27.03.2017

Beriyanın həbsdən qaçırılma planı, həbsdən yazdığı məktublar və cinayətini sübut edən 6 fakt — Araşdırma - II yazı

M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsi.

I yazıda Stalinin ölümü, Beriyanın hakimiyyət davası, Xruşşovun andından söz açmışdıq. Sizə təqdim etdiyimiz bu materialda isə Beriyanın həbsdən qaçırılma planı, həbsdən yazdığı məktublar və cinayətini sübut edən 6 faktdan söz açacağıq.


"Ölkə.Az" istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun "M.C.Bağırovun gizli məchulları və onu satan yaxın çevrəsi"nə gün işığı tutan dəyərli araşdırmasını sizə təqdim edir:

Xruşşov xatırlayır: “MK Rəyasət Heyətinin 26 iyun 1953-cü il iclasını keçirmək üçün Rəyasət Heyətinin bütün üzvləri Malenkovun kabinetində yığışdılar. Ancaq Beriya hələ yox idi. Mənə elə gəldi ki, kimsə mənə xəyanət edib. Lakin bir azdan L.Beriya özü daxil oldu. Görəndə ki bütün idarəedici tərkib burada - kabinetdədir, Beriya təəccüblə Xruşşova müraciət etdi (onu “Xruşa” adlandırırdı - A.M.).

Beriya stulda oturdu və soruşdu: “Nə üçün məni təcili çağırmısınız, gündəlikdə hansı məsələ durur?” Elə bu zaman özümü itirmədən dedim: “Gündəlikdə bir məsələ durur: Beynəlxalq imperializmin agenti L.Beriya və onun antipartiya hərəkətləri. Onu tutduğu vəzifədən azad etmək, Siyasi bürodan və Sov.İKP sıralarından çıxarmaq və işi tribunala vermək təklifi var. Kim lehinədir?” Sonra sol əlimi qaldırdım, sağ əlimlə düyməni basdım ki, Jukova xəbər verim. Jukov zabitlərlə gəldi; başqaları da əllərini qaldırdılar. Zabitlərlə Jukov L.Beriyanı əhatəyə aldılar, əmr etdilər ki, əllərini qaldırsın. Özünə hələ də gəlməyən L.Beriya başa düşə bilmirdi ki, nə baş verir”.

Həqiqətdə isə, Xruşşov soruşanda ki “Kim lehinədir?”, onu dəhşətli qorxu bürüyür, ona görə ki, yeganə olaraq təkcə öz əli qalxmışdı. Çünki Beriyanı görən kimi, Rəyasət Heyətinin digər üzvləri qorxularından özlərini itirmişdilər. Bu səhnəni görən Xruşşov tələm – tələsik düyməni basır və kabinetə silahlanmış generallar daxil olurlar. İçəri daxil olan Jukov Beriyaya əmr edərək qışqırır: “Dizi üstə çök!” Bu an  Beriyanın dizi üstə çökdüyünü görən Rəyasət heyətinin digər üzvləri yekdilliklə əllərini qaldıraraq Nikita Sergeyeviç “biz hamımız lehinəyik”deyirlər.

General Moskalenkonun xatirələrində deyilir: “Bunlar hamısı Beriya üçün o qədər gözlənilməz oldu ki, o, tamamilə özünü itirdi. Həbs zamanı onun portfelindən qırmızı qələmlə yazılmış bir kağız vərəqəsi tapılmışdı - “Həyəcan, həyəcan, həyəcan”...

Görünür, Xruşşov Beriya haqqında danışanda və onun hərəkətlərini tənqid edəndə, o, təhlükəni hiss etmiş və bu vərəqi Kremlin mühafizəçisinə ötürmək istəmişdi.


İclasdan 15-20 dəqiqə keçmişdi, məhz bundan sonra MK Rəyasət Heyətinin üzvləri çıxıb evə getdilər. Qaldı beş nəfər: Beriya və onunla üzbəüz Batitski, Baksov, Moskalenko, Zub və Yuferev. Bayırdan - qəbul otağı tərəfdən qapını Brejnev, Getman, Nedelin, Pronin və Şatilov qoruyurdular.

Beriya əsəbiləşirdi; o, pəncərəyə tərəf gəlmək istəyirdi, hərbçilərdən bir neçə dəfə tualetə getməyi xahiş etdi, onu beş silahlı adam ora aparıb-gətirdi. Görünürdü ki, mühafizəsinə siqnal vermək istəyirdi, onlar hər yerdə formada və mülki paltarda silahla dururdular. Vaxt uzanırdı, Malenkovun köməkçisi Suxanov qəbul otağında çay təşkil edirdi. Ancaq Beriyanı Kremldən gizlicə çıxarmaq üçün qaranlıq hələ çökməmişdi. Axşam saat 22-23 radələrində qəbul otağında Beriyanın 1-ci müavini, ordu generalı Maslennikov göründü. O, hay-haray salaraq təkidlə soruşurdu ki, burada nə baş verib. Mən çıxdım və ona sakitcə cavab verdim: “Siz burada səs salmayın və qışqırmayın”. Və həmin dəqiqə də Bulqaninə zəng etdim. O əmr etdi ki, Maslennikov təcili surətdə Kremli tərk etsin, sonra isə dəstəyi ona verməyimi xahiş etdi. Onlar nə danışdılar, bilmirəm, ancaq ikisi də o dəqiqə getdilər (Sonralar Beriyanın işi araşdırılanda, Maslennikov özünü güllələdi - A.M.).

İyunun 26-dan 27-nə keçən gecə saat 24 radələrində, Malenkovun köməkçisi Suxanovun köməyilə mən hökumət siqnalları ilə 5 ZİS-110 çağırdım və onları HHQ Moskva dairəsinin Kirov küçəsində yerləşən qərargahına göndərdim. Eyni vaxtda mənim göstərişim əsasında dairə qərargahı operativ idarəsinin rəisi polkovnik Yerastovun komandanlığı altında 30 zabit-kommunist hazırlanmışdı. Onların hamısı silahlanmış, 5 maşında yoxlanılmadan Kremlə gətirilmişdilər. Onlar gələn kimi Kremlin daxili binasında, Beriya həbsdə olan yerdə mühafizəni dəyişdilər. Bundan sonra ətrafı mühafizə ilə əhatə edilmiş Beriya çölə çıxarıldı və ZİS-110-un orta oturacağına əyləşdirildi. Həmin maşında Batitski, Baksov, Zub və Yuferev əyləşdilər. Mən qabaqda - sürücünün yanında oturmuşdum, digər maşında HHQ-dən gələn 6 zabit əyləşmişdi. İki maşınla biz dayanmadan Spassk darvazalarını keçdik və Beriyanı Moskva şəhərinin qarnizon qaupvaxtına apardıq...”

Bu hadisə barədə Sov.İKP MK Rəyasət Heyətinin üzvlərindən başqa heç bir vəzifəli şəxs bilmirdi.

Həmin gün Beriyanın oğlu Serqo da ailəsilə birlikdə həbs olundular. Bütün bu baş verən hadisələrdən hiddətlənən Nina Teymurazovna (L.P.Beriyanın arvadı-A.M.) ölkənin siyasi rəhbərliyinə məktubla müraciət edir.

РГАСПИ. F.17. Siy.171. İş.463. Səh.175

N.T.Beriyanın G.M.Malenkova məktubu

29 iyun 1953-cü il.

SSRİ Nazirlər Sovetinin sədri G.M. Malenkova
Sov.İKP MK katibi N.S.Xruşşova
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.E.Voroşilova
SSRİ Nazirlər Soveti sədrinin müavini L.M.Kaqanoviçə

Nina Teymurazovna Beriyadan.

Üç gün bundan qabaq oğlumu ailəsilə birlikdə tutub aparıblar və mənim onlar barədə heç bir məlumatım yoxdur. İndi tək qalmışam. Mənə dedilər ki, Beriya hökumətin göstərişilə saxlanılıb.

Mən Sov.İKP üzvüyəm, ali (kənd təsərrüfatı elmləri namizədiyəm) və siyasi savadım var, otuz ildən artıqdır ki, Lavrenti Pavloviç Beriyanın həyat yoldaşıyam. Bütün sovet adamları kimi mən də hesab edirəm ki, Lavrenti Pavloviç kommunizm quruculuğunda və dövlətimizin daxilində xarici düşmənlərə və onun agentlərinə qarşı mübarizədə sizin silahdaşınızdır. Bunun əsasında mən özümə rəva bilirəm ki, Sizə bir xahişlə müraciət edim – yarım saat vaxt ayırın, məni qəbul edin və mənimlə danışın. Mən ağılsız adam deyiləm, Sizi əmin edə bilərəm ki, otuz il bir yerdə yaşadığım Lavrenti Pavloviçlə sevincimizi də, kədərimizi də bölüşmüşük. Mən onun bir insan kimi zəif cəhətlərini yaxşı bilirəm; və çox yaxşı başa düşürəm ki, bizim düşmənimiz olan hansısa böhtançı da onun zəif tərəfini tapıb. Ona görə mənə elə gəlir ki, bu hadisələrə aydınlıq gətirə bilərəm. Xahiş edirəm, məni qəbul edin! Lavrenti Pavloviç həmişə sizə qarşı ehtiram və məhəbbət hissi təlqin edirdi, onun barəsində mən ancaq sizinlə danışa bilərəm. Mənim heç kimim yoxdur, qocayam və bu məlumatsızlığa çox da dözə bilmərəm!

Əgər Lavrenti Pavloviç böyük bir səhv buraxıbsa və bununla da Sovet dövlətinə ziyan veribsə, onda mən nə deyə bilərəm. Xahiş edirəm mənə imkan verin, onun taleyi ilə şərik olum, nə cür olursa-olsun. Məni heç kim inandıra bilməz ki, o, Lenin-Stalin ideyalarına və prinsiplərinə şüurlu xəyanət edib, beləliklə, mən də onunla bərabər cəza çəkməliyəm.

Ancaq xahiş edirəm, mənim oğluma - Serqoya rəhminiz gəlsin, o, atasını əsl kommunist kimi sevir və ona hörmət edir, hələ ki o, buna layiqdir. Sergey gənc alimdir, istedadlı, savadlı adamdır. Onun biliyinə (o, fizika-riyaziyyat elmləri doktorudur və xarici dilləri mükəmməl bilir) və prinsipiallığına, təmizliyinə görə Sovet dövlətinə çox xeyir verə bilər. Onu cibində bir qəpiyi olmadan evdən götürüb apardılar. O nə qazanıbsa evdə qalıb və onlara da möhür vurulub. Onun həyat yoldaşının heç bir iş vərdişi yoxdur, sağlamlıq cəhətdən zəifdir, məişət çətinliklərini bölüşə bilmir. O, 7-ci aydır ki, hamilədir, üçüncü uşağı gözləyir. Əgər işdən azad olunarsa, - bu, onun həyatının mənası və məğzidir, - o, tələf ola bilər. Xahiş edirəm, ömrünün ən çətin vaxtlarında ona kömək edin. Bu, onunçün ilk və dəhşətli zərbədir, qorxuram ki, o buna dözə bilməyə. Bir ana kimi xahiş edirəm, ona dəstək olun. Sizin övladlarınız, xanımınız, nəvələriniz var, əhvalımı siz başa düşə bilərsiniz, məni zəifliyimə bağışlayın!

Orijinal. Əl yazması.

Lavrenti Beriyanın həbsindən bir neçə gün sonra o, Malenkovun adına ikinci məktubu yazır. Güman edir ki, ondan başqa ona heç kim kömək edə bilməz. Çünki, Beriyanın köməyi olmasaydı, Malenkov Şaxurinin işi ilə əlaqədar həbs oluna bilərdi.
 ----------------------------------------------------------------------
РГАСПИ  F.17. Siy.171. İş.463. Səh.163          

L.P.Beriyanın G.M.Malenkova məktubu

28 iyun 1953-cü il
Sov. İKP MK
Yoldaş Malenkova
Əzizim Georgi,

Mən əmin idim ki, Rəyasət Heyətindəki o böyük tənqiddən nəticə çıxararam və kollektivə faydalı ola bilərəm. Ancaq MK başqa cür həll etdi. Hesab edirəm ki, MK düzgün hərəkət edib. Hesab edirəm və lazım bilirəm deyim ki, mən həmişə Lenin-Stalin partiyasına sədaqətli olmuşam, işdə həmişə fəallıq göstərmişəm. Gürcüstanda, Zaqafqaziyada, Moskvada, DİN-də, SSRİ Nazirlər Şurasında və sonra yenə DİN-də bütün bacarığımı işə sərf edirdim, kadrlar işinə işgüzar, sədaqətli, pinsipial, partiyamıza sədaqətli olan yoldaşları seçirdim. Bu, xüsusi komitəyə aiddir. Birinci və İkinci baş idarələrdə, atom işləri və idarə olunan sursatlarla məşğul olanlarda, Nazirlər Sovetinin katibliyində də elə vəziyyət eyni cür idi. Yoldaşlardan Klementi Voroşilov, Nikita Sergeyeviç Xruşşov, Lazar Kaqanoviç, Nikolay Bulqanin, Anastas Mikoyan və başqalarından xahiş edirəm ki, məni bağışlasınlar; bu 15 ildə birgə böyük və gərgin işdə nə olubsa, xahiş edirəm bağışlayın. Əziz yoldaşlar, sizin hamınıza Lenin-Stalin işi, partiyamızın birliyi, monoliti, qüdrətli vətənimizin çiçəklənməsi uğrunda böyük uğurlar arzu edirəm.

Georgi, xahiş edirəm, əgər mümkünsə, ailəmi (arvadımı və qoca anamı) və oğlum Serqonu, - hamısını sən tanıyırsan, -  diqqətsiz qoyma.
Lavrenti Beriya
28. VI. 1953
-----------------------------------------------------------------

РГАСПИ. F.17. Siy.171. İş.463. Səh.164-172
L.P.Beriyanın G.M.Malenkova məktubu

1 iyul 1953-cü il
Sov. İKP MK
Yoldaş Malenkova

Əzizim Georgi!

Mənim üçün ağır keçən bu 4 gecə-gündüz ərzində, mən hər şeyi götür-qoy etdim. Sov.İKP MK Plenumundan sonra axırıncı aylarda şəxsən sənə və başqa yoldaşlara münasibətdə mənim tərəfimdən işdə nə olubsa, mən öz hərəkətlərimi sərt tənqid etmişəm. Özümü bərk qınayıram. Xüsusən mənim bağışlanmaz hərəkətim sənə olan münasibətdə olub, burada mənim günahım tamamilə yüz faizdir. Başqa yoldaşlarla bərabər məndə bütün enerjim ilə çalışırdım ki, yoldaş Stalinsiz uçuruma yuvarlanmayaq və öz işimizlə MK və hökumətin yeni rəhbərliyinə dəstək verək. MK və hökumətin göstərişilə DİN rəhbərliyini və onun yerli orqanlarını möhkəmlədərək, DİN, MK, hökumət və başqa suallarla əlaqədar, sənin məsləhətinlə, N.S.Xruşşovun məsləhəti ilə siyasi və praktiki vacib təkliflər verək: həkimlərin reabilitasiyası, Gürcüstanda meqrel-millətçi mərkəzin işi ilə əlaqədar həbs olunmuş və Gürcüstandan düzgün sürgün olunmayanların qaytarılması, əfv haqqında, pasport rejiminin ləğvi ilə əlaqədar, partiya xəttinin düzəlməsi ilə bağlı, Qərbi Ukraynada və Qərbi Belorusiyada, ancaq sənin, N.S.Xruşşovun və başqa yoldaşların tənqidiniz MK Rəyasət Heyətində mənim axırıncı iştirakımla mənim düzgün olmayan arzumla MK qərarı ilə birlikdə DİN məlumat vərəqəsilə bir yerdə yollamaq. Əlbəttə, MK qərarı bununla aşağılana bilərdi və elə alına bilərdi ki, DİN Ukraynanın, Litvanın, Belorusiyanın kommunist partiyalarının mərkəzi komitələrini razı salmasın.
       
Düzəliş verirəm, əslində isə DİN-in rolu Sov.İKP MK və hökumətin göstərişlərinin yerinə yetirilməsi ilə məhdudlaşır. Düzünü demək istəyirəm, məlumat vərəqələrinin yollanmasının inadkarcasına tələb edilməsi mənim tərəfimdən axmaqlıq idi və siyasi düşüncəsizlik hərəkəti idi. Axı sən mənə məsləhət vermişdin ki, bunu etmə. Mənim MK Rəyasət Heyətində və Nazirlər Şurasında hərəkətim düzgün deyildi və yolverilməz idi, onlar, mən deyərdim ki, əsəbilik, artıq kobudluq idi; ində mən yaxşı ölçüb-biçdim, başa düşdüm, Almaniyanın məsələsi müzakirə olunanda yoldaş N.S.Xruşşov, N.A.Bulqanin ilə münasibətdə mənim tərəfimdən kobud və utanmaz hərəkət olub. Əlbəttə, burada mən çalışırdım ki, Almaniyaya, Eyzenxaura və Çörçilə Türkiyə və İran və b. Koreya kimi cavab verilsin; təklif edirdim ki, Rəyasət Heyəti tərəfindən elə məsələlər üzrə düzgün qərarlar verilsin.

Macarıstanlı yoldaşların qəbulunda mənim hərəkətim əsassız və düşüncəsizdir. Nad İmre haqqında təklifi mən yox, başqası da yox, sən verməli idin, mən isə ayağa qalxıb axmaq hərəkətlə yanaşı, bundan başqa saymamazlıqla, çox sərbəst danışdım, buna görə də düzgün məzəmmətlə məni yaxşı danlamaq lazımdır. Ancaq onu deyə bilərəm ki, bütün səmimiyyətlə, özüm əsaslı surətdə öz köməkçilərimi məcbur edirdim, MK və hökumətin iclaslarına yaxşı hazırlaşsınlar ki, müzakirə olunan məsələlərlə bağlı düzgün qərarlar qəbul edilsin. Əgər müəyyən məsələlərlə əlaqədar mənim tərəfimdən təşəbbüs qaldırılırdısa, onda biz səhv etməmək üçün, MK və hökuməti pis vəziyyətdə qoymamaq üçün onlara yoldaşlarla bir yerdə bir neçə dəfə baxırdıq.

Nazirlər şurasında mənim məlumat vərəqəm və təltif  işlərinin qaydasına salınması üzrə layihə qərarı qaldı; bunun üstündə mən iki ay işlədim. Sən bildiyin kimi bu məsələ barəsində səninlə biz hələ yoldaş Stalinin sağlığında bir fikrə gəlmək istəyirdik. Mən ehtiyat cəbhəsində birgə çalışdığım yoldaşlara münasibətdə isə, deməliyəm ki, biz qəhrəmanları xilas etdik; yol. Jukovu MK-dan çıxardanda isə hamımıza ağır gəldi.


Əlbəttə, mənim vəziyyətimdə bunlar haqqında yazmaq lazım deyildi. Xahiş edirəm bunları mənə bağışla.

Əzizim Georgi, xahiş edirəm məni başa düş, sən məni başqalarından yaxşı tanıyırsan. Mən ancaq onu istəyirdim ki, öz daxili imkanlarımla sizinlə bir yerdə ölkəmizi qüdrətli və şöhrətli edək, mənim haqqımda başqa cür fikirləşmək yolverilməzdir. Şübhəsiz, bu hadisələrdən sonra məni intizama dəvət etmək, öz yerimi göstərmək, bərk təpinmək lazım idi ki, ömrümün axırına kimi yadımda qalsın. Əziz yoldaşlar, başa düşün, mən Vətənimizin sədaqətli oğluyam, Lenin və Stalin partiyasının sədaqətli oğluyam və sizin sədaqətli dostunuz və yoldaşınızam. Hara, hansı işə istəyirsiniz, lap kiçik vəzifəyə göndərin, baxın, mən hələ 10 il həvəslə bütün enerji ilə işləyə bilərəm. Bunu ürəkdən deyirəm, bu düzgün deyil ki, əgər mən böyük vəzifə tuturdumsa kiçik işə layiq deyiləm, bunu hər hansı vilayətdə, sovxozda, kolxozda, tikintidə çox asan yoxlamaq olar. Yalvarıram, məni fəal quruculuqdan məhrum etməyin, siz əmin ola bilərsiniz ki, 2-3 ildən sonra mən sizə fayda vermək üçün can yandıracam. Mən son nəfəsimə qədər bizim sevimli partiyamıza və bizim şura hökumətimizə sadiqəm.

Lavrenti Beriya

Yoldaşlar, bağışlayın, mən pis və səliqəsiz yazıram, bu mənim vəziyyətimlə bağlıdır və bir də işığın zəifliyindən, pensnenin olmamasından.

1 iyul 1953-cü il
Əslidir. Əlyazması

1953-cü il iyulun 2-də Moskvada Sov.İKP MK-nın plenumu çağırılır. Növbədənkənar plenum çağırılana qədər Beriya bu dəfə  məktubu Sov.İKP MK Rəyasət Heyətinin üzvlərinə göndərir.


РГАСПИ.F.17. Siy.171. İş.463. Səh.173-174

Sov.İKP MK Rəyasət Heyətinə L.P.Beriyanın məktubu

2 iyul 1953-cü il
Sov.İKP MK Rəyasət Heyətinə
Malenkova, Xruşşova, Molotova, Voroşilova,
Kaqanoviçə, Mikoyana, Pervuxinə, Bulqaninə və Saburov yoldaşlara.

Əziz yoldaşlar, beş gün həbsdən sonra istintaqsız və məhkəməsiz, məni cəzalandırmaq istəyirlər. Yalvarıram, buna imkan verməyin, xahiş edirəm təcili müdaxilə edin, sonra gec olar. Telefon vasitəsilə xəbərdarlıq edin.

Əziz yoldaşlar, təkidlə yalvarıram, ən məsuliyyətli və ciddi komissiya tərtib edin, mənim işimi ciddi araşdırsın, komissiyaya ya Molotov, ya da Voroşilov başçılıq etsin. Məgər Rəyasət Heyətinin üzvü buna layiq deyil ki, onun işinı araşdırsınlar, təqsirləndirsinlər, izahat istəsinlər, şahidləri dindirsinlər. Bu, bütün nöqteyi-nəzərdən iş üçün və MK üçündür. Nə üçün indiki kimi edirlər, zirzəmidə otuzdurublar, heç nəyi araşdırmırlar, soruşmurlar.

Əziz yoldaşlar, məhkəməsiz, işi araşdırmadan MK üzvünü - öz yoldaşınızı 5 gecə-gündüz zirzəmidə saxladıqdan sonra qətlə yetirmək istəyirlər.

Bir daha sizə yalvarıram, xüsusilə Leninlə, Stalinlə işləyən yoldaşlara - Molotova, Voroşilova, Kaqanoviçə və Mikoyana. Leninin və Stalinin xatirəsini əziz tutaraq xahiş edirəm, durmadan işə müdaxilə edin, axı mən sizin təmiz yoldaşınızam, partiyamızın sədaqətli üzvüyəm.

Mən daima ölkəmizin qüdrətli olmasına çalışmışam, partiyamızın birliyindən başqa fikirlərim olmayıb.

Öz MK-mızı və öz hökumətimizi dəstəkləyirdim və əlimdən gələni edirdim. Əmin ola bilərsiniz, əgər işi araşdırmaq istəsəniz, bütün ittihamlar götürüləcək. Nə üçün tələsirsiniz, bu çox şübhəlidir.

Malenkov və Xruşşov yoldaşlardan xahiş edirəm, inadkar olmayın, əgər yoldaşınız bəraət qazansa, bəyəm pis olar.
Bir daha yalvarıram, sizin yaşlı və günahsız dostunuzun işinə müdaxilə edin, onu məhv etməyin.

Sizin Lavrenti Beriya

Təcili Sov.İKP MK Rəyasət Heyətinə
yol. Malenkova və Xruşşova catdırın
L.Beriyadan telefonla                 
Əsli. Əlyazması

Beləliklə, Sov.İKP MK Rəyasət Heyətinin üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, SSRİ daxili işlər naziri, SSRİ Ali Sovetinin deputatı və s. vəzifədən heç bir sanksiya və Ali Sovetin razılığı olmadan kiçik bir qrup rəhbər tərəfindən həbs olunmuşdu. Düzdür, bu hal istisna təşkil etmirdi; əvvəllər də  belə həbslər olurdu. Stalin istənilməyən insanları həbsxanaya və hətta qəbirə göndərirdi və baxmırdı ki, bu adamın deputat toxunulmazlığı, MK üzvlüyü və s. var. Ancaq ali partiya orqanı – Siyasi bürodan söhbət gedəndə, onda MK razılığı tələb olunurdu; bu, Buxarin və Rıkovla belə olmuşdu. Ancaq Beriyanın timsalında heç buna da məhəl qoyulmadı. Yalnız Beriyanın həbsindən sonra, formal olaraq MK-nın plenumunu çağırmaq qərarına gəlirlər.

Moskvada plenum çağırılanda, Bağırov L.Beriyanın həbsindən tam xəbərsiz idi. Bağırov Beriyaya telefonla zəng etməyə başlayır. Lakin onun nə xidməti telefonu, nə də ev telofonları cavab vermir. Əvvəl Bağırov heç nəyi başa düşmür və vəziyyəti öyənməkdən ötrü N.K.Baybakova zəng edir. O da cavab verir ki, Beriya yoxdur, ola bilsin ezamiyyətdədir. Bundan sonra Bağırov Mikoyana zəng etdi, onunla qısa danışaraq dəstəyi atdı  (şübhəsiz, Mikoyanın mövqeyi bəlliydi - A.M.).

2 iyul 1953-cü ildə plenuma qədər səhər tezdən Moskvada Sov.İKP MK Rəyasət Heyətinin qapalı iclası keçirilir. MK Rəyasət Heyəti üç müşkül məsələnin həlli yollarını müzakirə edirdi. Birinci -  plenuma izah etmək ki, nə üçün onlar (MK Rəyasət Heyətinin üzvləri-A.M.) MK-nın plenum çağırışını gözləmədən Rəyasət Heyətinin üzvü Beriyanı həbs etdiriblər. İkinci - plenuma izah etmək ki, nə üçün onlar (MK Rəyasət Heyətinin üzvləri-A.M.) hələ Stalinin sağlığında, yaxud onun ölümündən sonra, əksinə, Beriyaya imkan verdilər ki, yüksək vəzifə tutsun və əgər onun barəsində şübhələr var idisə, bu barədə nə üçün partiyaya appelyasiya etmədilər. Və nəhayət, plenuma izah etməli idilər ki, Beriyanın antipartiya və antidövlət fəaliyyəti nədən ibarət idi ki, o, bunun üçün ən ağır cəzaya məhkum olunubdur.

Təcili şəkildə M.C.Bağırov Sov.İKP MK Rəyasət Heyətinin qapalı iclasına dəvət olunur. Beriyanın həbsini əsaslandırmaq üçün burada ona  təklif edirlər ki, Beriyanın 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə müsavat partiyasının əks-kəşfiyyatında fəaliyyəti ilə bağlı ittiham nitqilə çıxış etsin. Eyni zamanda Xruşşov Bağırovdan tələb edirdi ki, o, Beriyanın ona etdiyi sonuncu zəngi barədə izahat versin. Ancaq Bağırov belə bir zəngin olmasını inkar etdi.

MK Rəyasət Heyətinin iclasından sonra bu təklifdən və ona olan hücumlardan sarsılmış M.C.Bağırov Teymur Quliyevlə və Mir Teymur Yaqubovla məsləhətləşir. Onlar M.C.Bağırova vəziyyətdən çıxmaq üçün təklif edirlər ki, Beriyanın axırıncı zəngi barədə plenumda danışsın.

Həqiqətən də L.Beriya Bağırova zəng edib təklif vermişdi ki, mədəniyyət işçilərinin təltif edilməsi üçün Nizami milli ordenini təsis etsinlər. Nuzaminin yaradıcılığına böyük rəğbət bəsləyən Bağırov isə qərar qəbul etdi ki, “Şərəf” medalı M.F.Axundov adına təsis edilsin. Bağırov başa düşürdü ki, əgər o, plenumda Beriyanı müsavat hökumətinin agenti kimi təqdim etsə, onda özünü zərbə altına sala bilər. Bu cür tərəddüdlərlə M.C.Bağırov həmin gün saat 2-də başlayan Sov.İKP MK plenumuna qatılır. Plenumda əsas məruzəni SSRİ Nazirlər Sovetinin sədri M.Malenkov edir.

Malenkov: “Yoldaşlar, Stalinin vəfatından dörd aya yaxın vaxt keçir. Sizin yadınızdadır ki, bizim öndərimizin və müəllimimizin vəfatından sonra bütün dünyada bizim düşmənlərimiz necə qanadlandılar. Onlar bizim sıralarımızın pozulmasına, nizamsızlığa ümid edirdilər.

Biz düşmənlərimizin bu düşüncələrini puça çıxardıq, şayiə-lərin  yayılmasına imkan vermədik. MK ölkəmizi inamla Lenin-Stalin yolu ilə apardı.

Ancaq yoldaşlar, MK Rəyasət Heyəti (onda Siyasi büro belə adlanırdı-A.M.) MK-nın Plenumuna məlumat verməlidir ki, yoldaş Stalinin ölümündən sonra Beriya şərəfsizcəsinə - bu, sonralar daha çox üzə çıxdı, - bizim birliyimizdən, dostluq səylərimizdən cinayət məqsədləri üçün istifadə edirmiş.

Hər şeydən əvvəl, Beriya daxili işlər naziri olarkən vəzifədən məharətlə, bacarıqla istifadə edirdi, o, cinayətkar fəaliyyəti ilə istəyirdi ki, DİN-i partiyadan və hökumətdən üstün tutsun. MK Rəyasət Heyətinin bu məsələ ilə bağlı çoxlu faktları var (qaldı ki bu “çoxlu faktlara”, buna bir qədər sonra qayıdacağam-A.M.). İndi isə başqa faktı qeyd edək. Malenkov: “...Stalinin ölümündən sonra Beriya hamını güdməyə başlamışdı və fəaliyyətini elə qurmuşdu ki, rəhbər kollektiv bir-birindən ayrılsın, işdə kollektivçilik prinsipi pozulsun, elə etmişdi ki, rəhbər işçilər biri-birindən qorxa-qorxa işləsinlər...

MK Rəyasət Heyəti çevik və cəsarətlə hərəkət edərək ciddi qərar qəbul etdi. Nəzərə alın ki, belə avantürist bir insanın əlində böyük imkanlar var idi. Biz Lenin-Stalin monolit birliyini nüma-yiş etdirərək, kollektivi zəhərlənmiş bu ab-havadan, çürüklükdən və yaradan təmizlədik. (Sürəkli alqışlar)

Rəyasət Heyəti qərara gəldi ki, belə avantürist insanla yolun yarısında dayanmaq olmaz və qərar verdi ki, Beriyanı partiyanın və xalqın düşməni kimi həbs edək. (“Düzdür” səsləri, sürəkli alqışlar)

Biz inanırıq ki, hərəkətimiz MK Plenumu tərəfindən yekdilliklə, razılıqla qarşılanacaq”. (Sürəkli alqışlar)

Sonra söz A.Mikoyana verilir: “...Zaqafqaziya partiya təş-kilatının yaranmasında Stalinin böyük rolu bütün partiyaya məlumdur və onu heç kim təftiş edə bilməz. Ancaq Beriyanın yazdığı kitabın bir hissəsi düzgün yazılmayıb...

Bu kitabı Beriya ümumpartiya rəhbərliyinə keçmək üçün tramplin kimi istifadə etdi və təəssüf ki, məqsədinə nail oldu. Onun bu kitabı bütün dərnəklərdə müzakirə olundu. O, nəzəriyyəçi işçi kimi və sadiq stalinçi kimi şan və şöhrət qazandı. Bundan sonra o, Stalinin inamını qazandı. Stalin deyirdi: “Görürsən, afərin Beriya, tədqiqatlar apardı, materiallar tapdı, öyrəndi, özü üzərində işlədi, yaxşı kitab yazdı.”
       
...Onun ikiüzlülüyünün başqa bir faktı. Rəhbərimizin ölümündən sonrakı elə ilk günlərində o, şəxsiyyətə pərəstişliyindən danışmağa başladı. Biz başa düşürdük ki, bu məsələdə ifratçılıq hələ Stalinin sağlığında var idi, ancaq yoldaş Stalin bu çür halları kəskin tənqid edirdi. Stalin deyirdi, “mənim ətrafımda şəxsiyyətə pərəstişliyi yaradanlar eserlərdir”. Şəxsiyyətin roluna markcasına yanaşmaq lazımdır. Ancaq, göründüyü kimi, Beriya Stalinin şəxsiyyətə pərəstişliyini dağıtmaq istədi və öz şəxsiyyətinin pərəstişliyini yaratmaq istəyirdi”. (Gülüş)

Mikoyanın çıxışından sonra, klassik Stalin funksioneri, SSRİ Nazirlər Sovetinin birinci müavini A.A.Andreyev tribunaya qalxır:

“...Şəxsiyyətə pərəstişlik haradansa yarandı. Nə üçün bu məsələ qalxdı? O, marksist ədəbiyyatda çoxdan bəri öyrənilib, həyatda da həll olunub, milyonlarla insan bilir ki, dahi şəxsiyyətin böyük əhəmiyyəti var, hərəkatın başında duran Lenin və Stalinin əhəmiyyəti böyük idi, bəs onda şəxsiyyətə pərəstişlik məsələsi niyə qaldırılırdı. Bu, Beriyanın fırıldaqları idi.

Rəyasət Heyətindən Voroşilov: “Düzdür”.

Andreyev: “O, yoldaş Stalinin adını dəfn etmək istəyirdi, bu, yoldaş Stalinin varisi yoldaş Malenkova qarşı idi”.

Zaldan səslər: “Düzdür”.

Xruşşov: “...Belə xain adamla ancaq belə hərəkət etmək lazım idi. Əgər biz ona  desəydik ki o, yaramazdır, mən əminəm ki, bizi məhv edərdi. O bunu bacarırdı... O, zəhərini tökməyi bacarır, o, başqa alçaq işlərə qadir idi... Biz hesab edirdik ki, o, bilsəydi ki iclasda onun məsələsi müzakirə olunur, onda ola bilərdi ki biz bu iclasa gələ bilməzdik, o, öz başkəsənlərini qaldıracaqdı və bir şeytan bilir o bizim başımıza nə oyunlar açacaqdı”.

Voroşilov: “...Əgər o, sonra da öz yerində qalsaydı, hökumətin əsas simaları da  eyni bir vaxtda yoxa çıxacaqdı”.

Sonra isə Sov.İKP MK katibi N.N.Şatilov plenumda Beriyanın mühafizə rəisi Sarkisovun ifadəsini səsləndirir:

“Onun çoxsaylı təsadüfi qadınlar barədə etdikləri mənə məlum idi... Beriya xarici dillər institutunun tələbəsi Maya ilə yaşayırdı. Sonralar o, uşağa qaldı və məcburi qaydada uşağı saldırdı. Beriya 18-20 yaşlarında Lyalya adlı qız ilə yaşayırdı. Beriyadan onun uşağı olur, onunla keçmiş Obruçnikovdakı bağ evində yaşayırdı.

Beriyanın tapşırığı əsasında mən onun yaşadığı qadınların xüsusi siyahısını aparırdım. (Zalda gülüş). Sonra onun göstərişinə əsasən bu siyahını saxladım. Siyahıda 25 qadının familiyası, adı, ünvanları, telefon nömrələri var idi. Bi siyahı mənim evimdə kitelimin cibində saxlanılır.

“Sarkisovun dediyi siyahı tapılıb, - Şatilov izah verir, - onda 39 familiya vardır”.

Bir il, ya ilyarım - mən dəqiq göstərdim ki, Beriya fahişələrlə yaşadığı üçün sifilisə tutulub. Onu DİN poli-klinikasının həkimi Y.B. - onun familiyası yadımda deyil,- müalicə edirdi”.

Nə demək olar,  Lavrenti Pavloviçin keçmiş silahdaşları onun vəzifəpərəst, fitnəçi, əxlaqsız tip, hakimiyyətə can atan portretini yaratmağa çalışırdılar. Ancaq bu az görsəndi və Beriyanın cinayət planlarını başqa faktlarla möhkəmləndirmək qərara alındı. Hansılarla?

Birinci “fakt”: O vaxt hökumətdə Almaniya məsələsi müzakirə olunurdu, söhbət gedirdi ki, ADR əhalisi arasında böyük narazılıq var, Malenkovun sözlərinə görə, bunun nəticəsində “təxminən 2 ilə Qərbi Almaniyaya 500 min adam qaçmışdı.” Almaniya məsələsini Nazirlər Sovetinin Rəyasət Heyətində müzakirə eliyəndə, Molotovun şahidliyinə görə, Beriya “təklif edirmiş ki, Şərqi Almaniyada sosializm qurmağa ehtiyac yoxdur, yaxşı olar ki, Qərbi və Şərqi Almaniyalar birləşsinlər, bir sülhsevər burjua dövlətinə çevrilsinlər.”

Beriyanı ittiham edənlərin məntiqinə görə, beləsini ancaq düşmən təklif edərdi.

İkinci “fakt”. Bildiyimiz kimi, Stalinin vaxtında Yuqoslaviya kommunist hökuməti ilə əlaqələr kəsilmişdi, bu, əslində Tito və Rankoviçin işi idi. Stalinin ölümündən sonra Beriya nə etdi? Bu barədə plenumda belə danışırdılar.

“Onun tərtib etdiyi plan əsasında Belqrad şəhərində Rankoviçə məktub verilməli idi. O, məktubda Beriyanın partiyamıza və sovet hakimiyyətinə yabançı fikirləri ifadə olunurdu... Demək lazımdır ki, Beriya həmin məktubda yazırdı ki, “iki ölkənin münasibətlərinin yaxşılaşması üçün əlaqələrə dərindən baxmağa ehtiyac var”; “bununla əlaqədar yol. Beriya sizdən (yəni Rankoviçdən) xahiş edir ki, bu barədə şəxsən yol. Titoya xəbər verin, siz və yol. Titonun razılığı ilə səlahiyyətli şəxslərin görüşünü təşkil etmək lazımdır.” Və s. Beriyanın tərtib etdiyi məktubda “y. Rankoviçlə və yol. Tito ilə sıx mü-nasibətlərin” olduğu bildirilir. Ancaq Beriya bu məktubu Yuqoslaviyaya göndərə bilmədi, onun cibində məktubun layihəsi olan zaman satqın kimi həbs etmişdilər... Məgər aydın deyil, Beriyanın bizim hökumətimizdən gizli tərtib etdiyi məktub onun daha bir cəhdi idi ki, sovet dövlətinə arxadan zərbə vursun və imperialist düşərgəsinə xidmət göstərsin?”

Əslində, ittihamçıların sübut kimi göstərdiyi bu məktubun nə qədər həqiqəti əks etdirdiyi şübə altındadır. Ona görə ki, belə bir məktubu Beriyanın həbsindən sonrada tərtib etmək olardı. Ona görə ki, Beriyanın istintaqı zamanı ümumiyyətlə bu məktub barədə ona heç bir sual verilməmişdi.

Üçüncü “fakt”: Bir dəfə ovaxtkı Macarıstan partiyasının birinci katibi və MXP Nazirlər Sovetinin sədri M.Rakoşi  yoldaşcasına Beriyadan soruşdu: “Hansı məsələlərə Nazirlər Sovetində baxılmalıdır, hansılarına MK-da, bunların arasında  hansı hədd olmalıdır?” Beriya nə cavab verdi?

Xruşşov: “...Onda Beriya etinasızlıqla dedi: “MK nədir? Qoy hər şeyi Nazirlər Soveti həll eləsin, qoy MK kadrlarla və təbliğatla məşğul olsun”. Belə bəyanat məni təəccübləndirdi. Deməli, Beriya partiyanın rəhbəredici rolunu kənar edir, onun rolunu kadrlarla (görünür, ilk vaxtlarda) və təbliğatla məhdudlaşdırır. Budurmu partiyaya münasibət, partiyaya marksist-leninçi baxış? Lenin və Stalin bizi partiyamıza beləmi münasibət bəsləməyi öyrədiblər? Beriyanın partiyaya baxışları Hitlerin baxışlarından fəqlənmir”.

Dördüncü “fakt”: Məlumdur ki, Stalinin vəfatından bir az əvvəl Beriyanın göstərişilə SSRİ DTN iki böyük iş təşkil etmişdi. – qondarma “həkimlər işi” və “meqrel (yaxud gürcü) işi”. Stalinin ölümündən sonra Beriyanın səyi nəticəsində bu “işlərə” yenidən baxıldı, cinayət tərkibi olmadığı üçün xitam verildi, həbs olunanlar azadlığa buraxıldı. Təəccüblüsü odur ki, bu  məsələdə Beriyanı təqsirləndirdilər.

Xruşşov:”...O elə-belə azad etmirdi. Azad olunanlara deyilirdi ki, bu azadlığı onlara Beriya verib. Partiya yox, hökumət yox, yalnız Beriya.”

Bulqanin:  “Əslində bu necə oldu? Hələ Stalinin sağlığında biz MK RH üzvləri, aramızda söhbət edirdik ki, həkimlərin işi saxtadır. Düzdürmü, yoldaşlar?”

RH-dən səslər: “Düzdür”.

Bulqanin: “Biz deyirdik ki, gürcü məsələsi də saxtadır. Beriya bu söhbətləri bilirdi. Stalinin vəfatından sonra o, daxili işlər naziri vəzifəsinə yüksəldi və o, nə edə bilərdi? Əlbəttə, o, bu işləri qurtarmalı idi. Və bu iki iş qurtardı ona görə yox ki o, bu məsələdə müsbət rol oynadı, sadəcə olaraq onu vəziyyət məcbur etdi. O, bu məsələlərdə MK-nın mövqeyini və MK RH üzvlərinin rəyini bilirdi...”

Beşinci “fakt”: 1953-cü ildə Litva və Ukrayna DTN-in gizli antisovet və millətçilərə qarşı mübarizəsi haqqında Beriyanın məlumat vərəqəsi Sov.İKP MK RH tərəfindən bəyənilmiş və yerlərə göndərilmişdi. Orada milli siyasətdə baş verən nöqsanlardan, Litvadakı və Qərbi Ukraynadakı repressiyalardan, qolçomaqlıqdan, milli ziyalıların təqib edilməsindən, kadr siyasətində “ruslaşdırma siyasətindən” və s. danışılırdı. Ancaq plenumda bu məlumat vərəqələri əks qiymət aldı. Bu barədə Ukrayna Kommunist Partiyası MK-nın birinci katibi Kiriçenko belə demişdi: “...Başa düşmək olmur Beriyanın qeydlərində nə üçün belə terminlər işlənir: “Qərbi Ukrayna ziyalıları”, “Qərbi Ukrayna”. Ukraynada bu sözlər istifadədən çıxıb. Ukrayna və sovet xalqı vahid ailədir, burada qərb və şərq ukraynalıları, qərbi ukraynalılar, “rusaki” və başqa terminlər yoxdur. Ukrayna xalqı böyük rus xalqına həmişə sevgi və ehtiramla yanaşmışdır. Bu sözləri Beriya yazıb, onlar ona nə üçün lazım idi, mən burada deməliyəm ki, bu sözlər ancaq millətçiyə yaraşır”.

Altıncı “fakt”: Çıxış edənlər qeyd edirdilər ki, Beriya Stalinin ölümündən sonra onu sərt tənqid edirdi.

Kaqanoviç: “O, Stalini ən pis, nalayiq sözlərlə təsvir edirdi. Bunlar hamısı elə təqdim edilirdi ki, guya indi biz yeni həyat yaşamalıyıq. Demək lazımdır ki, o, nəyəsə nail oldu. Stalin yavaş-yavaş mətbuat səhifələrindən çıxarıldı. Düzdür, şəxsiyyətə pərəstişlik məsələsində əyintilər var idi və yoldaş Stalin bizi həmişə tənbeh edirdi, ancaq bu heç də o demək deyildi ki, biz Stalin kimi öndərimizin üzərindən sükutla keçək”.     

Beriyanı aşağıdakı hallara görə də təqsirli bilirdilər:

- 1953-cü ildə Stalinin ölümündən sonra əfv fərmanı verildi. Qeyd edək ki, əfv haqqında fərman K.E.Voroşilov tərəfindən imzalanmışdı (Təsadüfi deyil kı, əfv edilmiş cinayət-karlar xalq arasında “Voroşilov atıcıları” adlanırdı);

- Atom energetikasına plandan əlavə maliyyənin artırılmasına rədd cavabı (Beriya müdafiə sənayesi işçilərinə demişdi ki, siz pulu çox xərcləyirsiniz, təsdiq olunmuş rəqəmlərlə kifayətlənin) verilməsinə görə;

- beynəlxalq məsələlərin müzakirəsinin “bolşevik ənənələrinə zidd olaraq” Sov.İKP MK RH-dən Nazirlər Sovetinin RH-sinə verilməsinə görə;

- daxili işlər naziri vəzifəsinə özünütəyin (stenoqramdan belə çıxır ki, Stalinin vəfatından sonra rəhbər vəzifənin seçimi birbaşa onun özündən asılı idi. Bu barədə Kaqaniviç belə demişdi: “Qəribədir, sən özünü DİN nəzərdə tutursan”, “Bu yaxşıdır”-deyə sakit cavab vermişdi”);

- keçmiş DTN kəşfiyyat idarəsində ixtisarlar və təmizləmələrə görə...

Növbəti yazıda Beriya Müsavat hökumətinin agenti olma iddiası, Bağırovun Beriyanı satmasının səbəblərindən söz açacağıq.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics