12.03.2016

Keçmiş batalyon komandiri: "Bizim gorumuza söyəcəklər ki,..." — MÜSAHİBƏ

"Oradan əli silahlı çıxmışıq, əli silahlı da qayıtmalıyıq"
Döyüş tapşırığının yerinə yetirilməsi, gözlənilən qüvvənin gəlməməsi, uğurlu əməliyyatın uğursuz və acınacaqlı sonu. Qarabağ müharibəsində işğal olunmuş rayonlaradan əlavə işğal təhlükəsi olan Beyləqan rayonu da döyüş meydanı olub.
Müharibə başlayan zaman digər rayonlar kimi Beyləqan rayonunda da özünümüdafiə dəstələri yaradılıb. Bu dəstələr sonradan birləşərək batalyon halına gəlib.
Ölkə.az keçmiş döyüşçülərlə silsilə reportajlarına davam edir. Bu dəfəki qonağımız Beyləqan batalyonun komandiri Həsənov Akif Ağamirzə oğludur.
Akif Həsənovla Xocavənd rayonunda görüşürük. Dəfələrlə yaralanmış, beyin silkələnməsi almış, kantuziyalı Akif Həsənov o günləri xatırladıqca halı dəyişir. Ona görə də, döyüşlər, döyüş səhnələri barədə çox sual vermirik...
- Necə oldu ki, döyüşlərə qoşuldunuz?
- Xankəndi ilə bizim kəndin arası 200 metr idi. Orada qanlı döyüşlər gedirdi. Orada döyüşlər gedən zaman bizim silah götürməməyimiz kişilikdən deyildi. Qardaşım ermənilərə əsir düşdü, sonradan geri ala bildik. Bundan sonra tamamilə qərar verdim ki, döyüşəcəm. 1992-ci il mart ayının 22-də özüm, qardaşım və atam yaralandı. 1993-cü ildə "Şiş qaya" və "Ağ burun" əməliyyatları keçirdik. Ermənilər rusların sayəsində əraziləri tuturdu. Onlarda tank batalyonunun komandiri Akimov var idi. Ermənilər Füzuli ərazisinə də, Beyləqan ərazisinə də Akimovun rəhbərliyi altında giriblər. Avqust ayında isə "Şiş qaya" əməliyyatı həyata keçirildi və biz Şiş qayanı 10 dəqiqəyə aldıq.
"Şiş qaya" əməliyyatı
Hərbi hissə komandiri Mikayıl Hacıyev bizi çağırdı. Əməliyyatı bizə tapşırdı. Şiş qaya mütləq götürülməli idi. Gecə əsgərlərə tapşırıq verdim. Füzulinin gedhaget vaxtı idi. Səhər saat 05:10-da əməliyyata başladıq. Həmin zaman Şiş qayaya hücum olmalı idi ki, ermənilər Füzulidən çəkilsin. Hərbi polisin rəisi Rafiq Cəfərov tanklarla bizə köməyə gəlməli idi. Biz Şiş qayanı götürdük. Gördük tanklar gəlir. Elə bildik Rafiq Cəfərov tanklarla köməyə gəlir. Yanıldıq. Tanklar ermənilərin idi. Rafiq Cəfərov isə heç dislokasiya yerindən də çıxmamışdı. Tanklar Şiş qayaya yaxınlaşanda əlimizdəki zenit raketlərlə onları vurmağa çalışdıq. Həmin vaxt Cəfərov Rafiqə nə əmr vermişdilərsə, heç birini yerinə yetirmədi. Bizə heç kim kömək etmədi. Axşam saat 6-da artıq gördük ermənilər hər tərəfdən hücuma keçir, çəkildik öz postlarımıza. O zaman plan düz qurulmuşdu. Biz Şiş qayanı almalı idik, digərləri isə Kuropatkinə girməli idi. Kurapatkina giriləndə Muğanlı, Əmralılar və Xocavəndi ələ keçirə bilərdik. Bu cür əməliyyatların hamısı görə bilcəyimiz işi görmədiyimiz üçün oldu.
- Beyləqan batalyonunda nə qədər əsgər var idi?
- Batalyonumuzda 447 nəfər əsgər var idi. Bizə tapşırıq verirdilər, çox zaman da tapşırığı yerinə yetirirdik. Ancaq aldığımız yeri avtomatla saxlaya bilməzdik. Texnika və artilleriya yox idi. İndi hər batalyon bütün növ silahlarla təmin edilib, ancaq müharibə vaxtı batalyon canlı əsgər və avtomatdan ibarət idi. Bununla da ermənilərə güc tətbiq edə bilmirdik. Ermənilər rusların silahlarından istifadə edirdilər. Güclər bərabər deyildi. Ancaq onlarda olan texnika bizdə olsa idi, bir qarış da torpaq verməzdik. Hansı dağda əməliyyat keçirilibsə, gedib ermənini qırıb qayıtmışıq. İndi bizə adi gəlir. Oturub fikirləşəndə görürük ki, erməni postlarına girib, onları məhv etmək hər oğlanın işi deyil.
- Ən uğurlu əməliyyatınız hansıdır?
- Ən uğurlu əməliyyatım "Şiş qaya" əməliyyatı olub. O əməliyyatda cəmi bir itki vermişik. Bir əsgərimi tankın üstündə vurublar. Ermənilər həmin əməliyyatda çoxlu sayda itki verdi. Əməliyyat zamanı silahlar və xəritələr ələ keçirdik. Şiş qayanı ələ keçirməzdən əvvəl dərədəki erməni əsgərləri vaqonda yatırdı. Öncə o vaqonu vurduq. Oradan bir dənə də olsun erməni sağ çıxmadı.
Əməliyyatdan danışdıqca Akif Həsənov əsəbləşir, əlləri əsir və halı dəyişirdi...
O zaman vaxt qıtlığı var idi. Çağırışçılara və könüllülərə 10-15 gün ərzində silah tutmağı öyrədib cəbhə bölgəsinə göndərirdilər. O zaman təlimlər olmayıb, buna vaxt olmayıb. İndi hər bir təchizatımız var.
Hərbi hissələrə tez-tez gedirəm. Silah sursatı görəndən sonra əminəm ki, müharibə olsa, Qarabağı almaq an məsələsi olacaq. İndi gedib tankları görürəm, öz-özümə deyirəm, kaş o zaman bu tanklardan 2-3 dənəsi bizdə olardı. İndi onlarla tank dayanıb hərbi hissələrimizdə. Batalyonun yaranmasının 20 illiyini keçirdik. 500-dən çox keçmiş döyüşcü ilə Ağburuna getdik. Bunu etməkdə məqsədimiz odur ki, əsgərlərimiz arxalarında keçmiş döyüşçülərin dayandığını görsünlər. 1993-cü ilin yanvarın 3-dən batalyonu qəbul etmişəm və ondan sonra döyüşlərdə komandir kimi iştirak etmişəm. Ermənilər öz hesabına torpaq almayıblar. Onlar ruslardan və yaxud ruslar ermənilərdən istifadə edib torpağımızı alıb.
Biz indi o torpaqları almalıyıq. Biz ölüb gedəndən sonra gələcək nəsil nə biləcək nələr baş verib? Təbliğatdan istifadə edib hər şeyi unutduracaqlar. Azərbaycan gənclərinin sayı 1 milyondur, ancaq onlardan Qarabağı, torpağı vətəni düşünən yüz min nəfər olar, ya olmaz. Düşünən bəlkə də çox olar, ancaq ölüb, öldürmək istəyən bəlkə də yüz min olar. 50 ildən sonra Azərbaycan gəncliyinin sayı daha çox olacaq. Onlardan da vətəni, milləti sevənlər olacaq, ancaq o zaman onlar bizim gorumuza söyəcəklər ki, bu problemi bizə qoyub getdilər. Bu problemi bizdən sonrakı nəsilllərə qoymağa bizim haqqımız yoxdur.
Bu dəqiqə müharibə olsa, əmr lazım olmayacaq, silahı götürüb yenidən gedəcəyik irəli. Biz bu məsələni nəvəmizə, nəticəmizə saxlamaq istəmirik. Bu gün desələr ki, Qarabağ alınıb, Laçına, Şuşaya, Ağdama gedə bilərsən. Gedə bilmərəm. Getsəm də ürəyim partlayıb ölərəm. Bu gün o torpağa əli silahlı getməsəm, 5-10 ildən sonra maşınla getsəm ürəyim partlayar. Oradan əli silahlı çıxmışıq, əli silahlı da qayıtmalıyıq. İndiki vəziyyətdə bizim əsgərlər öldürməlidir, ölməli deyil.
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics