4.04.2017

Beriyanın Müsavat hökumətinin agenti olma iddiası, Bağırovun Beriyanı satmasının səbəbləri — Araşdırma - III yazı

M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsi.

II yazıda Beriyanın həbsdən qaçırılma planı, həbsdən yazdığı məktublar və cinayətini sübut edən 6 faktlardan bəhs etmişdik.

"Ölkə.Az" istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun "M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsi"nə gün işığı tutan dəyərli araşdırmasından III yazını sizə təqdim edir:


...Ancaq Beriyanın yeganə “ilişdiyi” əsas kompromat onun 1919-1920-ci illərdə “Azərbaycan milli hökumətinin (müsavatçıların) əks-kəşfiyyatında” işləməşi oldu. İş bundadır ki, bütün əks-kəşfiyyatın struktur və kadr heyəti türk zabitləri tərəfindən qurulmuşdu. Bu ittiham əvvəlki illərdə də üzə çıxmışdı, bu barədə 1937-ci il plenumunda xalq səhiyyə komissarı Q.N.Kaminski (repressiya olunmuş) demişdi. Cavabında isə Beriya bildirmişdi ki, onu əslində müstəqil Azərbaycan dövlətinin kəşfiyyatına qeyri-leqal olaraq bolşevik partiyası göndərmişdi. Bu ittiham 1953-cü ildə yenidən səslənməyə başladı.

Məhz bu halla bağlı, Bakıda 12 iyul 1953-cü ildə keçirilmiş plenumun stenoqramına baxdıqda (siyasi partiyalar və ictimai hərəkatlar dövlət arxivi, f.1, siy.39, d.18) Moskvada baş vermiş hadisələrin təfsilatından daha müfəssəl xəbər tuturuq.

Yuxarıda da qeyd etdiyimiz Sov.İ.KP MK-nin Rəyasət Heyətinin iclasından sonra M.C.Bağırov foyedə Teymur Quliyev və Mir Teymur Yaqubovla plenumda edəcək çıxışının tezisləri ilə əlaqədar məsləhətləşmələr aparır. Mir Teymur Yaqubovla Teymur Quliyev M.C.Bağırova məsləhət görürlər ki, Beriyanın ona olan sonuncu zəngindəki təklifini çıxışına salsın. Bu təklif ondan irəli gəlirdi ki, Rəyasət Heyətinin iclasında N.Xruşşov Bağırovdan Beriyanın ona zəng edib-etməməsi barədə məlumat verməyi tələb edirdi. Belə ki, Beriya Bağırova zəng edərək Azərbaycanda mədəniyyət işçilərinin təltif edilməsi üçün Nizami milli ordeninin təsis edilməsi barədə təklif etmişdi. Bağırov isə Nizami dühasına böyük hörmətlə yanaşdığını qeyd edərək, M.F.Axundov adına şərəf nişanının təsis edilməsini məqbul saymışdı. M.T.Yaqubova görə bu barədə M.C.Bağırov öz çıxışında plenumda söyləməli idi. M.C.Bağırov başa düşürdü ki, o, Beriyanı Müsavat hökumətinin əks-kəşfiyyatının agenti kimi göstərməklə sonradan özünü də zərbə altında qoyacaqdı. Uzun illər təhlükəsizlik orqanlarına rəhbərlik etmiş M.C.Bağırov anlayırdı ki, təklif olunmuş ssenarinin nəticəsi kimi zərbənin sonradan onun üzərinə gələcəyi aydın idi. Ona görə də o, bu mövzudan qətiyyətlə yayınmağa çalışırdı. Həmin gün saat 2-də Moskvada plenum başlayır.

Malenkov Beriyanın antipartiya və antidövlət fəaliyyəti barədə məruzə ilə çıxış edir. Plenumda həmçinin Sovet İttifaqı KP MK-nın Rəyasət Heyətinin üzvləri Xruşşov, Molotov, Bulqanin, Kaqanoviç, Voroşilov, Mikoyan və MK-nın üzvləri ittifaq respublikalarının və vilayət partiya komitələrinin I katibləri də çıxış edirlər. Plenumda həmçinin yoldaş İqnatev Sovet İttifaqı MK üzvlüyünə bərpa olunur və marşal Jukov isə MK namizədliyindən həqiqi üzvlüyə seçilir. Bildiyimiz kimi, plenumda çıxış edən natiqlər Beriyanı ittiham atəşinə tuturlar. Belə ki, Beriyanın təşəbbüsü ilə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanına uyğun aparılmış əfv prosesi tənqid olunur və həbsdən azad olunan vətəndaşları cinayətkar, residivist, ictimai stabilliyə ziyan gətirən şəxslər adlandırırlar. On minlərlə azad olunan insanları təhlükəli cinayətkarlar adlandıraraq, Beriyanın guya avantürist siyasətini plenum iştirakçılarının nəzərinə çatdırırlar. Malenkov məruzəsində Beriyanın SSRİ Daxili işlər naziri olduqdan sonra Sovet İttifaqı KP və hökumətdə rəhbərliyi ələ keçirmək üçün apardığı siyasətin əsas şaxələrini iştirakçıların nəzərinə çatdırır. Məsələn, bu şaxələrdən biri kimi onun Belorusiyada, Baltikyanı respublikalarda, Ukraynada DİN rəhbərliyini dəyişdirməsi, öz adamlarını bu vəzifələrə təyin etməsi barədə məlumat verir.

Ən nəhayət, plenumun 2-ci günü Bağırova söz verilir. O, öz çıxışında Beriyanı 30 ilə yaxın tanıdığını və onun antipartiya cinayətkar fəaliyyətini, düşmən mövqeyini görə bilmədiyi üçün özünə heç cür haqq qazandıra bilmədiyini söyləyirdi.

Bağırov çıxış etdiyi zaman Malenkov onun sözünü kəsərək:

«Nə üçün özünüzü müdafiə edirsiniz, sizi ki burada heç kim günahlandırmır. Siz Beriya ilə yaxın olmusunuz, siz onu ifşa edin» – deyir.
Bu an özünü itirməyən Bağırov ona qarşı hücumların ssenari müəlliflərindən biri olan Mikoyana qarşı əks-hücuma keçir: Əgər Beriya Müsavat hökumətinin agenti olubsa, onda hafizəm məni aldatmırsa, o dövrdə Kommunist partiyası xətti ilə Azərbaycan Demokratik Respublikasının hakimiyyəti daxilində fəaliyyət göstərən şəxslərin tərkibi Mikoyana məlum idi. Beriya bu xətlə orada olubsa, bunu Mikoyan bilməli idi... Sonra Bağırov Beriyanın milli ordenlərlə əlaqədar zəngindən məlumat verərkən, yenidən Malenkov onun sözünü kəsərək, hansı ordenlərdən söhbət getdiyini soruşur.

Bağırov Malenkovun bu həyasızlığına dözməyərək:

«Onu get uzun illər dostluq etdiyin Beriyaya sual ver» – deyərək, çıxışını davam etdirir. (Ümumiyyətlə, onu da qeyd etmək istəyirəm ki, Beriya milli ordenlərin təsis edilməsi barədə təklifi Özbəkistan və Gürcüstan rəhbərliyinə də etmişdi. – A.M.).

Sonra Xruşşov Bağırova qarşı hücuma keçərək deyir:

«Mənim sizinlə dünənki görüşümdə Beriyanın sizə zəng etməsini inkar etdiniz. Ancaq indi aydın olur ki, belə bir zəng olubdur».
Ssenariyə uyğun olaraq, Bağırovun təklənməsi başlanır. Bu dəfə Suslov hücuma keçir:

«Beriya həmişə sizin himayədarınız olubdur. Mərkəzi Komitənin təlimatçıları sizin respublikaya getməyə qorxurdular». 

Ssenariyə uyğun olaraq Bağırova qarşı hücumlara Xruşşovun digər əlaltıları qoşularaq, onun Mərkəzi Komitənin apardığı siyasətdən uzaqlaşdığını qeyd edirlər. Sonra da Mikoyan plenumda söz alaraq, Bağırovun ona ünvanladığı suala aşağıdakı kimi cavab verir: 

«O dövr çətinliklə yadıma düşdüyündən indiyə qədər mənə elə gəlirdi ki, Beriya kommunistlər tərəfindən Müsavat kəşfiyyatına salınmışdı. Lakin indi aydın olur ki, bu belə deyilmiş».

Plenumdan sonra Bağırov Xruşşov və Malenkovun qəbuluna düşərək onlarla görüşür. Görüşdən sonra o, Mir Teymur Yaqubovu Xruşşovla görüşdən çəkindirərək onlarla məsələni həll etdiyini söyləyir. Mir Teymur Yaqubov Xruşşovun köməkçisi Şuyskoya zəng edərək görüşdən imtina edir. Bağırovla Yaqubov gecə ikən təyyarə ilə Bakıya qayıdırlar. Lakin SSRİ Ali Sovetinin büdcə komissiyasındakı işinə görə Moskvada bir neçə gün yubanan Teymur Quliyevi Xruşşov yanına çağıraraq, Bağırovla onun və Malenkov arasında olan söhbətin onları qane etmədiyini bildirir və Sov. İKP MK-nın şöbə müdiri P.N.Pospelovla Bakıya qayıdaraq AKP MK-nın və BKP-nin plenumunu təşkil etməyi tapşırır.

Moskvadakı plenumdan bir neçə gün sonra M.C.Bağırovun siyasi taleyini həll etmək üçün Bakıda AKP MK-nın və Bakı KP MK-nın plenumu çağırılır və bu plenumda Moskvada baş verən hadisələr barədə məlumat plenum iştirakçılarının nəzərinə çatdırılır. 12 iyul 1953-cü ildə Bakıda keçirilən AKP MK və BŞ KP MK-nın plenumunda Moskvadakı hadisələrdən xəbər tutan kommunistlər geniş məruzələrlə çıxış edirlər.

Paradoksallıq buradadır ki, Bağırov Xruşşovla son görüşdən sonra onun mövqeyində 1800 dəyişiklik formalaşır. Bunu onun Bakıdakı plenumda çıxışında görəcəyik. Sual oluna bilər ki, nə səbəblərdən?

Səbəblər aşağıdakılar ola bilər:

