12.03.2016

Həsən Sabbah və Assasinlər ordeni - Dünyanın ilk terror təşkilatı — MÜSAHİBƏ

Gizli təşkilatlar tarix boyu mövcud olub. Hətta elə gizli təşkilatlar var ki, əsrlərdir fəaliyyətini davam etdirir. Gizli təşkilat deyəndə çox insanın ağlına masonlar gəlir. Gizli təşkilatlar haqqında məlumatsız insanlar elə bilir ki, bunlar ancaq Qərbdə fəaliyyət göstərib. Ancaq şərqdə olan gizli təşkilatlar daha qədim və daha güclü olublar. Hətta qərbdəki ən güclü təşkilatlar öz quruluş sistemlərini məhz şərqdədəki gizli təşkilatlardan götürüblər.

Bu dəfə diqqətimizi çəkən şərqdəki gizli təşkilatlardan biri Assasinlər və onun lideri Həsən Sabbah oldu.
Bu mövzunu araşdırmaq üçün araşdırmacı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Ölkə.az-ın suallarını cavablandırdı.
Əvvəlcədən də təxmin etdiyim kimi Zaur müəllimlə çox maraqlı müsahibə alındı. Həmin maraqlı müsahibəni sizə təqdim edirik:
- Ümumiyyətlə, İslam yayıldıqdan sonra əsas hansı gizli birliklər yarandı?
- Azərbaycanda İslam yayılandan sonra və ondan da öncə gizli birliklər mövcud idi. Gizli birliklərin yazıları da öz əsrarəngiz sirləri ilə regionumuza axın edən xalqları özünə cəlb edirdi. BƏZZ, ƏLƏMUT, ƏLİNCƏ qalaları, üçü də təsəvvüfün qalalarıdır. Üçündə də fiziki mücadilədən ziyadə ruhani, mənəvi savaş getmişdir. Bəzz qalası Cənubi Azərbaycanın Kəleybər mahalında, Ələmut qalası hələ də Azərbaycan olduğu etiraf edilməyən Qəzvin dağlarında, Əlincə isə adı “Kitabi-Dədə Qorqud”da yad edilən Naxçıvandadır. Bəzz qalası hürrəmilərin, Ələmut qalası nüseyrilərin, Əlincə qalası isə hürufilərin qiyam qalaları olmuşdur.
- Ələmut qalası harada yerləşirdi və necə bir qala idi? İsmaillilər necə yarandı?
- Ələmut suyu bol olan yerdə, Qəzvinlə Xəzər dənizi arasında yerləşən möhkəm bir qaladır. Bu qala İsmaili hökmranlarının məskəni olmuşdur. Deyilənə görə Deyaləmə sultanlarından biri burada ov etmək üçün götürdüyü qartalı buraxmış və qartalı təqib edərək bu yerə gəlib çıxmışdır. Buraların əlçatmaz yerlər olduğunu görüb, burada qala tikdirmişdir. Adını "ələ əmut" qoymuş ki, bu ifadənin tərcüməsi deyləm lüğətində qartal təlimi deməkdir. Qalanın adında olan "mim" "vav" və "ta" hərfləri əbcəd hesabı qalanın inşa tarixinin hicri 446-cı il, miladi 1054-cü il olduğunu göstərir.
İsmaililər başqa şiələr kimi Cəfər əs-Sadiq daxil ilk altı imamı qəbul edir, lakin onun vəfatından sonra (765-ci il) imamətin, "isnə əşəriyyə"dən (on iki imamçılar) fərqli olaraq, kiçik oğlu Musa Kazıma deyil, böyük oğlu İsmailə keçdiyinə inanırlar. Yeddi imamı qəbul etdiklərinə görə, onlara "səbiyyə" (yeddi imamçılar) adı da verilmişdi. Bu məzhəbin ardıcılları belə hesab edirlər ki, Cəfər əs-Sadiq imaməti bilavasitə məhz oğlu İsmailə göstərişlə verib. Amma İsmail atasından öncə – 762-ci ildə vəfat etdiyinə görə, tərəfdarları oğlu Məhəmməd Məqtumun ətrafında toplaşıb və imamətin qeybdə olan (gizli) imamdan ona ötürüldüyünə inanıblar. İsmaililərə görə, imamlar gizli olsalar da onlara tabeçilik göstərmək vacibdir. Onun kökü də Afrikada ortaya çıxan Fatimi Dövlətinin əsasına dayanır.
Əl-İsmailiyyətül-halisa və əl-Ismaliyyətül-vəqf adlarıyla tanınan birinci qrup İsmayılın daha atası həyatda ikən olduğunu inkar etməkdə, onun Cəfər əs-Sadiqdən sonra yeddinci imam olduğuna, bir gün Mehdi və ya qaim olaraq dönəcəyinə, atasının onu qorumaq məqsədiylə bu cür söylədiyini və bunun bir təqiyə olduğuna qəti olaraq inanıblar.
- Bu dövr Azərbaycan adlandırılan məkanda daim qovğalar, axınlar, savaşlar içində keçib. Həsən Səbbahın başçılığı nə yeniliklər gətirdi?
- Səlcuqların Azərbaycanda hakim mövqeyə gəlməsindən sonra İsmaililiyin regionda əhəmiyyətli bir güc olaraq varlığını davam etdirməsini mümkün edən şəxs Həsən Sabbah oldu. “Xudavəndi-Ələmut” adı ilə məşhur olan Həsən Səbbahın başçılıq etdiyi ordenin əsas qayəsi İslam şəriəti altında xalqların mədəni, demoqrafik haqlarına təcavüz edən ərəb milliyyətçiliyinə qarşı idi. Əlamutu alan və İsmaili müridlərini mərhəmətsiz bir fədaiyə çevirən yeni bir sistem tətbiq edən Sabbah, Abbasi xilafəti ilə Səlcuqlu rəhbərliyini devirmək üçün cəhdlərinə başladı. Sabbah, təşkilat üzvlərinə "Assasins" adını verdi. Ərəbcədən tərcümədə "Sirr Gözətçiləri" mənasını verən bu söz daha sonra, sünni müsəlmanlar tərəfindən "Xaşxaş içənlər" mənasına "Xaşxaşılar" olaraq deyilməyə başlandı. Həsən Sabbahın qurmuş olduğu bu assasinlər təriqətinin müridləri, öz çağlarında bir çox Səlcuq dövlət adamına sui-qəsd təşkil etmiş və məqsədinə çatmışdır. "Sui-qəsd" sözünün İngiliscə qarşılığı olan "Assasinate" sözü bu təriqətin adının İngiliscədəki qarşılığıdır.
- Niyə məhz “Xaşxaşilar”? Bunun bildiyimiz narkotik bitki ilə əlaqəsi varmı?
- Bu gün bir çoxları yazılarında Assasinlərin xaş-xaş bitkisini istifadə edərək narkoman olduqlarını və buna görə də amansız qatillər olduğunu yazırlar. Guya Hindistandan xaş-xaş meyvəsini gətirdib fədailərə verir və onları ekstaz halına salaraq ölərinə tabe edirlər. Bir çox tarixçi və tədqiqatçılar isə saxta mənbələrə aldanıb yazırlar ki, guya Həsən Səbbah yanına gələn müridlərə xaşxaş verərək yatırdır və bağda gözəl-göyçək qızların yanında oyadırdı. Bir müddət burada qalan müridlər özlərini cənnətdə bilirdilər. Sonra yenidən yuxuya getdikləri otaqda oyandırılırlardı. Məhz bu cənnəti yenidən arzulayan müridlərə sui-qəsd tapşırıqları verilirdi. Bunlar hamısı boş iftiradır.
Xaşxaş özü isə birbaşa, yəni, özlüyündə narkotik deyil. Xaşxaş qozasından müəyyən bir prosesdən sonra narkotik maddə düzəldilir. Eyni ilə halal olan üzümdən haram olan çaxırın hazırlandığı kimi. Tarixə nəzər salsaq görərik ki, Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş bitkisi insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, tiryəkli preparatlar orta əsrlər təbabətində geniş yayılmış, tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, ağrı və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunmuşdur.
Buna görə qalada yaşayan, döyüş növləri öyrənən və hər gün müxtəlif silahlarla məşq edən assasinlər o dövrün qaydasına uyğun bu tip tibbi vasitələrdən istifadə edirdilər. Bu səbəbd assasinləri narkoman yaxud xaş-xaş aludəçisi kimi qələmə vermək yanlışdır.
- Bu ordenin yaranma səbəblərindən danışaq...
- Assasinlərin yaranmasını zəruri edən tarixi səbəblərdən biri İslamın yayılması, sünnü və şiələrin təbliğatının aparıldığı dövr idi. İslamla bağlı əsas məsələləri əks etdirən sirrlərlə dolu olan bu Quranın ifadə tərzi, müsəlmanlar arasında müxtəlif münaqişələrin yaranmasına səbəb olmuşdur. İsmaililər hesab edirdilər ki, Qurandakı ayələrin bir neçə mənası var və onların təfsirini edən sünnə alimləri müsəlmanları aldadırlar. Dini səbəblə yanaşı siyasi səbəb də var idi. Səlucqların coğrafiyasının genişlənməsi, sünni müsəlmanların hamisi halına gəlmələri, Abbasi xəlifələrinin siyasi gücünün azalması, şiələrin xəlifə sarayından uzaqlaşdırılması, onlara qarşı səlcuqların təyziqlərinin çoxalması idi.
Həsən Sabbah Sultan Səncərlə bir neçə dəfə danışığa getmək istəsə də, Sultan buna razı olmurdu. Sultan Səncər Əlamut qalasına hücumların birində səhər çadırında oyandı, dərhal yanındakı yerə bir xəncərin sancıldığını gördü. Sonra Sultan, Həsən Sabbahdan bir məktub aldı. Orda yazılmışdı: "Sənə qarşı yaxşı niyyətli olmasaq idi , xəncəri yerə yox, ürəyinə saplaya bilərdik". Buna reaksiya verməyən Sultan Səncərin qardaşı Məhəmmədin meyidi sinəsində xəncərlə tapılanda artıq onlara ciddi fikir verib sülh bağlamaq barəsində addımlar atdı.
Aqafangel Krımskinin yazdığına görə, Sabbah yalnız başkəsən deyildi, o, geniş təhsil görmüş, fəlsəfədən və astrologiyadan baş çıxaran savadlı bir şəxs, təriqət başçısı idi. Sultan səltənətinə qarşı güclü rəqib sayılırdı.
Hasan Sabbah çox keçmədən Əlamuta yaxın kiçik qalaları, həmçinin Xəzər dənizinə yaxın böyük bir qalanı da aldı. Hasan Sabbahın bu müvəffəqiyyətlərini eşidən digər İsmaili təriqətinə mənsub şəxslər Əlamuta axın etməyə başladı. Səlcuqlular çöküşə keçdikdən sonra assasinlər İranın şimalı, cənubi Asiya, Orta Asiya, Şərqi Anadolu, Cənubi Anadolu və İraqın şimal bölgələrində hakimiyyət qurdular. Tarixi mənbələrdə onların bəzən səlibçilərlə - cəngavər ordeni “tampliyer”lərlə birgə hərəkət etməsi, ittifaq qurması ilə bağlı məlumatlar da var.
- Hər bir orden qətldə xüsusi bir taktika seçir. Assasinlərdə bu məsələ necə idi?
- Assasinlər tarixdə özlərindən əvvəl heç görülməmiş olan bir hərbi taktika inkişaf etdirdilər. Xüsusi olaraq tək bir önəmli adamı öldürmək olan sui-qəsdi əsas hərbi taktika olaraq istifadə edən Assasinlər, sui-qəsdi də öz dini və psixoloji dünyagörüşlərinə uyğun bir şəkildə tətbiq etmişlər. Assasinlər tərəfindən edilən sui-qəsdlərin heç birində ox, zəhər kimi silahlar istifadə edilməmişdir. Demək olar ki, bütün sui-qəsdlərdə xəncər istifadə edilmişdir.
Fədailər qətl edəcəkləri şəxsi uzun zaman izləyir və onu öldürən günə qədər, şəhərdə hər hansı bir hadisəyə qarışmamağa və şübhə çəkməməyə böyük diqqət verir və bütün bu hazırlıqlar inanılmaz bir gizlilik içində aparılırdı. Sui-qəsd isə mütləq hamının gözü qarşısında baş verməli idi ki, əhali onlardan çəkinsin. Taktikalarının əsas prinsipləri az itki vermək, günahsız insanları öldürməmək olsa da, onlara olan qorxunun daim canlı tutulması üçün cinayətlərini əsasən xalqa açıq məkanlarda, çox vaxt ibadətgahlarda işləyirdilər.
- Bayaq Tampliyer ordeni ilə əlaqəyə toxundunuz. Mümkünsə fikrinizi bir az geniş izah edin...
- Cəngavər ordeni tampliyerlərin yaradıcılarından biri cəngavər De Payens və onun dəstəsi Qüdsə gəldikdən qısa bir müddət sonra İsmaililər ilə qarşılaşdılar. Gilde mənsubu rahiblərdən Cəngavərlər haqqında məlumat alan və onların Xristian ictimaiyyəti içindəki ən təsirli və məlumatlı şəxslər olduğunu öyrənən Həsən Sabbah, Məbəd Cəngavərləri ilə görüşmək istədi. Bu istəyin altında, Tampliyerlerin qədim bir ezoterizm məbədini qoruma vəzifəsini yerinə yetirmələri və məbəd içində bəzi itmiş sirləri aşkara çıxarmaq üçün apardıqları araşdırmaların da təsiri var idi. Bəzi tədqiqatçılar De Payensin əmisi olan yepiskop Chiaravallenin Avropada yaşayan Kabbalaçılardan, məbədin əsaslarında basdırılmış olan bəzi məxfi sirlərin yerlərini öyrəndiyini və təriqəti də sırf bu sirlərin tapılması üçün qurduğunu və Qüdsə göndərdiyini irəli sürürlər. Bəzi iddialara görə, aralarında itən bir müqəddəs sözün yazılı olduğu daş lövhə də daxil olmaqla, sirlərin böyük hissəsi Cəngavərlər tərəfindən məbədin təməlləri arasında tapılmışdır.
- Assasinlərin Tampliyerlərə bir təsiri oldumu?
- De Payens və digər cəngavərlər, dəvət üzərinə, Həsən Sabbahı Ələmüt qalasında ziyarət etdilər. Burada Səbbah tərəfindən qurulan sistemi gözləri ilə görən cəngavərlər gizli təşkilat qurulması sistemi haqqında ətraflı məlumatlar aldılar. Qüdsə gəldikləri zaman Katolik təriqətinin ən aparıcı müdafiəçiləri arasında yer alan Templiyerler, Həsən Sabbah İsmaili təlimini dərindən araşdırdıqdan sonra, Katolik təriqətinin qaydalarını arxa plana ataraq və sirrlərlə əhatə olunan ezoterikaya bağlandılar. Tampliyerlerdəki bu inanc dəyişikliyi, qurduqları güclü təşkilat sayəsində bütün Avropaya yayılarkən, Katolik kilsəsinin də gedərək zəifləməsinə yol açdı. İsmaililərin münasibətləri Tampliyerlərin bütün fəlsəfəsini dəyişdirmişdi, ancaq bu əlaqə təşkilata qarşı güclü düşmənlər də yaratdı. Tampliyerləri yox etmək üçün bəhanə axtararkən Papalıq, təriqəti "Müsəlmanlarla əlaqə yaratmaq və hətta İslamı qəbul etməkdə" günahlandırdı və onlara qarşı açıq mübarizəyə başladı.
Tampliyerlər Həsən Sabbahdan ezoterika ilə birlikdə bir şeyi daha öyrəndilər; Üzdə dinə bağlı kimi görünməyə davam etməklə öz məqsədlərini gizli surətdə genişləndirməyi.
Təşkilatlanmalarını İsmaili təşkilatı quruluşunu nümunə götürərək reallaşdıran Tampliyerlər, intizam, ierarxiya, təriqətin başçısı olan "Böyük Ustada mütləq bağlılıq və itaət kimi İsmaili fəaliyyətlərini davam etdirdilər. Üç dərəcəli təşkilati sistemi qurdular. "Mass" adı verilən ayinlərdə, Müqəddəs Ruhun simvolu olaraq qəbul etdikləri çörəyə, çirkli ola biləcək əlləriylə toxunmamaq üçün əlcək geyən Tampliyerlərin önlükləri də qoyun dərisindən hazırlanırdı və geyimləri də ağ rəngdə idi. Tampliyerlərin yalnız önlükləri və əlcəkləri deyil, bütün geyimləri ağ rəngdə idi. Sırf Həsən Sabbahın assasinlərinin keçirdikləri ayinlərdə olduğu Tampliyerlər də onlardan seçilmək üçün yeganə fərq, döşlərinin üstünə xristianlığın simvolu olan qırmızı bir Xaç əlavə etdilər.
- Səbbahın qurduğu sistem necə idi? Təriqət üzvləri hansı sistem ilə idarə olunurdu?
- Səbbahın sirr gözətçiləri, yenidən doğuş inancı ilə, sərhədsiz itaət şərtiylə yetişdirilmiş bir fədai idilər. Bu səbəblə təşkilatın bir başqa adı da "Fədain" idi. İsmailiyədə intizam, iyerarxiya, təriqətin başçısı olan "Böyük Ustada mütləq bağlılıq və itaət kimi kimi qaydalar var idi. Təriqətə üzvlər xüsusi ayinlə and içərək alınardılar və andını pozanlar bunu həyatlarıyla ödəyərdi. İsmaililər kimi bir-birlərini tanıya bilmək üçün gizli işarə, parol və simvollar istifadə edirdilər.
Assasinlər ordenində sistem belə idi: başlarında “Baş Dai” adlanan Böyük Ustad dururdu. Böyük Ustaddan sonra bir sıra "Böyük Dailər" var idi ki, Rəfiqlər ("Yoldaşlar") və Lasiklər ("Tərəfdarlar") adlanırdı. Lasiklərden sonra fədailər gəlirdi ki, onlar yüksək səviyyəli döyüşçülər idilər. Hətta fədailərin əksəri uşaq yaşlarından ailələrindən alınır və öyrədilməyə başlanılırdı. Onlar digər qatillərdən fərqli olaraq qeyri-adi dərəcədə peşəkarlığı ilə seçilirdilər. Həsən Sabbahın ətrafına toplananlar aşağıdakı qaydalara tam riayət eməli idilər.
1. Böyük Ustada tabeçilik.
2. Təriqətin rəmzlərini anlamaq və ona sahib çıxmaq.
3. Böyük Ustadın sözlərinə və tələbinə tabe olmaq.
4. İdeyalara xidmət etmək.
5. Böyük Ustadın etimadını qazanmaq.
6. Əhdə vəfa, anda inanmaq.
7. Müridin mal və mülkünü məqsəd uğrunda verməyə hazır olmaq.
8. Başını ver - sirrini vermə.
9. Böyük Ustadın bütün öyüd və nəsihətlərinə inanıb riayət etmək.
10. Allaha çatmaq üçün ideya yolunda canını qurban vermək.
Təriqət şeyxləri gizli, üzvləri isə əsl simalarını gizlədərək yaşayırdılar. Həsən Səbbahın ölümündən sonra ismaililərə şeyxləri tərəfindən başqa cür görsənməyə icazə verildi. Bununla da İslamın bətnində çox gizli, həm də geridə qalan bütün müsəlman məzhəblərinə qarşı düşmən mövqedə dayanan gizli şəbəkə yetişməyə başladı.
Müxtəlif illərdə assasinlərə, Əlamut qalasına rəhbərlik aşağıdakılar etmişlər. Qeyd edim ki, onlar hamısı türklər idi.
1. Həsən Sabbah (1090-1124)
2. Buzurg-Ummid (1124-1138)
3. I.Məhəmməd (1138-1162)
4. II. Həsən (1162-1166)
5. II. Məhəmməd (1166-1210)
6. III. Həsən (1210-1221)
7. III. Məhəmməd (1221-1255)
8. Rüknəddin Kürşad (1255-1256)
Assasinlərin öldürdükləri bəzi önəmli dövlət adamları isə aşağıdakılardır:
1092- Böyük Səlcuqlu Vəziri Nizamülmülk.
1103- Xüms rəhbəri Cenahüddevle.
1108- İsfahan Qazisi Ubeydullah.
1113- Mosul Valisi Mevdud.
1121- Fatimi Vəziri Ən Fəzilətiniz.
1126- Mosul Valisi Aksungur.
1127- Böyük Səlcuqlu Vəziri Muinəddin Kəşani
1130- Fatımi Xəlifəsi əl-amir.
1131- Dəməşq Atabəyi Böri.
1136- Abbasi Xəlifəsi Müstərşid
1137- Abbasi Xəlifəsi Raşid.
1177- Zəngi Vəziri Şəhabəddin.
1192- Qüds Kralı Conrad.
1200- Xarəzmşah Dövləti Vəziri Məsud.
-B u təriqət neçə il fəaliyyət göstərdi?
- Assasinlər təriqəti 180 il davam edib. Bu təriqət yalnız 1256-cı ildə Hülakü xan tərəfindən alt-üst edildi. Qeyd etmək lazımdır ki, Azərbaycanın ensiklopedik alimi Xacə Nəsirəddin Tusi 1235-ci ildən 1256-cı ilə qədər bu qalada əsir olmuş, bir sıra qiymətli əsərlərini məhz burada yazıb tamamlamış və uzun müddət həmin kitabxananın müdiri olmuşdur. Səlcuqlar Ələmut qalasını dəfələrlə mühasirəyə alsalar da, fəth edə bilməmişdilər. Xaşxaşilər monqol istilasından yaxa qurtara bilməmiş, 1256-cı ildə Ələmut qalasını, 1260-cı ildə Masyaf qalasını itirsələr də dayanmamışdılar. 1277-ci ildə bir çox sərkərdəyə sui-qəsd etmiş, həmin ildə Ələmutu mühasirəyə alsalar da ələ keçirə bilməmişlər. Sonrakı mühasirələr də (1281, 1292, 1389) nəticəsiz olmuşdur
Səfəvi şahı Şah Ismayıl dövründə fədailər “qızılbaş” adı altında çıxış edib nəhəng üsyana başladılar. Lakin, Çaldıran məğlubiyyəti fədailəri məcbur etdi ki, yenidən qeyb aləminə qayıtsınlar. Uğursuzluqla üzləşən fədailər gizli fəaliyyətə başladılar. Şairləri çağırıb onlara əmr edirdilər ki, Əlamutun sirlərini, biliklərini gizli dillə poeziyada yaşatsınlar.
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics