobil operatorların əndazədən çıxmaları dövlətin müdaxiləsini qaçılmaz edir.

Səbirsizliklə gözləyirik!

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönderme

Real Time Analytics