14.03.2016

"İmtahanlar Azərbaycanda tələbələr üçün əsl kabusdur" — Türkiyəli təhsil eksperti ilə müsahibə

Son zamanlar Azərbaycanda Türkiyəyə təhsil almağa gedən tələbələrin sayı durmadan artır.
Ölkə.Az-ın müsahibi Diriliş Başkanları Təşkilatının Ankara vilayəti üzrə rəhbəri Seyfəddin Boğazlı ilə Azərbaycan təhsili, Türkiyə təhsili, Azərbaycandan Türkiyəyə gedən tələbələr, diplom problemləri, Rusiya-Türkiyə münasibətləri ilə bağlı geniş müsahibəmiz oldu.

Ölkə.Az həmin müsahibəni sizə təqdim edir.
Seyfəddin Boğazlı haqqında qısa arayış:
Seyfəddin Boğazlı Türkiyədə yeni yaradılan Diriliş Başkanları Təşkilatının Ankara vilayəti üzrə rəhbəridir. 1986-cı ildə Sarıqamışda doğulub. Ankaradakı Qazi Universitetinin məzunudur. Seyfəddin Boğazlı hazırda xaricdə təhsil, ölkə daxili və xaricində mədəni fərqliliklər proqramlarını hazırlayır.
- Salam Seyfəddin bəy. Azərbaycana xoş gəlmisiniz.
- Xoş gördük.
- Azərbaycanda son zamanlar Türkiyədən gəlmiş kifayət qədər tələbə təhsil alır. Azərbaycanla Türkiyə təhsilini müqayisə etsək hansı fərqlər ortaya çıxır?
- Azərbaycandan Türkiyəyə çox sayda tələbə gəlmək istəyir. Azərbaycandakı tələbələrin daha çox Türkiyədə təhsil almaq istədiyini bilirik. Azərbaycan və Türkiyə təhsilini qarşılaşdırmaq istəmirəm, ancaq Türkiyədə təhsil bir az daha üstün səviyyədədir. Türkiyədə və Şimali Kiprdə oxuyan çoxlu azərbaycanlı tələbələr var, hamısının də təhsildə əla nəticələri var. Sizin tələbələrin gəlib Türkiyədə oxuması və özlərini inkişaf etdirməsindən sonra gedib Azərbaycan xalqına xidmət etmələri bizi qürurlandırır. Azərbaycanlı tələbələrə verdiyimiz təhsildən şərəf duyuruq.
- Bizim tələbələr son zamanlar attestatla gedib Türkiyədə universitetlərə qəbul olurlar. Ancaq Azərbaycanda elə bir şey yoxdur...
- Azərbaycan təhsilində yenilənmə, dəyişiklik olmalıdır. Əvvəllər Türkiyədə də insanlar məktəbi bitirdikdən sonra həyatları 3 saata, 3 saatlıq imtahana bağlı idi. İndi o qaydalar dəyişdi. Artıq Türkiyədə 81 vilayətdə yüzlərlə universitetimiz var. Biz bu universitetlərdə oxumağa tələbə tapa bilmirik. Türkiyədə hər orta məktəbi bitirən universitetə girə bilir. Bizdə tələbələr universitetə girmək yox, universiteti bitirəndən sonra nə edə biləcəklərinin dərdini çəkirlər. Azərbaycanda isə daha çox insanlar orta məktəbi bitirmək və universitetə daxil olmaq dərdindədirlər.
- Bizdə son zamanlar orta məktəb attestatı almaq belə çətindir.
- Azərbaycanın təhsil sistemi tələbə qazanmaq istəyir yoxsa nə, anlamaq olmur. Azərbaycanda əhalinin sayı təxminən 9 milyondur. Azərbaycan geosiyasi müstəvidə zəngin ölkə olaraq mühüm bir yer tutur. Azərbaycanın Təhsil Nazirliyi elə bir təhsil sistemi gətirməlidir ki, bütün tələbələr özlərini inkişaf elətdirə bilsinlər. Tələbələrin qarşısına əngəl qoymasınlar. Yaponiya, ABŞ təhsil sistemini gətirmək lazımdır. İmtahanlar Azərbaycanda tələbələr üçün əsl kabusdur. İmtahan sistemini yumuşaltmaq lazımdır. İnsanlar özlərini rahat hiss edib, təhsil aldıqdan sonra xalqına necə xidmət edəcəyini düşünməlidir.
- Bu məsələlərlə bağlı Azərbaycan Təhsil Nazirliyi ilə hansısa fikir mübadiləsi etmisiniz?
- Oksfordda Azərbaycandan olan bir təhsil işçisi ilə görüşdük. Onlara bəzi təkliflər verdik, edərik dedilər, ancaq sonra onlardan heç bir səs çıxmadı. Əgər sizin Təhsil Nazirliyi qəbul edərsə, layihələrimizlə Azərbaycanda tələbələrə kömək edə bilərik. 105 ölkədə olmuşam, ancaq Azərbaycan mənim üçün öz vətənim kimidir. Buraya gəlmək üçün viza almalı olsaq da, hava limanında saatlarca gözlədilsək də Azərbaycan bizim üçün qardaş ölkədir.
- Türkiyədəki sistemi Azərbaycana neçə müddətə gətirmək olar?
- Hal-hazırda biz sizin təhsil sisteminizi araşdıra bilmirik. Çünki əlimizə yetərli məlumatlar vermirlər. Bizə ümumiyyətlə məlumat vermirlər. Tələbələrlə görüşürük, onlar da öz dərdlərindədir.
- Azərbaycan tələbələr təhsil almağa daha çox Türkiyə, Ukrayna və Gürcüstana gedirlər. Sonra onlar üçün bu diplomların keçərli olub-olmaması problemi ortaya çıxır...
- Türkiyədə Yüksək Təhsil Qurumu var (Yüksek Öğretim Kurulu). Biz Azərbaycandan gələnlərin diplomuna baxıb, o sahədə imtahan edib, iş veririk. Bu sizin Təhsil Nazirliyinin problemidir. Bizdə Yaxın Şərq Texniki Universitesinin (ODTÜ), Qazi universitetinin diplomu dünyanın hər yerində keçir. Türkiyədəki universitetlərin diplomu Azərbaycanda keçmirsə, bu Türkiyənin problemi deyil. Azərbaycanda təhsil alan türkiyəli tələbələr Türkiyəyə gələndə bizdə həmin diplomlara hörmət edir və həmin tələbələri işə qəbul edirlər. Ancaq Türkiyə bilir ki, Azərbaycan, Ukrayna və digər ölkələrdə imtahanlar daha çox pulla keçir. Ona görə də həmin tələbələrdən imtahan götürürlər və əgər onlar imtahandan keçə bilirlərsə, onların diplomu ilə bağlı heç bir problem yaranmır.
- Azərbaycanda təhsil haqqı çox yüksəkdir. Türkiyədə isə bizimlə müqayisədə çox aşağıdır. Sizcə Türkiyə Universitetlərinə axının əsas səbəblərindən biri bu deyil?
- Bir ölkənin inkişaf etməsi üçün xalqının təhsilli olması lazımdır. Bir ölkədəki təhsil pulludursa, o ölkə batmağa məcburdur. Fətullah Gülən haqqında eşitmisiz yəqin ki. O, insanlardan pul ala-ala bir dövlətə xəyanət edəcək səviyyəyə gəldi. Fətullah Gülən insanlara pulla təhsil verirdi və Allah onu məhv etdi. Pulla təhsil insanı caniləşdirir. Türkiyədə əvvəllər təhsil almaq çox çətin idi. Türkiyədə hər bir tələbə dövlətdən 440 TL (Türkiyə Lirəsi) pul alır. Bizdə təhsil pulsuzdur. Xaricdən gələn tələbələr üçün isə çox ucuz 300-500 dollar, ən bahalısı isə 700 dollardır. Bu da yaxşı bir universitetin yaxşı bir fakultəsi üçün ödənilən məbləğdir.
- Türkiyəni də izləyirik. Bizdə olduğu kimi sizdə də oxuyub iş tapmaq problemi var.
- Türkiyədə də küçədə 10 nəfər saxlasaq 8-nin diplomu var, amma işi yoxdur. Ancaq Türkiyənin işçi götürmək üçün yeri də çoxdur. Bəzi fabriklər işlətməyə işçi tapmır. Hazırda İstanbulda üçüncü hava limanı inşaatında işləməyə işçi tapmadığımız üçün xarici dövlətlərdən işçi gətirmişik. O sahəni bilən heç kim yoxdur. Türkiyədə sistemin gətirdiyi qarışıqlığa görə maliyyə, iqtisad, hümanitar bölümlərdə təhsil alanlar həddindən artıq çoxdur. Bu sahələrdən Türkiyənin ehtiyacının 50 qatı qədər insanlar məzun olur. Bu da işsizliyə gətirir. Çox adamlar dövlətdən nə isə gözləyir. Türkiyədə təhsiliniz belə olmasın, dövlətə gəlir gətirəcək, insanlara faydalı olacaq bir layihə ilə gedin, dövlət milyonlarla dəstək verir. Sizdə də əgər məktəbi qurtarmaq üçün bu qədər ağır imthanlar tələb edirlərsə, universitetə girmək bu qədər çətindirsə, oxuyub qurtarmaq daha çətindirsə, o zaman onlara iş vermək dövlətin borcudur.
- Biraz da siyasətdən danışaq. Türkiyə haqlı olaraq Rusiyanın hərbi təyyarəsini vurdu. Bundan sonra Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başladı...
- 5 dəqiqə içərisində rus təyyarəsinə 10 dəfə xəbərdarlıq etdik. Biz o təyyarənin hansı dövlətə aid olduğunu belə bilmirdik. Bizdə sərhəd namusdur. Sərhəddimizi pozdular, biz də o təyyarəni çox gözəl vurduq. Yenə pozsalar, yenə vuracağıq. Bizim üçün Rusiya, ABŞ, Almaniya fərq etməz. Rusiya bizə qarşı iqtisadi sanksiyalar tətbiq edir. Toyuğumuzu almasınlar, biz özümüz yeyərik, portağalımızı almasınlar onu da özümüz yeyərik. Pomidoru almasınlar biz özümüz yeyərik (gülürük).
Hazırda Rusiyada bir kq pomidor 54 tl-dir (Türkiyə Lirəsi). Türkiyədə pomidorun kilosu 50 qəpik (kuruş). Onlar düşünsünlər. Bizim üçün problem yoxdur. Mavi qazı kəsmək istəyirlər. Kəssinlər, biz təzək yandırarıq, odun yandırarıq, ancaq vətənimiz üçün canımızı verərik. Türk millətinin belə bir özəlliyi var, "Söz konusu vatansa, gerisi teferrüatdır". Rusiya indi münasibətləri normallaşdırmaq üçün yollar axtarır. İsrail bizim gəmimizi vurdu, onlara üzr istətdirdik. 2013-cü ildə biz Suriyanın hava sərhəddini pozduq, hərbi təyyarəmizi vurdular. Haqsız idik deyə, üzr istədik.
Türklərin düşməni həmişə farslar və avropalılardır. Heç vaxt bunlar türkün dostu olmayıblar. Səlçukluları məğlub edə bilmədilər, Osmanlını məhv edə bilmədilər. İtalyan bir general Fatih Sultan Məhmətə deyir, biz ordu olaraq sizdən çox üstünük, niyə sizi məğub edə bilmirik? Fatih Sultan Mehmet deyir, bizim göydə də ordularımız var. Osmanlını Abulhəmidə qədər bölə bilmədilər. Hitler belə Türkiyə ilə müharibə etmək istəmədi. O zaman Türkiyə çox zəif dövlət idi. Bizim içimizə nifaq soxdular. İki türkü xarici bir ölkəyə göndər, gedib orada dövlət qurar. 2023-cü il yaxınlaşır. 2023-cü ildə imzalanan Lozanna sülh müqaviləsi bitir. Lozanna sülh müqaviləsi bitəndən sonra biz tam müstəqil bir ölkə olacağıq. Hazırda öz ölkəmizdəki neftdən, bordan istifadə edə bilmirik. Bunlar Lozanna sülh müqaviləsi ilə əlimizdən alınıb. Rusiyanın da, ABŞ-ın da, Avropanın da dərdi yenidən müqavilə bağlamaqdır. Onlar istəyirlər ki, Türkiyə zəif olsun, yenidən bir müqavilə imzalayaq. Bu dəqiqə Diyarbəkirdə rus, alman kəşfiyyatçıları fəaliyyətdədirlər, PKK-ya dəstək verirlər. Biz də onları tapan kimi öldürürük. Sənin Diyarbəkirdə nə işin var ki, ölürsən? Təyyarə məsələsi oyundur. Biz Osmanlının nəvələriyik. Biz dirildik.
- Son olaraq Azərbaycanla bağlı fikrinizi bilmək istərdik...
- Azərbaycan bizim qardaşımızdır. Bizim üçün İstanbul, İzmir, Adana nədirsə, Bakı da odur. Azərbaycanın dərdi bizim dərdimizdir. Fatih Sultan Mehmet xanın bir sözü var: "İnsanı yaşat ki, dövlət yaşasın". Qanuni Sultan Səlimin də bir sözü var: "Xalqı yaşat ki, dövlət yaşasın". Onların dədələri Osman bəyin bir sözü var: "İnsan, hər şeydən öncə insan, dil, din, irq, hər şey bir yana, insan yaşasın".
- Vaxt ayırdığınız üçün təşəkkürlər.
- Siz sağ olun.
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics