18.02.2020

Başımızın tacı olmaq istəməyən müəllimlər – Səxavət Məmməd yazır

Bir qrup müəllim "müəlimlərin alçaldılan nüfuzu bərpa olunsun, müəllimlərə psixoliji təzyiqlərə son qoyulsun" tələbi ilə sosial şəbəkələrdə etiraz səslərini ucaldıblar, digər müəllimləri də bu kampaniyaya qoşulmağa çağırıblar.

Əslində, bunu ilk eşidəndə, çox sevindim. Amma... Həmin kampaniyanın iştirakçıları müəllimləri təhqir edənlərin Cinayət Məcəlləsinin konkret maddələri ilə cəzalandırılmasını istəyirlər, Baş Prokurorluğu bu məsələyə münasibət bildirməyə çağırırlar. 

Mənə görə, istər təriflənməli, istərsə də tənqid olunası əmələ olduğu kimi qiymət verilməlidir. O kampaniyaya baxdıqda, belə başa düşdüm ki, həmin müəllimlər elə özlərini də təhqir edilənlərdən sayırlar...


Ölkədə 150 mindən çox müəllim var. Hər ailədə olmasa da, hər kəsin qohum-əqrəbası arasında müəllimlər olmamımş deyil. Ancaq bəlli bir kontekstdə "Müəllimlər saxtakarlğa əl atmaqla, şərəfsizlik edirlər" deyiləndə, əlbəttə ki, bütün müəllimlər nəzərdə tutulmur. Kimsə sual verəcək ki, bəs niyə o ifadəni ümumi şəkildə işlədirlər?  Qardaşım, bir deyil, on deyil, yüz deyil, ona görə də cəm  şəkilçisi artırılmalıdır da...

Müəllimlərin etirazını o halda dəstəkləmək olardı ki, kampaniya iştirakçıları bu münasibətin səbəbini aydınlaşdırmağa çalışaydılar... Bundan sonra isə öz həmkarlarını saxtakarlığa qol qoymamağa çağırardılar. Hətta ölkə rəhbərliyinə, MSK-ya müraciət edərdilər ki, məktəblərdə seçki məntəqələri yaradılmasın, müəllimlər dairə və məntəqələrin işinə cəlb edilməsin.

Saxtakarlıqda iştirak edən müəllimləri təhqir edənlərin cəzalandırılmasını tələb edən pedaqoqlar məktəb direktorları "bacardığınız qədər çox məntəqədə səs verin", deyəndə, buna etiraz edə bilərdilər.

Yoxsa, mən millətin gözü önündə əl atmadığım saxtakarlıq qalmasın, heç kim də mənə bir söz deməsin? Bəli, müəllimlik şərəfli peşı sayılır. Ancaq şərəfsiz peşə var ki? Peşəni şərəfli və ya şərəfsiz “edən” o peşənin sahibləridir. Bizim sıralarımızda da o qədər şərəfsiz jurnalist var ki... İndi biz də onlar üçün dəstək kampaniyasına başlayaq? 

Təhqir olunan həmkarının müdafiəsinə qalxan müəllimlərdən fərqli olaraq, biz o kateqoriyaya aid “jurnalist”lərə salam vermirik, üz-üzə gələndə, kənara çəkilirik. Sizə deyim, mənə dərs demiş bəzil müəllimlər var ki, indi də onları görəndə “Farağat” vəziyyəti alıram.

Çünki o müəllimlər ömürləri boyu zülm-əziyyət içində olmalarına, saxtakarlığa razı olmadıqları üçün işgəncələrə və döyülərək əlil edilmələrinə baxmayaraq, sınmadılar, kişi kimi yaşadılar.

Ancaq o müəllimlər heç vaxt və heç kim saxtakarlığa görə lənətlənən müəllimlərin sırasına daxil etmir və edə də bilməz. İndi həmkarlarını hədəfə götürənlərə qarşı kampaniyaya başlayan müəllimlər yaxşı olardı ki, qanunsuz əməllərə baş vuran pedaqoq yoldaşlarını islah etsinlər...

Bunu bacarsanız, başımız üstə yeriniz var. Əks halda, çox aşağıda qalacaqsınız...

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönderme

Real Time Analytics