Stalinin ölümündən sonra Kremldə tənha qalmış Beriya azğınlaşmış rus siyasi elitasının hücumlarını artıq hiss edirdi. Ona görə də çıxılmaz vəziyyətdə qalan Beriya özünə siyasi dəstəyi qeyri-rus respublikalarının siyasi rəhbərliyində axtarırdı. Ona görə də onun Bağırova milli ordenlərin təsis edilməsi və bu şəkildən olan təklifləri buradan doğurdu. Elə buna görə də Xruşşov başa düşürdü ki, Beriyanın sonuna çıxdıqdan sonra yerlərdə və xüsusən qeyri-slavyan müttəfiq respublikalarında ali hakimiyyətin birbaşa ruslaşdırılması və onun slavyan təəssübkeşli hissləri partiya ideyalarını kölgədə qoyurdu, bu da ictimaiyyətdə çaşqınlıq yarada bilərdi. Xruşşov M.Bağırovu Moskvadakı məlum plenumdan sonra həbs etdirə bilərdi, lakin Bağırov ona hələ lazım idi. Beriya avtoritetini ölkədə məhv etmək, Xruşşov və onun əlaltılarının Beriyanın güllələnməsi hökmünün doğruluğunu əsaslandırmaq üçün Bağırov onlara hələ çox lazım idi. Belə ki, Bağırov qafqazlı və Beriyanın yaxın dostu idi. Bağırovu Beriyanın ifşasına qoşa bilmək onu Xruşşovun təbliğat aparatının ruporuna çevirirdi. Xruşşovun Bağırovu həbs etməməsi və ona əksinə, yeni bir vəzifə təklif etməsi yuxarıda göstərilən fikirlərdən irəli gəlirdi. Bu, Xruşşovun taktiki gedişi idi və bir neçə ildən sonra onun hakimiyyətdə möhkəmlənməsi Bağırovu Beriyanın aqibəti ilə üzləşdirdi. Artıq bu andan Bağırov Xruşşova lazım deyildi.

Təcili Moskvadan Bakıya dönən M.C.Bağırov nə edəcəyini düşünürdü. Hadisələri təhlil edir, qüvvələr nisbətini süzgəcdən keçirir, atacağı addımların planını cızırdı. İlkin olaraq, Kremldə ona kömək edə biləcək şəxsləri araşdırırdı. Lakin hakimiyyəti ələ keçirmiş qüvvələrin - Xruşşov-Mikoyan-Suslov və Malenkov-Molotov-Kaqanoviç «üçlük»lə-rinin M.C.Bağırova qarşı münasibətləri heç də yaxşı deyildi. Bunun bir neçə səbəbləri var idi:

1. M.C.Bağırovun Respublikada xüsusən son dövrlər həyata keçirtdiyi milli siyasi kurs istər Mikoyanı, istərsə də Xruşşovu heç cür qane edə bilməzdi.

2. SSRİ dövlət büdcəsinin 1/3 hissəsinin Azərbaycanın sənaye-təsərrüfat sahələrinə yönəldilməsi istər Kaqanoviçi, istərsə də Malenkovu narahat etməyə bilməzdi. Belə ki, Dağlıq Qarabağa qarşı ermənilərin ərazi iddialarında onların havadarı həmişə Malenkov olmuşdur.

3. Hələ Cənubi Azərbaycandakı siyasi proseslər zamanından M.C.Bağırovla Molotov arasında kəskin ziddiyyət yaranmışdı (Bunu müəllifi olduğum “M.C.Bağırov – tam məxfi sənədlər” kitabımda göstərmişəm-A.M.)

Qalırdı yalnız Voroşilov-Bulqanin cütlüyü. Onlar da yuxarıdakı qüvvələrin iradəsinin əleyhinə getməkdə ehtiyatlı idilər. M.C.Bağırov başa düşürdü ki, Kremldəki siyasi atmosfer onun əleyhinə yönəlib.

Bəs nə etməli?

Bəlkə respublikanın yerli kadrları ilə öz iradəsini ortalığa qoymaq!? Bu gülüncdür! Ona görə ki, artıq onların bir hissəsi Kremldən gələn «soyuq şimal küləyindən» özlərini qorumaq üçün M.C.Bağırova qarşı «ittiham» kampaniyasına qoşulmuşdular.

Budur reallıq!

Müstəqilliyi əlindən alınmış millətin taleyi onun rəhbərinin taleyinə oxşar olur. Hər iki halda bu tale açarı «böyük qardaşlar»ın əlində olur.

Bütün bu reallıqları saf-çürük edən M.C.Bağırov məntiqlə yalnız Bakıdakı plenumda etdiyi çıxışı edə bilərdi. Əgər M.C.Bağırov Azərbaycan milli hakimiyyətinin və Türkiyənin agenti kimi ittiham olunan Beriyanın müdafiəsinə qalxmış olsaydı, o, həm özünü, həm də onun təqdimatı ilə irəli çəkilmiş AKP MK-nın və respublikanın bütün məsul vəzifəli şəxslərini zərbə altında qoymuş olardı. Belə ki, bu hal Kremldə dəfələrlə KP MK-nın Rəyasət Heyətində azərbaycanlıların türk olduğunu qeyd edən və onların deportasiyasını məqsədyönlü şəkildə qaldıran qatı daşnak Mikoyanın niyyətlərini həyata keçirməyinə imkan yaradardı. Son nəticədə zərbə yenə də Azərbaycan xalqına dəyəcəkdi. Ona görə də M.C.Bağırov yuxarıdakı reallıqların hər birini düşünərək, özü də istəmədən L.P.Beriyanı ifşa edən ali hakimin nümayəndəsinə çevrilir!

Bakıdakı plenumu Xruşşovun Moskvadan göndərilmiş emissarı, Sovet İttifaqı KP MK-nın şöbə müdiri P.N.Pospelov və onun rəhbərliyi altında olan T.Yaqubov aparırdı.

Plenumda M.C.Bağırov söz alaraq, Sovet İttifaqı KP MK-nın çıxardığı qərarları dəstəklədiyini və Beriyanın «antisovet» fəaliyyəti ilə əlaqədar mövqeyini bildirir: O, əvvəlcə çıxışında sosializm ideyalarının Çində geniş vüsət almasını və həmçinin AFR-in kansleri Adenaueri ABŞ agenti adlandıraraq sosializmin qatı düşməni kimi təsvir edir. Görünür, bu mövqe ondan irəli gəlirdi ki, «Beriya Almaniyanın yarısosializm-yarıkapitalizm formasında birləşməsi fikrinin tərəfdarı kimi çıxış edirdi. O cümlədən də, Bağırov Cənubi Koreya rəhbəri Li Sın Manı da ABŞ agenti kimi ittiham edir və Beriyanı da bu sıraya qoşaraq deyir:

«Yoldaş Malenkovun Beriyanın antidövlət, antipartiya fəaliyyəti barədə məruzəsinə əsasən Sov. İKP MK Rəyasət Heyətinin qərarı bir daha təxribatçı, casus partiyanın qatı düşməni olan Beriyanın iç-üzünü açdı».

Bağırov başa düşürdü ki, onun Moskvadakı çıxışı Sov. İKP MK Rəyasət Heyətinin üzvlərini qane etməmişdi. Xruşşovun Bağırovun üstüörtülü sualına aydın cavab verməməsi barədə MK-nın Moskvadan gələn məsul işçilərini təlimatlandırması və onların Bakıdakı plenumdakı çıxışlarındakı vurğuları onu yeni manevrlərə əl atmağa məcbur edirdi.

O, qeyd edirdi: «Mən uzun illərdir ki, Beriyanı tanıyırdım və onun təmiz kommunist və qatı bolşevik olduğuna inanırdım. Mən yoldaş Malenkova söylədim ki, bu əclaf məni ən çirkin yolla aldadıbmış». 

Sonra P.N.Pospelov 1937-ci ildə bir şəxs tərəfindən Beriyanın Müsavat əks-kəşfiyyatında xidməti barədə rəsmi ərizəylə müraciət etməsi barədə plenum iştirakçılarına məlumat verir. Bəzi müəlliflər öz əsərlərində bu barədə ziddiyyətli fikir söyləyirlər. Eldar İsmayılov «Власть и народ»  kitabında bu şəxsin əvvəllər Azərbaycan KP MK-nın I katibi işləmiş, sonralar 1937-ci ildə SSRİ səhiyyə naziri olmuş Q.Kaminski olduğunu qeyd edir. Müəllif göstərir ki, Stalinin Beriyanı aradan götürmək planı olmadığı üçün Q.Kaminski sonradan yoxa çıxır. A.Antonov Ovsienko da «Beriya» kitabında bu məqama başqa mövqedən yanaşaraq qeyd edir: 1921-ci ilin dekabrın əvvəllərində FK-nın sədri F.Dzerjinski Beryazini yanına çağıraraq, Az.FK-nın məxfi əməliyyat şöbəsinin rəisi işləyən L.Beriyanı siyasi sabotajda günahlandıraraq, həbs edilməsini tapşırır və guya Mikoyanın havadarlığı ilə həbsi mümkün olmur. A.Antonov Ovsienko Q.Kaminskinin 1937-ci il plenumundakı çıxışını qeyd edir və L.Beriyanın Müsavat əks-kəşfiyyatındakı xidmətlərindən S.Orco-nikidzenin, S.Kirovun, F.Dzerjinskinin xəbəri olduqları barədə məlumat verir.

Hər iki yanaşmaya münasibət bildirərkən onu qeyd etmək istərdim ki, ümumiyyətlə, L.Beriya 1921-1953-cü illər arasında şəxsi anketlərində Müsavat hökumətinin kəşfiyyatında olmağı barədə məlumat verir. Ancaq o, Azərbaycan Demokratik Respublikasının polisinə, yəni kəşfiyyatına bolşeviklərin xətti ilə göndərildiyini qeyd edir. Bu barədə o dövrün bütün rəhbərlərinin məlumatı var idi. Məsələ burasındadır ki, L.Beriyanın Müsavat hökumətindən bolşeviklər içərisinə göndərilmiş kəşfiyyatçı kimi təsdiq edən sənədlər isə yalnız M.C.Bağırovda idi. İstər Kaminskinin, istərsə də Dzerjinski və Orconikidzenin əlində bu sənədlər yox idi. Hələ Orconikidze 1935-ci ildə Stalinə Beriyanın Müsavat kəşfiyyatında olmağı barədə məlumat verdikdə Stalin ondan bunu təsdiq edən sənədləri tələb etmişdi. Bu sənədləri əldə edə bilməyən (Boris Sokolovun «Beriya» kitabından) Orco-nikidze sonradan yanıldığını və Beriya haqqında yüksək fikirlərlə zəngin və onu təmiz kommunist kimi göstərən məktubunu Stalinə göndərir.

Ancaq mənə elə gəlir ki, Stalin özü Beriyanın məhv edilməsində maraqlı deyildi, çünki Q.Kaminski repressiyaların ən zirvə vaxtında məhz 1937-ci ildə keçirilən plenumda onun müsavat kəşfiyyatı ilə əlaqəsi barədə məlumat vermişdi. Belə bir vaxtda sinfi düşmən axtarışına çıxmış Stalin paranoid təfəkkürü üçün Beriya yüz minlərlə qurbanlardan biri ola bilərdi. Əgər Beriyanın həbsi Stalina lazım olsa idi, ən azı bu çür ittihamlar onun üçün yetərdi. Lakin Stalin Beriyanın ona sədaqətli olduğuna inanırdı, ona görə də onu qoruyurdu. Beləliklə, Bağırov 1953-cü ildə Bakıdakı plenumdakı çıxışı zamanı hər ehtimala qarşı Yemelyanov haqqında müsbət fikirlər söyləyirdi. Ona görə ki, Beriyaya aid əsl sənədlərin surətlərinin Bağırovda olduğunu Yemelyanov bilirdi. Bağırov da Yemelyanovu özünə qarşı müsbət kökləmək üçün onunla çox ehtiyatla davranırdı. Bağırov çıxışında qeyd edirdi:

«İndi aydın olur ki, daxili işlər nazirliyinin arxivlərindən Beriyaya aid qovluq və onun Müsavat kəşfiyyatındakı fəaliyyətini əks etdirən sənədlər onun tərəfindən Moskvaya aparılmışdı. Mənə dünən yoldaş Yemelyanov telefonla məlumat verdi ki, DİN-in arxivindən Müsavat əks kəşfiyyatçılarının siyahısı tapılmışdır və burada Beriya birinci yerdə durur. 28 aprel 1953-cü ildə Beriya mənə və yoldaş Sumbatova, Yemelyanov vasitəsilə ov tüfəngini hədiyyə göndərmişdi və bu silahın üstündə «Beriyadan M.C.Bağırova» sözləri yazılmışdı.

Beriyanın həbsdən qaçırılma planı, həbsdən yazdığı məktublar və cinayətini sübut edən 6 fakt — Araşdırma - II yazı
Sonra Bağırov çıxışında qeyd edirdi ki, Beriya məndən Azərbaycan DİN-in əməkdaşlarının milli kadrlarla əvəz edilməsini, Yemelyanovun da nazir vəzifəsindən uzaqlaşdırılmasını və onun azərbaycanlı ilə əvəz edilməsini tapşırmışdı. Mən Yemelyanovu yanıma çağıraraq: «Səni bu vəzifəyə partiya təyin edib və səni bu vəzifədən partiya azad edə bilər. Ona görə Beriya ilə bütün danışıqlara son qoy» dedim.

Burada sanki Bağırovun taleyinin Yemelyanovdan asılı olduğu üzə çıxır. Beriya ilə dostluğuna isə aşağıdakı formada izah verir:
«Mən Lenin haqqında yoldaş Stalindən dəfələrlə bu fikirləri eşitmişəm; Leninin dostluğu müəyyən ana və müəyyən zamana qədər idi. Əgər o, dostunun işində hər hansı saxtakarlıq görürdüsə, Lenin həmin andan o yoldaşın meyidinin üzərindən ona baxmayaraq keçərdi».
Sözsüz ki, Bağırov Yemelyanovun Beriyanın həbsinə qədər Moskvaya ötürdüyü məlumatlardan xəbərsiz idi. Ona görə də Bağırov elə düşünürdü ki, Yemelyanov onu satmayacaq.

Hadisələrin bu cür cərəyan etdiyini görərək plenuma rəhbərlik edən N.S.Xruşşovun nümayəndələri M.C.Bağırovu çıxılmaz vəziyyətdə qoymaq üçün S.Yemelyanovu qabağa verirlər. Sonradan S.Yemelyanova 1956-cı ildə məlum məhkəmə prosesində onun ölüm hökmündən yaxa qurtarmasının da təsadüfi olmadığını buradan başa düşmək olar. Azərbaycanda aparılmış repressiya proseslərində yazılı formada sərəncam vermiş bu şəxsin nədən ölüm hökmündən yaxa qurtarması kitabda açmaq istədiyimiz siyasətin məğzində duran kommunist qiyafəli imperiya adept-lərinin məqsədinə uyğun olmadığından irəli gəlirdi. Bunu onun plenumda çıxışı zamanı bütün təqsirləri M.C.Bağırovun üstünə yıxmağında da görürük.

Yemelyanov öz çıxışını əvvəlcə Beriyanı, sonra isə M.C.Bağırovu ifşa etmək üzərində qurdu. O, öz çıxışında qeyd edirdi:
«Yoldaşlar, bizim partiyaya Beriya barədə həqiqətləri üzə çıxarmaqda hamıdan çox M.C.Bağırovla Y.Sumbatov kömək edə bilərlər. Onlar Beriya ilə dostluq etdikləri üçün onu daha yaxşı tanıyırlar. Necə ola bilər ki, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 33 illiyi münasibətilə alçaq Beriya başqa adama yox, məhz sizə, yoldaş Bağırov və yoldaş Sumbatova hədiyyə göndərir?»

Daha sonra Yemelyanov öz çıxışında artıq Bağırov mövzusundan ani olaraq uzaqlaşmaq istədikdə Xruşşovun əlaltısı Pospelov onun sözünü kəsərək yenidən onu Bağırov mövzusuna qaytarmaq üçün deyir:

«Siz AKP MK-nın büro üzvüsünüz. Bəs niyə DİN-in fəaliyyəti partiyanın siyasi kursu ilə uyğun gəlmir?».

Bu replikanın əsasında hansı fikir durduğunu aydın başa düşən Yemelyanov «artıq mətləbə keçməyin vaxtıdır» işarəsini anlayır və öz çıxışını aşağıdakı formada davam etdirir:

«Mən büro üzvü kimi qeyd etmək istəyirəm ki, burda yoldaşlar çox düzgün qeyd edirlər ki, son dövrlər bizim respublikada kollektiv partiya rəhbərliyi əslində mövcud olmamışdır.

Siyasi büroda elə bir mühit formalaşmışdı ki, Bağırovun dediyi istənilən fikir apelyasiyasız qəbul olunurdu. Beriyanın həbsindən əvvəl AKP MK-nın sonuncu büro iclasında mənimlə yoldaş T.Quliyev arasında bürodakı mühit barədə ümumi fikir birliyimiz oldu. Söhbətimiz zamanı yoldaş Quliyev mənə söyləyirdi ki, bu, büro iclasına oxşamır, büro mühakimə məhkəməsinə çevrilib. “Otur, dur, çıx, gir” əsəbi mühiti sanki gələcəkdə baş verə biləcək hadisədən xəbər verirdi. Bilmək olmurdu ki, bura büro iclasıdır, yaxud Nazirlər Sovetinin Rəyasət Heyətinin iclası. Baxmayaraq ki M.C.Bağırov artıq AKP MK-nın I katibi deyildi, ancaq bütün məsələlərə o, müdaxilə edirdi. Biz başa düşə bilmirdik ki, nə baş verir».

Lakin üzünü Bağırova çevirən Yemelyanov birdən özünü itirir və ittiham atəşinə tutduğu şəxsin zəhmindən özündə cəsarət tapıb plenumda Moskvaya ötürdüyü «siqnallar» barədə məlumat verə bilmir.

Yemelyanovun çıxışından sonra Kremldən idarə olunan erməni siyasi elitasının Azərbaycan KP MK-dakı nümayəndələri ələ düşmüş fürsəti əldən buraxmamaq üçün M.C.Bağırova qarşı hərtərəfli hücuma keçdilər. Onlar M.C.Bağırovun respublika rəhbərliyinin xüsusilə son dövründə erməni ədəbi-siyasi klanına qarşı mübarizəsini ona bağışlaya bilməzdilər. Plenumda Azərbaycan KP MK-nın üzvü Əmirxanyana söz verirlər.

Amo Əzizoviç Əmirxanyan öz çıxışında yaltaq xislətinə uyğun olaraq qeyd edir:

«Biz Zaqafqaziyada, Azərbaycanda – Bakıda yaşayırıq və biz öz iqtisadi-mədəni nailiyyətlərimizə görə Kommunist partiyasına və böyük rus xalqına borcluyuq».

Sözsüz ki, bu sözlərdən sonra o, artıq Bağırova qarşı hücuma başlayaraq deyirdi:

«Necə ola bilər ki, Müsavat əks-kəşfiyyatında işləyən Beriya burada Sovet hökuməti qurulduqdan sonra Azərbaycan Fövqəladə Komissiyasında yoldaş Bağırovun köməkçisi olur və sonra Zaqafqaziya Federasiyasında məsul vəzifələrdə onlar yenə də bir yerdə işləyirlər. Kim də bilməsə, yoldaş Bağırov Beriyanın keçmişini çox gözəl bilirdi. Birdən-birə Bağırovun nə isə yadından çıxarması və hafizəsindən şikayət etməsi inandırıcı deyil. Mən çox gözəl bilirəm ki, yoldaş Bağırov, sizin iti yaddaşınız var».

Əmirxanyanın bu çıxışının birbaşa Mikoyan tərəfindən təlimatlandırıldığı üzə çıxırdı. Ona görə ki, Mikoyana Bağırov-Beriya birliyinin qaranlıq tərəfi məlum idi. Əmirxanyan həm də Azərbaycanda erməni dilində çıxan «Kommunist» qəzetinin baş redaktoru idi. O, bolşevik qabığı altında ermənilərin siyasi birliyinin təbliğatı ilə birbaşa məşğul olurdu. Ona görə də o, plenumda ermənilərin siyasi elitasının mövqeyini ortalığa qoyurdu.

O, çıxışında deyirdi: «Yoldaş Bağırov, siz burda bir tərəfdən deyirsiniz ki, indi sizə aydın olur ki, «Zaqafqaziyada bolşe-viklərin tarixi» kitabını Beriya deyil, başqaları yazıbmış, bu biri tərəfdən də qeyd edirsiniz ki, mən onu marksist ideyaları ilə silahlanmış inqilabçı kimi tanıyırdım. Yoldaş Bağırov, nə isə uyğun gəlmir. Ona görə ki, siz yalan danışırsınız!»

Əmirxanyanın azğınlaşmış çıxışının mənbəyi bizə məlumdur. Bu da faktdır ki, ermənilərin siyasi elitası, ümumiyyətlə, Beriyaya nifrətlə yanaşırdılar. Belə ki, onlar Ermənistan Kommunist Partiyasının I katibi Aqaş Qevondoviç Xancanyanın ölümündə Beriyanı günahlandırırdılar. Lakin 1936-cı ilin 11 iyulunda rəsmi qəzetlər Xancanyanın intihar etməsi barədə məlumat verirdi. Həqiqətən də Xancanyan Beriyanı təmin etmirdi. Ona görə də Beriya Xancanyanın ölümündən sonra, əvvəlcə birinci katib kimi təsdiq edilməsində Qayk Amatuniyə köməklik edir. Qayk Amatuni 1937-ci ildə repressiyaya məruz qaldıqdan sonra onun yerinə Beriya Ermənistan KP MK-nın I katibi vəzifəsinə Qriqori Arutinovun təsdiq olunmasına nail olur.

Onu da qeyd etmək istəyirəm ki, 1953-cü il Moskvadakı iyul plenumunda o da Beriya ilə yaxın münasibətlərinə görə özünü təmizə çıxarmaq üçün onu amansız ittiham atəşinə tutur, lakin onu sonralar Bağırovdan fərqli olaraq partiya sıralarından xaric etmirlər və onun üzərində məhkəmə prosesi qurmurlar. Yalnız I katiblikdən onu uzaqlaş-dıraraq sakit həyat tərzini davam etdirməyinə şərait yaradırlar (çünki o, A.Mikoyan ilə quda idi-A.M.).

Beriyanı həbs etdikdən sonra ona qarşı sürülən ittihamlardan biri də onun pozğun həyat tərzi sürməsi göstərilirdi. Bu ittihamı isə Beriyaya qarşı məlum Sarkisov (mənşəcə o da erməni idi-A.M.) təşkil etmişdi. Çünki, bu cür «ittihamlar» sonradan M.C.Bağırova tətbiq olunacaqdı. Yuxarıda göstərdiyim kimi, Moskvadakı məlum plenumda Şatalin V.İ.Sarkisovun imzaladığı sənədə istinad edərək, hətta Beriyanın məşuqələrinin sayını plenum iştirakçılarının nəzərinə çatdırmışdı. Bunun nə qədər həqiqətə uyğun olub-olmadığını yalnız bir neçə faktla təhlil etmək olar. Əslində, Sarkisov Mikoyanın təklif və təhrikinə uyğun belə bir sənəd hazırlamışdı. Çünki onun fikirlərini əsaslandırmaq üçün heç bir mənbə yox idi. Məsələn, Sarkisov ifadələrində deyirdi: «Beriyanın çoxsaylı qadınlarla əlaqəsi mənə məlum idi. İcazə verin, mən qadınların adını çəkməyim. Beriya S. adlı bir vətəndaşın vasitəsilə onun rəfiqəsi ilə tanış olur. Bu qadın bir hərbi attaşenin arvadı idi və eyni zamanda, modalar evində işləyirdi. Mən Beriyanın otağında olarkən o, Abakumova telefonla göstəriş verərək - niyə o qadını hələ həbs etməmisən, söyləyirdi» (B.Sokolov. «Beriya» kitabından).

Deməli, belə çıxır ki, Beriya qadınlarla əvvəlcə olurmuş, sonra isə onları həbs etdirirmiş?

Əlbəttə ki, böhtan atmaqda usta olan Sarkisov nə danışdığını heç özü də başa düşmürdü.

Ona görə ki, Beriya ilə Abakumov arasında dərin ziddiyyət var idi (kitabın əvvəlki səhifələrində bu barədə geniş yazılmışdır-A.M.). Həm də V.S.Abakumov Beriyaya deyil, birbaşa Stalinə tabe idi. Əlbəttə, bu hal Beriyanı qıcıqlandırırdı.

Sonralar Beriya ilə Abakumov arasında ikincinin tam məğlubiyyətinə qədər təhlükəsizlik orqanlarına rəhbərlik etmək uğrunda mübarizə gedirdi. Elə bu səbəbdən də Beriyaya yaxınlığı ilə seçilən kadrlar, o cümlədən, Bakıdan Moskvaya XDTK-ya məsul vəzifəyə gətirilən Y.Sumbatov-Topuridze Abakumovun təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi zaman vəzifədən kənarlaşdırılmışdı…

Ona görə də Sarkisovun sözlərində heç bir məntiq yox idi. Əslində, Abakumov Beriya haqqında elə belə faktlar axtarırdı ki, kompromat kimi istifadə edib, onu Stalinin qəzəbinə düçar etsin.

Kitab məsələsi isə plenumda süni surətdə formalaşdırılmış fikir idi. Belə ki, 1935-ci ildə «Zaqafqaziya bolşevik təşkilatlarının tarixi məsələləri» kitabı L.P.Beriyanın müəllifliyi ilə çapdan çıxır. Beriya etiraf edir ki, Tiflisdən Marks-Engels-Lenin institutunun 20 əməkdaşı ona materialları toplamaqda kömək ediblər. Sadəcə, imperiya adeptlərinin ssenarisində «kitab» məsələsi olduğuna görə, onlar da Beriya haqqında plagiator obrazı formalaşdırırlar və hətta kitab üçün bu məruzələri hazırlayan 20 əməkdaşdan biri olan Ernest Bediyanın da guya bu kitabın müəllifi olduğunu iddia edirlər. Ona görə də yenidən Əmirxanyanın çıxışına qayıtsaq, görərik ki, o, Bağırova «Mərkəzi Komitənin Beriyanın ifşa edilməsində artıq sizin köməyinizə ehtiyacı yoxdur» deməklə sanki erməni siyasi elitasının mövqeyini bildirir. O, bu sözlərlə Bağırovu Kremlin rus-siyasi klanının yırtıcı caynaqlarının altına itələyirdi. Əmirxanyan çıxışı zamanı daha da azğınlaşaraq deyirdi: “Siz həmişə Beriyanın qalxanının altında gizlənmişdiniz! Siz respublikada hamıya öz iradənizi diktə edirdiniz! Siz həmişə deyirdiniz ki, Moskvaya göndərilən istənilən şikayət ərizəsinin qarşısını ala bilərsiniz və Beriya adlı «kozırdan» xalqa, partiyaya qarşı istifadə edirdiniz! Siz respublikanın siyasi fəallarına hədə-qorxu gəlirdiniz!”

Artıq bu hücumlara dözə bilməyən M.C.Bağırov Əmirxanyanın sözünü iki dəfə kəsərək deyir:

«Bir dəqiqə dayanın, söyləyin görək, Moskvaya mənim haqqımda mənfi nə isə yazmağa kimə imkan verməmişəm, iftiralarınıza son qoyun və mənə konkret cavab verin. Mən kimə hədə-qorxu gəlmişəm? Üzümü plenum iştirakçılarına tutub deyirəm, indiyə qədər mən kimi təhqir etmişəm?»

Əmirxanyan birdən qarşısında zəhmli M.C.Bağırovun cüssəsini gördükdə çıxışının əvvəlində söylədiyi fikri bir qədər inkar edərək deyir:
«Mən demirəm ki, siz hədə-qorxu gəlirdiniz. Mən deyirəm ki, siz Beriyanın köməkliyindən istifadə edirdiniz».

Əmirxanyan birdən başa düşür ki, o, mövqeyini tez dəyişməklə ssenaridən kənara çıxıb.

Yenidən o, Bağırovu hədəf seçərək, Sov.İKP MK-nın Bakı plenumundakı nümayəndə heyətinin üzvü N.İ.Şubinə yaltaqlanaraq deyir:
«Yoldaşlar, Sov.İKP MK-nın nümayəndəsi yoldaş Şubin Bakıya gəlmişdir. Mən yoldaş Şubinlə Naxçıvan Muxtar Respublikasında bir faktı yoxlamağa getdim. Söhbət Naxçıvan Muxtar Respublikasının II katibi Hacıyevin maliyyə fırıldaqlarından gedirdi. Büro iclasından sonra yol.Şubin Moskvaya getdi və mən də bir neçə müddət Bakıdan kənarda oldum. Mən Bakıya qayıtdıqda şahidi oldum ki, büronun onun vəzifəsindən azad edilməsi barədə qərarına baxmayaraq, Hacıyev yenə də öz vəzifəsini icra edirdi (Sonralar artıq SSRİ Daxili İşlər Nazirliyinin məsələyə müdaxilə etməsindən sonra Hacıyev həbs olunur – A.M.). Bu faktdan sonra Bağırov Azərbaycan kommunistlərinə yoldaş Şubinə müraciət etməyi məsləhət görmürdü».  Bu sözlərdən sonra Əmirxanyanın simasızlığından heyrətə gələn plenum iştirakçıları arasında böyük səs-küy yaranır. Yerlərdən Əmirxanyanın üstünə qışqıraraq:

«Yalan danışırsınız, siz deyə bilərsinizmi bu sözləri kim deyib».

Qəlbi zəhərlə dolu olan, rəngi ağarmış Əmirxanyan: «Mən nə bilirdim, onu dedim» deyərək vəziyyəti gərginləşdirməmək üçün tribunadan ayrılır.

Plenumun bəzi azərbaycanlı iştirakçıları da Bağırovu tənqid atəşinə tutmuşdular. Axı plenum iştirakçılarının böyük əksəriyyəti Bağırovun özünün irəli çəkdiyi kadrlar idi. Sual olunur;  bəs nəyə görə Bağırovun şəninə yüksək fikirlər söyləyən bu kadrlar mövqelərini ani olaraq dəyişirlər. Sözsüz ki bu, quruluşun bəlası idi. Bağırovu respublikada apardığı repressiyalarda ittiham edənlər bir məsələni yaddan çıxarmamalıdırlar ki, bu, Kremlin apardığı siyasətin yerlərdə icrası idi və bu plenumda da M.C.Bağırovu ittiham edən vəzifəli şəxslər yenidən Kremlin sifarişini həyata keçirirdilər.

1953-cü il 13 iyul plenumunun axşam iclasında M.C.Bağırov vəziyyətin çıxılmaz olduğunu başa düşərək yenidən söz almaq istəyir. Sözsüz ki, burada plenum iştirakçılarının və xüsusən azərbaycanlı kommunistlərin böyük əksəriyyətinin M.C.Bağırova olan hörməti bir daha üzə çıxır.

Bağırov istər Moskvadakı, istərsə də Bakıdakı plenumda ona qarşı hazırlanan məruzələrdə A.Mikoyanın redaktəsini hiss edirdi. Mikoyanın keçmişi Bağırova gözəl bəlli idi. Ona görə də M.C.Bağırov plenumdakı ikinci çıxışında üstüörtülü şəkildə Mikoyana xəbərdarlıq göndərir. O, çıxışında qeyd edirdi:

«Burada yoldaşlar məndən Beriyanın Müsavat əks-kəşfiyyatındakı fəaliyyəti barədə faktlar istəyirlər. Mənim çox çətinliklə yadıma sala bildiyim bir faktı sizin nəzərinizə çatdırmaq istəyərdim. Ancaq müəyyən adları çəkə bilməyəcəm. Bu adları yalnız Sov.İKP MK-nın Rəyasət Heyətində söyləyə bilərəm. 1918-19-cu illərdə burada – Zaqafqaziyada – amerikan general-qubernatoru Naxçıvanda oturan zaman Bakıda istilaçılar bir-birlərini əvəz edirdilər. İtalyanlar, almanlar, türklər və ingilislər Bakını istila etdikləri zaman öz kəşfiyyatlarını işə salırdılar. Buranı tərk etdikdən sonra da onların kəşfiyyat şəbəkələri fəaliyyətlərini dayandırmırdı. Mən dünəndən fikirləşirəm ki, necə ola bilər ki, partiya xətti ilə əks-kəşfiyyatda fəaliyyət göstərməyini Beriya şəxsi vərəqəsində qeyd edir. Dünən burada Partiya tarixi institutundan yoldaş Zevin Beriya haqqında arayışı oxudu. Fikir verin, Beriyanın Kommunist Partiyasına qəbul olunması təklifini ifşa olunmuş düşmən – Sarkis (repressiya illərində həbs olunmuş hansısa ermənini nəzərdə tutur-A.M.) edir. Yoldaşlar, 1937-ci ildəki prosesləri yadınıza salın. Bu proseslərdən aydın olur ki, vaxtilə burada S.M.Kirovdan sonra respublikaya rəhbərlik etmiş L.Mirzoyan 1918-ci ildə ingilislərin agentura şəbəkəsinin əlaqələndirici şəxslərindən olmuşdur».

Növbəti yazıda məhkəmədə M.C.Bağırovun üzünə duranların mükafatlandırılamsı və cəzalandırılmasından söz açacağıq...

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics