12.03.2016

"Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Xəqani Şirvani də bu gizli ordenin üzvləri olublar" — ARAŞDIRMA

Gizli ordenlər, təşkilatlar və lojalar haqqındakı araşdırmalarımız davam edir.
Bugünkü mövzumuz bir zamanlar Şərqdə çox geniş yayılmış və cəmiyyətin üst təbəqəsinin böyük bir hissəsini öz ətrafında toplamış "Əxilik" haqqındadır. Bu yazımızda oxucularımızı "Əxilik" haqqında çox maraqlı məqamlarla tanış edəcəyik.
Bu mövzunu araşdırmaq üçün araşdırmacı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Ölkə.az-ın suallarını cavablandırdı.
- Azərbaycanda və Şərqdə "Əxilər birliyi" haqqında müəyyən fikilər mövcuddur. Bu barədə nə deyə bilərsiniz?
- Əxiliyin yaranması barədə müxtəlif fikirlər var. Tədqiqatçıların bir çoxunun gəldiyi qənaətə görə, "əxilik" sosial problemlərlə üzləşən şəxslər tərəfindən yaradılmışdır.
İlk dəfə əxilik Anadoluda da yayılır və burada ilk əxilik təşkilatları yaranmağa başlayır. Təşkilata Əxi Evrən adı ilə tanınan, mənşəcə azərbaycanlı olan sufi alimi Şeyx Nəsrəddin Mahmud Xoyi rəhbərlik edirdi.Əxi Evrənə görə, əxiliyə girənlərin bir sənətə sahib olması vacibdir.
- Bunun səbəbi nə idi?
- Çünki əxi halal qazancla yaşamağı öhdəlik olaraq götürmüşdür. Halal qazancın yolu insanın öz əməyi ilə dolana biləcəyi bir sənətə sahib olmasından başlayır. Belə ki, zəngin olan başqasına daha çox xidmət edə bilər. Əxi olan eyni zamanda cihad idealına da sahib olmalıdır.
- Əxilərin təşkilatlandığını söylədiniz. Deməli, əxilər hardasa xalqın milli-azadlıq hərəkatınən öndərləri də sayılırdı?
- Qeyd edim ki, XII əsrin 30-cu illərində dövlət məmurlarının özbaşınalığına qarşı Gəncədə üsyan baş verdi. Üsyan çətinliklə yatırıldı. Atabəy məcbur oldu ki, şəhərin rəisi Bədrəddini və bir neçə məmuru vəzifəsindən azada etsin. Bu dövrdə Azərbaycanda sinfi mübarizənin geniş yayılmış formalarından biri, dini-ictimai hərəkat olan sufilik idi. Bu cərəyan xalq kütlələrinin apardığı mübarizəyə dini xarakter verirdi. Azərbaycanda sufiliyin sol cinahı – əxilik – qardaşlıq cərəyanı daha geniş yayılmışdı. Sənətkarların təşkil etdikləri əxilik silahlı mübarizə üsuluna daha çox üstünlük verirdi. Əxilər emalatxana sahiblərinə, ruhanilərə, sələmçilərə, dövlət məmurlarına qarşı mübarizə aparır, ehtiyac içərisində yaşayan şəxslərə köməklik göstərirdilər.
Əxi təşkilatları Azərbaycanın əksər şəhərlərində, Azərbaycana qonşu olan müsəlman Şərqinin bir çox ölkələrində mövcud idi. Təbriz, Ərdəbil, Beyləqan və Bakıdakı gizli əxi təşkilatları haqqında yazılı və epiqrafık mənbələrdə məlumatlar vardır. Əxilər şəhər əhalisinin aşağı təbəqələrini (sənətkarları, xırda tacirləri və b.) birləşdirən qardaşlıq təşkilatları idi. Bu təşkilatlar antifeodal səciyyə daşıyırdı və mürəkkəb daxili quruluşa malik idi.
Əxi təşkilatları cəmiyyətdə ədalət pozuntularına qarşı mübarizə mexanizmləri formalaşdırmışdır. Onlar istehlakçıların hüquqlarını qorumaq üçün istehsalçılıq fəaliyyətinə qeyri-rəsmi şəkildə, bir növ istehlakçıların hüquqlarını qoruyan azad nəzarətçilər funksiyasını yerinə yetirir, istehsal fəaliyyətinin inkişafı üçün peşəkarların hazırlanmasına diqqət yetirirdilər. Dövlət orqanları tərəfindən onların işinə maneəçilik törədənlərə qarşı mübarizə aparırdılar. Əxi təşkilatı xalq tərəfindən yaradılan demokratik bir təşkilat olmuşdur. O, vətəndaş cəmiyyətinin elementlərini özündə daşımış və xalq demokratiyasının inkişafına təkan vermişdir. Lakin qeyri-demokratik sistemlərdə onlar öz fəaliyyətlərini çox vaxt gizli şəkildə həyata keçirməyə müyəssər olmuşlar. Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Xəqani Şirvani və başqa bu kimi dahilərimiz bu təşkilatın fəaliyyətində iştirak etmişlər.
- Ümumiyyətlə, əxi nə deməkdir?
- Tədqiqatçı Vasif Sadıqlı yazır ki, “Əxi” sözü ərəbcə üxüvvət sözündən olub “qardaşım” anlamındadır. ƏXİ adlandırılan sənətkarlar, xırda tacirlər ictimai mənafelərinin müdafiə olunması üçün dini ictimai-siyasi təşkilatlar yaratmışdılar. XIV əsrin ərəb səyyahı İbn Butətənin yazdığına görə, əxilər zülmkarlara qarşı mübarizə aparan, sənətkarların mənafeyini güdən bir cəmiyyət olmuşdur. Mənbələr əxilərin öz geyimləri ilə cəmiyyətdə seçildiyini qeyd edirlər. Gənc əxilər tünd göy rəngli şalvar, yaşıl kəmər və xəncərləri ilə seçilirdilər. Bellərində ya bir yatağan yəni sivri, əyri xəncər və ya bir saldırma, yəni neştər olurdu.
- Əxilərin başqa hansı fəaliyyətləri var idi?
- Əxilərin digər bir ictimai fəlayyəti də onların ölkəsinə səyahətə gəlmiş əcnəbilərə ehtiyacları olan köməkliyi göstərmələri idi. Əcnəbilər əxilərin qonaq evlərində qalır, yemək və geyimlə təmin olunurdular. Bütün gün işləyən cəmiyyət üzvləri gecələr cəmiyyət mərkəzində toplaşaraq söhbət edir, mahnı oxuyub oynayırdılar. Onların cəmiyyət mərkəzləri eyni zamanda mehmanxana vəzifəsini də yerinə yetirirdi. Bir Anadolu şəhərinə uzaq-yaxın yerlərdən gələn qonaqlar bu əxi mərkəzlərində çox səmimi bir qonaqpərvərlik görürdülər.
- Bu sistemdə təşkilatlanma necə idi?
- Bir şəhərin hüdudunda əxi təşkilatına əxi Şeyxi başçılıq edirdi. Xırda əxi qruplarına, təşkilatlarına rəhbərlik edən şəxslər əxi Şeyxinə tabe idi. Əxi təşkilatının subay üzvləri bu təşkilat sisteminin həmişə aşağı pilləsində olmuşlar. Əxi təşkilatına üzv olmaq istəyən şəxs dini-əxlaqi təmizlik baxımından sınaqdan keçməli idi. Bütün bu qaydalar əxi təşkilatının xüsusi nizamnaməsində öz əksini tapmışdır. Nizamnamə sənədinin əsas və mühüm maddələrindən birində deyilirdi ki, təşkilat üzvü olmaq istəyən şəxs qurşaq bağlamalıdır. Şəxs mənəvi sınaqların mürəkkəb məcmusuna tab gətirə bilirdisə, təşkilata qəbul edilirdi. Əxi olan bu şərtləri daşımalı idi: “Dilini saxlamalı, dedi-qodu etməməli, pis söz söyləməməli, kimsənin eybini görməməli, kimsəyə pis gözlə baxmamalı, kimsənin qüruruna, namusuna göz dikməməli idi”.
Gözəl əxlaqın, sənətin və qonaqsevərliyin birləşməsi olan əxilik, Səlcuqlular zamanında elə bir yüksək və sayğılı vəziyyətə gəldi ki, bu təşkilat yuz illər boyunca əsnaf, sənətkar və məslək sahiblərinə yol göstərmiş, onların sosial və iqtisadi sahədə uğur qazanmalarına şərait yaratmışdır. Yəni əxi təşkilatları, Hacı Bektaş fikirləri ilə birlikdə cəmiyyətin həyatında mühum rol oynamış, hökümdarların bir qismi daxil, dövlət adamları belə bu təşkilata üzv olmuşdular. Misal ücün, Osmanlı sultanlarından biri olan Orxan Qazi və onun oğlu I Murad, bir əxi dədəsi tərəfindən qurşaqla mükafatlandırılmış və əxi təşkilatının önəmli şəxsi olmuşdur, Mənbələrdə qeyd edilir ki, həmin dövrdə yaşayan sivil əhalidən sadəcə əxilərə silah gəzdirməyə icazə verilmişdi. Bunun səbəbi əxilərin ictimai asayişin qorunmasında dövlətin rəsmi qurumlarına daim kömək etməsi idi.
Məkan və zamandan asılı olaraq təşkilatın yeni üzvlərini igid və yaxud comərd adlandırırdılar. Əxiliyə qəbul qaydaları aşağıdakı kimi idi:
1. Şəxs ilkin mərhələdə müşahidə olunur, namizəd müşahidələrdən müsbət keçməlidir;
2. Xüsusi ayinlə qəbul keçirilir və baş barmağı çərtilir, qanı südlə qarışdırılaraq içilir və daha sonra qardaşlıq andı içilir;
3. Namizədə qaydaları başa salan və ona zamin duran müəllim məsləhətçi təyin olunur;
4. Həmin namizəd qardaşlarla birgə ideya yaradılması və ideyanın təbliğatına buraxılır.
5. Zamanla namizəd sınanılır, söhbətlər edilir, məclislərdə dinlənilir və onun məsləhətləri və fikirləri öyrənilir ki, gələcəkdə tuta biləcəyi yer müəyyənləşdirilsin;
6. Zamanla həmin şəxsin həyatda nüfuz qazanmasına kömək edilir;
7. İrəliyə çəkilən namizəd bunu özü bilmir və elə düşünür ki, bunu müəllimi edir;
8. Həmin şəxs ona tapşılaran sahədə deyilən işləri icra edir;
9. Ələ keçirilən zaman isə özü-özünü məhv etmək gücündə olur;
10. Digər maddələr və şərtlər barədə məlumatlar sənədlərdə tam oxunmur.
- Bu gün əxilərə aid hansısa bir abidə mövcuddurmu?
- Qeyd edim ki, Bakının Kürdəxanı qəsəbəsinin qərb tərəfindəki qəbiristanlıqda vaxtilə bir əxi zaviyəsi olmuşdur. Hazırda abidənin bünövrəsi qalmaqdadır. Bu onu göstərir ki, Abşeronda XIV əsrin birinci yarısında əxi zaviyəsi təşkil edilmişdir. Eyni zamanda Nardaran tarixi abidələri arasında tarixi dəqiq bilinməyən qədim qəbirstanlıq da var. Qəbirstanlıqdakı insan sümüklərinin, xüsusiilə də, kəllə sümüklərinin qeyri adiliyi, yəni həmin kəllə sümüklərinə iri mismarların çaxılmış halda olması nəzərləri cəlb edir. Qeyd edim ki, mənbələrə görə əxilər ordeninin üzvlərinin edamı zamanı kəllə sümüklərinə mismarların vurulması da əks olunur. Bu baxımdan ehtimal olunur ki, əxilər hərəkatının üzvləri bu qəbirstanlıqda dəfn olunub.
- Əxilərdən faydalanan sülalə və ya hökmdarlar olub? Tarixdə belə misallar varmı?
- Yazılı mənbələr, epiqrafik abidələr Azərbaycanın ideoloji və siyasi həyatında əxiliyin xüsusi mövqelərə malik olduğunu təsdiqləyir. Əxilərin ictimai həyatda fəal mövqedə olduğunu nəzərə alan Səfəvi (Ərdəbil) şeyxləri onların imkanlarından faydalanmağa çalışırdılar. Əxilərin bir çoxu Səfəvi şeyxlərinin müridləri olmuşdur. Şah İsmayılın ölümdən öncə oğlu və varisi Şah Təhmasibə vəsiyyətində deyir:
"Oğlum Təhmasib, diqqətlə qulaq as və dediklərimi yadında möhkəm saxla. Bilirəm, yaşın azdır. İndi deyəcəyim sözləri başa düşməyəcəksən. Amma yadında saxla və anlamağa çalış. İndi başa düşməsən də bir azdan hər şey sənə agah olacaq. Şeyx də bu işdə sənə kömək edəcək. Səltənətini qorumaq üçün sufilərdən, əxilərdən möhkəm yapış. Onları heç vaxt incitmə. Onlar səltənətin canı, gücü, qoruyucularıdır!"
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics