12.03.2016

Keçmiş batalyon komandiri: "Bizdə əməliyyatları elə qururdular ki, bilmədən ermənilərə xidmət edirdik" — REPORTAJ

Ağdam. 5 mindən çox şəhid. Qanlı əməliyyatlar. Təxribatlar.
Ermənilər özləri belə Ağdamı ala biləcəyinə inanmayıb. Ağdam alınandan sonra əməliyyatda iştirak etmiş erməni zabiti müsahibəsində deyib: “Ağdam boş idi, ancaq ürək edib 3 gün oraya girmədik.”
Bəs Ağdam necə oldu işğal olundu və yaxud verildi?

Ölkə.Az keçmiş batalyon komandirləri ilə müsahibəyə davam edir...
Bu günkü müsahibimiz Ağdamın keçmiş batalyon komandirlərindən biri Qara Nadir ləqəbli Nadir Cəfərovdur.
Müsahibədə o zaman baş verən olaylar, əməliyyatlar, Surət Hüseynovun dəstəsinin gətirdiyi bəlalar, təxribatlar və sirli məqamlardan danışmışıq. Nadir Cəfərovla Goranboyun Ağcakəndində görüşdük.
Salamlaşıb, Ağdam haqqında söhbətləşdikdən sonra başladıq əsas məsələyə. Ağdamın işğalına və yaxud verilməsinə. Nadir Cəfərovun keçdiyi döyüş yoluna.
Nadir Cəfərov özü Laçından olsa da ən yaxşı Ağdamlıdan daha çox Ağdamlıdı...
Hadisələrin başlanğıcı
Əvvəla müharibəni biz başlamamışıq. Müharibə başlayanlara cavab vermişik. Biz çətin vəziyyətdə onların qarşısına çıxmışıq. 1988-ci ildən 1990-cı ilə qədər həm öz polislərimizə, həm də erməniyə qarşı döyüşürdük. O zaman polis olanların hamısının üzünə qarşı deyərəm etdiklərini. Müharibə başlayanda ilk yaranan batalyonun biri Ağdamda olub, Eldar Bağırov adına. Soyqırıma görə həmin batalyonun yaranma tarixi 1992-ci il 31 marta salınıb. Ona qədər özümüz öz silahımız hesabına mübarizə aparmışıq. Azərbaycanda olan silahlar yığılmışdı. Gizlədilib saxlanılırdı. O zaman mənim ətrafıma ona görə yığışan çox idi ki, məndə bir dənə Beşatılan var idi. Arxalandığımız silah o idi. Yerdə qalanları quş tüfəngi idi. Mən əsasən Ağdam ərazisində döyüşmüşəm. Laçında olarkən orqanda işləyən yaxın yoldaşlardan mənə deyirdilər ki, nişangahda sənsən, səni tutub vercəklər komendata.Bizim səni oradan almağa gücümüz çatmayacaq. Komendat da Xankəndində otururdu. Ona görə Ağdama gəldim.
Ala Yaqubun dəstəsi deyilən batalyonu biz yaratmışıq. Uşaqlara həmişə tapşırırdım ki, mənim adımı çəkməyin etdiklərimə görə. Gücümüz çatanı edirdik, erməni kəndlərini yandırırdıq, dağıdırdıq. Hadisələr təzə başlayan zaman ermənilər Ağdamdan bir qızı əsir götürmüşdü. Gedib 14 nəfər erməni tutub gətirib, o qızla dəyişdik. Təsəvvür edin, 14 ermənini gizləməyə yer tapmırdıq. Aparıb İmişlidə gizləmişdik onları. Biz erməniləri gətirdik Ağdama gətirəndə yolda polislərimizi gördük, gizləndik. Bizim polislərlə erməni polislər ratsiya ilə danışırdı. Bizim polislər ermənilərə deyirdi ki, “Bu oğraşlar bizi də boğaza yığıb, sizi də. Buradan keçsə biz güllələyəcəyik, oradan keçsə siz”.
Ordu təzə yarananda yoldaşlar orduya qoşulmaq istəmirdi. Onlara məsləhət bildim ki, orduya qoşulaq. Ondan sonra 200 könüllü ilə orduya yazıldıq.
Ordunun ilk hücumlarından biri Pir Camala oldu. Kəndə çatanda erməniləri gördüm, əsgərlərə dedim uzanın. Uzandıq. Bir də gördüm yaşlı bir kişi yanımızdan keçib gedir, dedim, ermənilər qabaqdadı, uzan. Mənə biqabiliyyət bir söz işlədib, səndə qoruxursan dedi? Kişi irəli getdi, ayağından güllə dəydi. Ondan sonra durub kəndi götürdük. Kişinin 60-dan çox yaşı var idi. Əslində belə kişilərdən danışmaq lazımdır...
Biz hücum edən zaman heç vaxt erməni bizə tab gətirə bilməyib. Öz fikrimi deyim sizə, Azərbaycanda kifayət qədər hərbçi var idi. Nəyə görə bizim əsas komandirlər Rusiyadan gəlmişdi? O komandirlər hamısı məqsədli təyin olunmuşdu.
Ağdamda komandirlərdən biri Talıb Məmmədov idi. O, Sovet vaxtı akademiyanı kəşfiyyat üzrə qurtarıb, Əfqanıstanda kəşfiyyat batalyonunun komandiri olub, oradan Moskvaya əks kəşfiyyat idarəsinə təyin edilib. Rusiya vətəndaşı, əks kəşfiyyat idarəsinin işçisi ola-ola Talıb Məmmədov necə Azərbaycanda, Ağdamda hərbi komandir işləyə bilərdi? Bu sualları ona verəndə dedi ki, Surət Hüseynov əmrimi yazıb, mən də işləmişəm. Bu cür adamları gətirib yerləşdirmişdilər hərbi sistemimizə.
1993-cü ilin oktyabrına qədər 5 rayon getdi, ermənilərin aldığı 9 rayon tamamlandı. Həmin vaxt 6 nəfərə general rütbəsi verildi.
Demək, çıxmışıq döşəyin üstünə güləşməyə, yıxılan tərəf də biz, mükafat alan tərəf də biz.
Çox maraqlı hadisələr baş verirdi. Yuxarı komandanlığa mükafat verildi, aşağı komandirlərə cəza...
Ağdamn işğalı ilə bağlı 5 nəfəri günahlandırırlar. Biri mən, biri Mərzilinin qarşısında olan Füzuli idi, biri daxili qoşunda bölüyün giziri idi, bir nəfər milli qvardiyadan idi, bir nəfər isə daxili qoşundan tağım komandiri idi. Demək Ağdamı bu 5 nəfər verib. Hər şeyə cavabdeh komandir heyəti olmalıdır, ancaq bir dənə də olsun komandir heyətindən cəzalandırılan olmadı.
- Heç kim inanmırdı ki, Ağdam gedər, hətta ermənilər özləri belə Ağdamı alacaqlarına inanmırdı. Ağdam necə oldu getdi?
 - Lazım olsa onların üzünə deyərəm. Birinci növbədə biz Ağdamı saxlamışdıq. 709 saylı hərbi hissəni niyə köməyə gətirdilər? 709, yəni, Surtin batalyonu. 709-un içərisindəkilərin əksəriyyəti cinayətkarlar idi. Onların çoxu türmədən buraxılmışdı. Cinayətkarın milləti, vətəni olmur, onlar harda olursa olsun öz əməllərini edəcəkdi.
Ağdamın icra hakimiyyətindən batalyona benzin istədim. Mənə dedilər ki, gəl iclasa. Dedim, iclasdı mən qarışa bilmərəm. İclasda 10 nəfər var idi. Məni məcbur içəri apardılar. İçəri girən kimi 5 nəfər gəldi. Biri özünü təqdim elədi ki, Surət Hüseynovun müaviniyəm. Hamısı da mülkü geyimli və bellərində tapança var idi. Onlardan biri digərinə dedi ki, “Zəng elə lələyə de ki, Ağdamı götürmüşük”. Nadir müəllim də ziyalı adam idi. Bunlardan biri icra başçısının qarşısında stolun üstündə oturdu. Bu hərəkət mən toxundu ki, cavan adam, yaşlı, ziyalı adamın qarşısında necə ola bilər stolun üstündə oturur. Əvvəl istədim silahı çəkib vuram, sonra ağlıma gəldi ki, makarda iki güllə var. Silaha əl atmadım, onlardan birini vurdum. Ağdama gələsən və icra başçısının qarşısında “Lələyə zəng elə deyəsən”? Onlar qaçdı. Bu hadisədən sonra bir aya qədər onlar bir də Ağdama gəlmədi. Onlar ikinci dəfə gələndə mənim batalyonumu planlı şəkildə çıxarmışdılar Ergi düzünə. O zaman isə Ergi tərəfdən hücum yox idi. Bizim batalyon Ağdamla Şellinin arasında idi. Hər bir işi də düzgün görmüşdük. Blendaj hazırlanıb, səngər qazılı idi. Bizim batalyonu oradan çıxarıb 709 saylı hərbi hissəni gətirdilər. Mənə dedilər çıxmalısan ordan. Sual verdim ki, niyə? Dedilər, 709 deyir biz oranı qoruyacağıq, görək necə olur. Müharibəni sınaq meydanına çevirdilər. Ergidən 10 əsgərlə Ağdama gəldim ki, görüm vəziyyət necədi. Ağdamda 5-5, 10-10 əsgərlər gəzişirdi. Soruşurdum kimsən? Deyirdilər, Surətin dəstəsindənəm. Soruşurdum, bəs niyə rusca danışırsan? Deyirdilər, çeçenəm, gürcüyəm. Onlar erməninin kəşfiyyat qruppası da ola bilərdi. Erməni ilə gürcünü ayırd etmək çətindi. Rusca danışır, deyir, “Ya qruzin”. Mən nə biləydim bu həqiqətən ermənidi, ya gürcü. Soruşanda da deyirdilər, Surətin dəstəsindənik. Qarabala adlı Şellidən bir əsgər iki erməni tankını vurmuşdu. Həmin gün 709 saylı hərbi hissəyə məxsus zil onu vurub, divara sıxıb öldürdü.
Laçındanam, amma həmişə Laçından çox Ağdamın üstündə mübahisə aparıram. Ona görə ki, fakt Ağdamda olmuşam, döyüşmüşəm və şəhidlərin hamısını görmüşəm. Özüm isə 1 dəfə yox, 3-4 dəfə yaralanmışam. Ağdamın şəhidlər xiyabanı doldu, şəhidləri Uzun dərəyə aparırdılar dəfn etməyə. Hələ kəndləri demirəm, sırf şəhər daxilini deyirəm. Bəzi ağzıgöyçəklər, nanəciblər var, deyir ki, Ağdamı ağdamlılar verdi. Qardaş qardaşa bir qarış torpaq verməz, nəinki ağdamlı erməniyə, özü də döyüşdə, torpaq verərdi?
Ağdamın verilməsinə hərə bir səbəb deyir. Ağdamın verilməsinə səbəb 709, Surətin dəstəsi oldu. Belə yerdə özümüz ekspertlik edək. Necə oldu Surətin batalyonu Ağdamda 10 gün qaldı, Ağdam getdi. Ondan sonra Füzulidə 10 gün qaldı, Füzuli getdi,Cəbrayıl, Qubadlı, Zəngilan həmçinin. 709 guya köməyə gedirdi, ancaq gedəndən sonra rayonlar gedirdi. Onlar gəlmədən öncə torpaqlarımız özümüzdə idi, hələ biraz irəli də getmişdik.
Allaverdi heyf ki, şəhid oldu. O hər şeyi təşkil edirdi. Allahverdi sağ olsa idi, Sərdar Həmidov 709-u Tərtərə buraxmadığı kimi, Rasim Goranboya buraxmadığı kimi, o da Ağdama buraxmazdı. Mənim camaat arasında Allahverdi qədər avtoritetim yox idi. Mən 709-u qovanda mənə ağsaqqallar dedi ki, sən niyə qoymursan bizə köməyə gəlsinlər, amma Allahverdi onları yerində oturdardı. Bir də ona görə ağsaqqallara qarşı çıxa bilmirdim ki, qorxurdum Ağdam gedər, günahkar məni bilərlər. Onsuzda sonradan məni günahkar bildilər. Kaş onları Ağdama buraxmazdım. Surətin ardıcıl getdiyi yerdə torpaqlarımız getdi. Tərtər və Goranboy Surəti rayona buraxmadı, nəticəsi də o oldu ki, bir qarış torpaq itirmədi.
Generel, nazir mənim üçün fərqi yoxdur, onların hamısının mənim yanımda dili gödəkdi etdiklərinə görə. Kətiyin başına mən çıxmışam. Xankəndinin içi də əlimizin altında idi. Oraya texnikanı da çıxardıb, postları dağıdıb almışdıq. Aşağıya xəbər göndərdim ki, dağı almışam, su, çörək göndərin. Heç bir şey göndərmədilər. Axırda özüm düşdüm aşağı. Şəxsən Elxan Orucov mənə dedi ki, mən sənə demişdim, Naxçıvanikin kəndini al. Mən də dedim ki, hərbçi deyiləm, kitablardan oxumuşam, kinolarda görmüşəm, strateji əhəmiyyətli yüksəklikləri götürmək lazımdır. Ona izah etdim ki, biz Naxçıvanikin içərisində dursaq erməni daşla bizi qırar, ona görə kəndi yox, yüksəkliyi götürmüşəm. Elxan Orucov dedi ki, orada ölənlərə, itənlərə cavabdeh sənsən. Mən isə Naxçıvaniki keçib gedib, yuxarıdakı dağı almışdım. Oraya qrat və topu çıxardıb, Xankəndinin içini vurmaq olardı.
Məcburən, ac, susuz oradan qayıtdıq geri. Sonradan Aqil Abbas “Ləl cəvahirat” fondu yaratdı. Oranı yenidən almaq üçün 500 min pul ayırdılar ancaq mümkün olmadı. Erməni o yüksəklikdən Ağdamın içərisini bütün günü qrat, top atəşinə tuturdu.
O zabitlərin çoxu Ağdamı vermək üçün gəlmişdi ora. Şəxsən mən bu cür düşünürəm.

Xəbərsiz hücum edən “qoyunlar”
Mərzilinin üstündə dağdağan ağacının yanı Piravbulağı almaq üçün Talıb Məmmədov göstəriş verdi. Mənə verilən yer Piravbulağın erməni postları olan yer idi. Səhər saat 7-8 arasında artilleriya oranı vuracaqdı, biz də hücuma keçib, postları alacaqdıq. O zaman Talıb Məmmədova dedim ki, mənim sizlə əlaqəm olmadan artilleriya oranı vurmasın. Dedi, nə bilirsən elə. Mən hücuma keçəcəyim vaxtı bildirmədim. Biz əvvəlcədən rəhbərliyə vaxt deyəndə gedirdik ki, erməni hazırdı. Gecə saat 3-də Qəmlo Ləqəbli Füzuli ilə o ərazini aldıq. Sviyazda olan bir əsgərim var idi, erməni dilini əla bilirdi, o erməninin sviyazına düşmüşdü. Ermənilər biri-birinə deyir ki, “qoyunlar ilk dəfədir xəbərimiz olmadan hücuma keçib”. Deyilən kimi sağdan soldan hücum edib, artilleriya da ərazini vurmalı idi. Səhər saat 7-dən artilleriya ərazini vurmağa başladı, ancaq sağ və soldan hücum olmadı. Məcbur qalıb o atəşin altında əsgərlərlə sürünüb çıxdıq.
Ağdam çıxandan sonra mənim batalyonumu Çəmənlidə hücumun qarşısın almağagətirdilər. İki dəfə kəşfiyyat göndərdim Ağdama. Birinci gün bir kamaz gətirdilər, içində də bir neçə erməni meyidi. İkinci gün gələndə bir dənə vaz 2106 gətirdilər, onda da bir neçə erməni öldürərək. Gəlib dedilər ki, Ağdamda bir dənə də olsun erməni yoxdur. Mən də bundan sonra dedim, gedirik Ağdamı almağa. Şəhər boş idi. Rəhbərlik atəşkəsdi deyib, mənə icazə vermədi. O zaman Ağdamda erməni yox idi... Bu hadisələr İyulun 23-30 arası olub.
3 gün mənə imkan vermədilər hücuma keçim. Şahbazov soyadlı hərbi hissə komandirinin müavini var idi. Çəltiyin altında erməni ekskovatorları səngər qazanda əmr verdim qranatla oranı vursunlar. O qoymadı, dedi, atəşkəsdi. Erməni gözümün qabağında erməni torpağımda səngər qazır, rəhbərim mənə deyir, atəşkəsdir atma...
Mən əmr verdim atın, o, əsgərlərə qışqırdı atma. Əsgərlər, onun sözünə baxmadı, atdı. Ekskovator qarışıq bir neçə erməni külə döndü. Uzaqlaşanda mənə dedi ki, sən düz elədin.
Bir elə olmaz-olmaz deyəndən sonra. Təkcə mənim batalyonuma əmr verdilər ki, hücuma keçin. Uzundərədən Kəngərli tərəfə hücuma keçdik. 35 nəfər yaralandı. Girə bilmədik. Uzundərədə bizim bir əsgər gördü ki, bir maşın var, gedib görüb ki, bir erməni zabiti nəşələnib yatıb. Onu tutub gətirdi. Həmin erməninin danışdıqlarını deyim sizə:
Erməni kapitanı dedi ki, 3 gün ərzində biz Ağdama girmədik. Ancaq siz hücuma keçən gün bütün qüvvələr Kəngərli istiqamətinə yığılmışdı. Siz batalyon yox, briqada ilə də hücum etsəniz Ağdama o hissədən girə bilməzdiniz.
Həmin o ermənini 28 nəfər əsirimizlə dəyişdik. O zaman başa düşdüm ki, biz bir mərkəzdən idarə olunuruq. Mən 3 gündü boş olanda deyirəm, hücuma keçək icazə vermirlər, icazə verəndə də məlum olur ki, erməninin bütün qüvvəsi oradadı. Həmin erməni dedi ki, 3-4 gün ərzində hücuma keçsəydiniz Ağdamda heç kim yox idi. Çox rahat ala bilərdiz oranı.
Sonra Ağdamın getməsi qaldı bizim boynumuza. Döyüşən də biz olduq, ölən də biz olduq, torpağı satılan da biz olduq...
Bizdə elə əməliyyatlar qururdular ki, bilmədən ermənilərə xidmət edirdik. Dedilər Fərruxu almaq lazımdır. Fərruxu almaq bizim ziyanımıza idi, amma yenə də deyirdilər ki, alın. İki dəfə mənim batalyonuma əmr verdilər Fərruxu al, razılaşmadım.
- Səbəb?
- Əmr verirdilər ki, düz istiqamətdə təpəyə çıxıb alın. Erməni təpənin üstündə durub, biz necə qalxaq oraya? Mən də deyirdim, Fərruxu almaq lazımdırsa, icazə verin, təpənin arxasına fırlanıb alım. Deyirdilər, yox, ancaq düz istiqamətdə. Mən bilə-bilə bir elə uşağı niyə qırğına verməli idim?
Ən az mənim batalyonumda itki olub. Ona görə ki, artıq bilirdim nə olacağını, uşaqları bilə-bilə ölümə aparmırdım. Elə yerə və elə istiqamətdən hücum əmri verirdilər ki, orada mütləq qırılmalı idik. 
Həmişə bir söz demişəm, haranı almaq lazımdırsa, icazə verin öz planımla alım. Deyirdilər, olmaz!
Korqan əməliyyatı
Əmr verilmişdi ki, Korqan təpəsi alınsın. Əfqan briqadası, 702 Korqan təpəsinə 3 gün ərzində hücum etdilər, ala bilmədilər. İtkilərimiz çox idi. O briqadaya 1 həftəlik göndərilmişdim. Getdim general Yaşar Aydəmirovun yanına, dedim ki, icazə verin, sabah oranı alım. Dedi, o ərazi ilə ali baş komandan da maraqlanır. Bizim ərazi deyil, boynumuza götürüb hücum edərik, uduzarıq, məhv olaram. Komandirə dedim, xaiş edirəm, 1 saata alacam oranı. Aydəmirov briqadanın artilleriya rəisinə dedi ki, sabahkı döyüşdə 3 batalyonun komandirinə tabesən. Rövşən adlı tağım komandiri var idi, onu təlimatlandırdım ki, biz erməniləri atəşə tutacağıq, onların da başı bizə qarışanda dərə ilə keçirsən erməninin arxasına və fişəng atırsan. Yarım saat keçmədi bizim uşaqlar erməninin arxasına keçib, fişəng atdı. O dəqiqə hücuma başladıq. 1 saat tamam olmamış təpəni götürdük. Orada yaralandım. Gecə ilə xəbər gəldi ki, Korqan əməliyyatını keçirən batalyon Bərdə ilə Tərtərin arasına gətirilsin, ermənilər Bərdəyə hücum edəcək. Bizi gətirdilər Bərdəyə. Bərdəyə çatanda xəbər aldım ki, erməni yenidən Korqanı alıb...
Suya düşən hücum planı, Bərdənin mənasız mühafizəsi
Bir yeri buraxırlar getsin, əvəzində döyüşü udurlar. Korqanı alandan sonra aşağı Seyid Əhmədli bizdən arxada qalmışdı. Səhərə planım o idi ki, ermənini orada mühasirəyə salıb, oradan irəliləyib Füzulidən Kirsi alaq. Kirs Şuşanın dağı idi. Oranı alsaq müharibəni udmuş sayılırdıq. Mənim fikrim bu idi. Bütün daxili qüvvəmi yığıb Bərdəni saxlamaq olardı. Biz isə ermənini gözləmədiyi yerdən vurub müharibəni udardıq. Bərdə istiqamətində cəmi 3 erməni gördük. Birini də Nadir adlı oğlan snayperlə alnından vurdu, o biri ikisi də qaçdı. Bərdəyə hücüm filan yox idi. Hücum olsa idi, çıxıb yekə-yekə deyərəm ki, Bərdəni mən saxlamışam. Qərargahdan xəbər gəldi ki, ermənilər 25 tankla Bərdəyə hücuma keçəcək. Aydəmirova dedim, komandir, mən onların qarşısını alacam. Dedim, əgər onlarda birdən-birə 25 tank peyda olubsa mən Cəfərov Nadir 25 bombaatan (qranatomyot) ilə onları bir-bir vuracam. Dedi, lağ edirsən?
- Xalqı sındıran Xocalı görüntüləri. İndi qəhrəmanlıq kimi görünən, video görüntülər, əslində kimlərə xidmət edirdi?
- Bilirdim ki, bu panikadır. Əsgərlərə psixoloji təsir edirdilər. Aydəmirovda da günah yox idi, ona nə deyirdilər, o da mənə deyirdi. Deyilən istiqamətdən nə tank gəldi, nə də əsgər...
O zaman belə panikalar çox olub. TV-lərdə Xocalı qırğınını verdilər, Kəlbəcərin qırğınını vemədilər. Xocalı bizim ən yaralı yerimizdir. Xocalı dərədən çıxıb, bir dağı aşmışdı. Kəlbəcər Murov dağını aşıb keçdi. Kəlbəcər qırğınını ona görə göstərmədilər ki, artıq Xocalı qırğını ilə bizə psixi təsir etmişdilər. Dillənən olanda deyirdilər, niyə qaçmırsan, səni də Xocalının gününə salacaqlar. O kadrları yayanlar da o zaman erməniyə işləyirdi. Xalqı psixoloji olaraq məhv etdilər. Əsas dəhşət Kəlbəcərdə olub. Axırıncı dəfə camaatı oradan çıxarmağa gedəndə, səhər yağış yağdı, günorta qar, gecə isə Murovun şaxtası, islanmış camaat məhv oldu. Məni mühakimə edəndə müstəntiq sual verdi ki, neçə dəfə yaralanmısan, səndə maddi maraq nə idi ki, döyüşə gedirdin? Dedim, əgər mənim kimi Xocalının meşələrində qohum-əqrabanın donmuş cəsədini yığsaydın, Kəlbəcərdə inəyin balası ölmüşdü, inək balasını qoyub getməmişdi, ancaq ana ölmüş övladını qarın içərisinə qoyub getmişdi, sən onları görmüş olsaydın, səndə də insani hisslər olardı. Onda bilərdin niyə döyüşə getmişəm...
"Murov əməliyyatı" ətrafındakı oyunlar
Hər kəs ayağa qalxmışdı ki, hücum edək. Murovdan aşıb hücuma başlandı. O zaman 100-dən çox erməni öldürmüşdük. Əməliyyat dayandırıldı. Sonradan əməliyyata Nəcməddin Sadıqov başçılıq etdi. Nəcməddin Sadıqov Surət Hüseynovla birgə döyüşü aparan komandiri işdən azad etdi ki, əmr olmadan döyüş aparılıb. Əmr olmasa da komandir əla döyüş aparırdı. Bundan sonra əsgərlər və zabitlər arasında çaxnaşma düşdü ki, Nəriman kimi komandiri işdən azad etdilərsə bu məsələdə nə isə var...
Sonra qərar çıxardılar ki, könüllüləri azad edək hərbidən. Deyirdilər, könüllülər, cinayətkardır. Cinayətkar idi, lap yaxşı, qoyaydız qabaqda gedərdi, güllə yarası alardı. Hadisləri Moskva idarə edirdi. Nə zaman irəli getmək istəmişik, bir badalağa rast gəlmişik.
Məntiqli hazırlığın, məntiqsiz nəticəsi...
1994-cü ilin mart ayında Seyfəlidəki poliqonda bizi hazırladılar ki, dağ hücumuna keçəcəyik. Təlimi də dağ hücumuna uyğun keçdik, hazırlığımızı da dağ hücumuna görə gördük, texnikanı da dağ hücumuna görə hazırladıq.Aprel ayının 26-27-si bizi apardılar Füzulidən hücuma. Planı, hazırlığı dağdan hücuma görə hazırlamışdıq. Apardılar bizi düzəngaha. Nə də olsa orada da qələbə əldə edə-edə gedirdik. Erməninin biri bizimkilərlə sonradan əlaqə saxlayıb deyib ki, hücumu niyə dayandırdınız? Gorus, Qafan köçürdü ki, Azərbaycan Ukraynadan muzdlu döyüşçülər gətirib. Bu sözü mənim batalyonuma, Aydəmirovun briqadasına görə deyiblər.
Bizi qınayanlar utansın!!!
Bizi başqa millətlər qınayır ki, partizan hərəkatı etmirlər, döyüşə bilmədilər. Müharibə tarixi oxumuşuq. Heç vaxt könüllü şəkildə heç kim döyüşə getməyib. Ya məcburi, ya da səfərbərliklə olub bu işlər. Azarbaycanda isə hər kəs silahsız gəlmişdi ki, döyüşək. Şüurlu adamlar idi hamısı, bilirdi ki, burada ölüm var. Təzə başlayan vaxt, elə olub 5 nəfərə bir silah verilib.
Bizim millət öz ümidimizə qalsa torpağı alacaqdı. Bakıdan, Montindən Fuad adlı oğlan var idi, özünü mənə görə güllənin qabağına verdi. O, Bakıdan, Montindən mən Laçınlıya görə özünü güllənin qabağına verirdisə, torpağına görə 10 dəfə ölərdi. Yekunda adımız qaldı “torpaq satan”...
Xocalı. Hazırlanmış əməliyyat. Rəhbərlik dəyişikliyi. Uzundərə Əməliyyatı və qırğın...
Xocalının köməyinə getmək üçün Fred Asif, Yaqub, Allahverdi, Akif və mən plan qurduq. Xəlvəti yol ilə 150 nəfərlə Xocalıya keçəcəkdik. Hər kəs öz gülləsindən əlavə bir sinq də güllə götürəcəkdi. Bu məsələnin təşkilatçısı Fəhmin Hacıyev idi. Fəhmin Hacıyev prezidentin nümayəndəsi idi. Axşam onun yanına yığışıb, Yeni Qaralar kəndinə qədər gedəcəyimiz maşının təşkilindən tutmuş, bütün planları son dəfə müzakirə edəcəkdik. Girdik onun otağına. Gördük ki, Tamerlan Qarayev əsas stulda oturub, Fəhmin isə kənarda. Söhbət zamanı gördüm Fəhmin bu işə qarışmır. Soruşdum nə olub? Dedi, artıq mənlik deyil. Tamerlan Qarayev bizim bütün planımıza qulaq asdı. Tamerlan Qarayev dedi, çıxın çöldə gözləyin, deputatlarla söhbətim var. Mən də, xəstəxanadan 15 gün olardı çıxmışdım. Güllə yarası, bir tərəfdən də narkoz, psix kimi olmuşdum. Dedim, mən iştirak etmirəm. Ölümə gedirəm, durub qapı arxasında deputat gözləyəcəm?! Allaverdi məni sakitləşdirdi, dedi, get sən təzə xəstəxanadan çıxmısan, dincəl, nəticə barədə sənə xəbər verəcəyik. Allahverdigil 2 saatdan artıq gözləyir orada. Plan qurulur ki, Uzundərə götürülsün. Uzundərəni almağa gedənlərdən biri də mən olmuşam. Orada 5-6 dənədə çəlimsiz erməni əsgəri var idi. Hamının başı qarışdı oradan silah sursat götürməyə, bir də ayıldıq ki, Xocalı gedib... Belə planlarla müharibəni uduzduq.
KQB-nin təxribatçı oyunu
Ətyeməzlidə batalyondan çıxıb yemək yeməyə gedirdim. Çeçenlər var idi, mənə yaxınlaşdılar ki, Çeçenistanda ara qarışıb, bizim sənədləri verin gedək. Bunlar da çox qoçaq uşaqlar idi deyə, onları göndərmək istəmirdim. Ona görə dedim ki, sənədləriniz nazirlikdədi, yazaram, göndərərlər. Bunlar razılaşdı. Bir rus dedi ki, mənim sənədimi ver gedirəm. Buna da onlara dediyimi deyəndə dedi ki, sizin nazirliyi tanımıram. Çeçenlərdən biri dedi ki, sən komandirlə danışırsan. Bu məni vurmaq istədi. Mən onu qabaqlayıb vurdum. Yıxılmadı, çönüb başladı məni yumruq yağışına tutmağa. Əsgərlər bunun üzərinə gəldi. 30-40 əsgərin hamısını döyməyə başladı. Gördüm bu hamını vura-vura qərargaha tərəf gedir. O dəqiqə anladım ki, qaravulda duran əsgərin avtomatını almağa gedir. Makarı çıxarıb havaya güllə atdım, qaçıb durdum pilləkənin başında. Onu orada təpiklə vurdum. Arxadan əsgərlər bunun üstünə atıldı, bir elə adam onu tutub, yenə də sürünə sürünə avtomata tərəf gedirdi. Axırda gördü şansı yoxdu, təslim oldu. Onun əlini,qolunu bağladıq. 2 saat keçmədi ki, KQB-dən iki nəfər gəlib özünü təqdim elədi ki, burada siz adam tutmusuz, o, Krasnadarda hazırlanıb göndərilmiş təxribatçıdır. KQB-dən gələnlər mənə bir neçə şəkil göstərdi. Gördüm batalyonda şəkildəkilərdən biri də var. Onu xəlvətcə tutduq. Onları götürüb apardılar. KQB-nin işçiləri bizə dedi ki, bunları buraya göndəriblər ki, texnikaları sıradan çıxarsın. 4-5 ay keçmişdi. Qiyamadınlıya yemək aparan əsgərlər xəbər elədi ki, bizim tutduğumuz rus burada bizlə atışır. Nə edək? Dedim, bacarın ayağından vurun, görək bunu kim buraxıb. Oturdum maşına, ora çatanda gördüm uşaqlar ayağından vurub. Apardıq hospitala ki, ölməsin, görək bunu kim buraxıb, nəyə gəlib? Aradan 2 saat keçməmiş KQB-nin işçiləri gəldi ki, burada təxribatçı tutublar. Əsəbləşmişdim, bunların üstünə gəldim ki, ay alçaqlar, bunu tutub sizə vermişik, sizdən də şübhələnmişəm. Nə bildiniz biz tutmuşuq? Bizim xüsusi bölmənin rəisi Səddrədin Zeynalov qolumdan tutub dedi ki, özünə yazığın gəlmir, bizə və ailənə yazığın gəlsin. O orada öldü. Ondan sonra da dedilər, niyə öldürmüsüz?
O zaman bizim içərimizdə belə erməni, daha doğrusu rusun qüvvələri var idi. Belə olan halda müharibəni necə uda bilərdik?
Hər şeyə rəğmən, yenə, yenidən döyüş
Hamıdan küskünəm, ancaq torpaq elə bir şeydir ki, geri durmaq mümkün deyil. Hərdən əsəbləşirəm, istəyirəm, keçib gedib erməniyə bir ziyan vurum gəlim...
Sonda bu xalqı, milləti qorxaqlıqda günahlandıranlar, torpaqlarını qoyub qaçdı deyənlər utanmalıdır!!!
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics