12.03.2016

Azərbaycanda Dərin Dövlətin tarixi: Midiyadan Azərbaycan Xalq Cümhuriyyətinə — TARİXİ ARAŞDIRMA

Gizli ordenlər, təşkilatlar və lojalar haqqındakı araşdırmalarını davam etdirir.
Bu dəfəki araşdırdığımız mövzu tarixdə şahzadələrin müəllimləri, tərbiyəçiləri kimi tanınan "Lələlər"dir.

Əslində Lələlər kimlərdir, onların missiyası nə olub, necə fəaliyyət göstəriblər? Bu mövzuda araşdırmacı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Ölkə.az-ın suallarını cavablandırır.
- Lələlik nədir?
- Lələlik vəzifəsi türk tarixində əhəmiyyətli yerlərdən birini tutur, çünki lələlər hökmdarın hər zaman güvəndiyi insanlardan olublar. Lələlər qədim dövrlərdən başlayaraq mütləq olaraq gizli ordenlərin üzvləri idilər. Onların hazırlanması, elmi və hərbi bilik alması uzun illər vaxt alırdı. Lələlərin siyasi, iqtisadi, mədəni və diplomatik təlimi mütəxəssislər tərəfindən aparılırdı. Demək olar ki, "lələ" olmaq üçün az yaşlarından seçilən insanlar təlimlə, qədim gizli biliklərə yiyələnməklə yanaşı türk coğrafiyasına səyahətlər edir, onlara insanların psixologiyaları öyrədilir, onlar hər bir xalq, tayfa və aşirətin adət-ənələri ilə tanış olurdular. Lələlər üçün yaxın coğrafiyada yaşayan xalqların və millətlərin dillərində də bilmək vacib şərtlərdən biri idi.
Lələlərin daxil olduğu sistemin əsas şüarı bu idi: “Həqiqi ol, qeyri-mümkünü istə...Bu gedişlə özünü tanımaq məcburiyyətindəsən. Bu gediş səni Böyük bir Bina ilə üzbəüz qoyacaq. Halbuki, bu binanın ucalmasında başlıca səbəb qarşında duran yonulmamış "Daş"-dır...”
Lələlik andı
- Lələlərin vəzifəsi nə idi və hansı işləri görürdülər?
- Lələrin andı isə belə idi: "Tanrının adı ilə sözə başladım, Günəşi və ayı, və gecə ilə gündüzü, zamanla zəmanəni o yaratmışdır. Vahid Tanrıya and içirəm!"
Qədim türklərdə Lələlər seçilən zaman onun soyu mütləq nəzərə alınırdı. Şəhzadəyə əxlaq və hakimiyyət dərsi keçən bir şəxsin mütləq adlı-sanlı soydan olması vacib şərtlərdən idi. Lələ seçilən zaman onun qarşısında duran əsas tapşırıqlardan biri onların ailə qurmaması idi. Çünki lələ ailə quran zaman fikri öz ailəsinin yanında qala bilərdi ki, onun şəhzadəyə olan sadiqliq və sevgisində şübhə doğura bilərdi. Lələ bütün övlad və ailə sevgisini şəhzadə üzərində qurmalı idi. Lələ seçilən zaman onu dəvət edib and içirdirdilər. Lələ barmağını çərtərək qanını şəhzadənin alnına sürtür və and içirdi: "Mən Xaqan oğlu Xaqanı tərbiyəmə götürüb onu türk qanunları, Törəyə uyğun hazırlayacağıma and içirəm. Onun əxlaqlı, soyuna sadiq və layiqli hokmran olacağına and içirəm. Dədələrimizdə bizə miras qalan sirrləri öyrədəcəyimə və ona sadiq olacağıma and içirəm. Əgər andımdan dönsəm qılıncımla doğranım, Oxumla sancılım, yer və göy qəbul etməsin ruhumu və cəsədimi!"
Bundan sonra Xaqan qılınc və ox qoyulan su qabını götürüb bir qurtum içib “əti sənin sümüyü mənim” deyib qabı Lələyə təqdim edirdi. Lələ də sudan içməklə andı təsdqiləmiş olurdu. Anddan dönmək böyük bir günah və cinayət olaraq qəbul edilirdi.

Lələlərin üzərlərinə düşən vəzifələr aşağıdakılar idi:
1) Şahzadənin tərbiyə və təhsilinə nəzarət etmək;
2) Siyasi məsələlərdə düzgün qərar verməsini təmin etmək;
3) Şahzadənin divanına vəzir məqamında olaraq xidmət etmək;
4) Şahzadə adından orduya sərkərdə olaraq döyüş səfərinə çıxmaq;
5) Şəhzadənin səhv qərarı barədə dərhal onun valideyininə, padşaha məlumat vermək;
6) Şəhzadənin ətrafında olan şəxslər haqqında dosye yaratmaq, onların zəif və güclü yerlərini müəyyən edib şəhzadəyə təqdim etmək;
7) Şəhzadəyə xidmət edən, mətbəxdə aşpazdan tutmuş cangüdənə qədər bütün şəxsləri seçmək və onlara cavabdeh olmaq;
8) Diplomatik danışıqları aparmaq, xarici siyasətlə bağlı qərarların qəbul edilməsində iştirak etmək və s;

Bir faktı da qeyd edim ki, Lələlər seçilərkən eyni zamanda onun ilahi sirr və bilgilərin olduğu mistik düşüncəyə malik olması da vacib şərtlərdən idi. Gizli biliklərə malik olmaq, fəlsəfi və dini savadlılıq önəmli yer tututrdu Lələ seçimində. Lələlər mütləq şəhzadələrə keçdikləri dini təlimdə insanın nəfsinə qalib gəlmək, şər qüvvələrdən uzaq durmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmiz əxlaq öyrətməli idilər.
Türklər tarix boyu qarşılaşdığı çətinliklər ucbatından, qurduğu dövlətlərə son vermək məcburiyyətində qalmışlar. Amma hər dəfə bu proses idarəli bir şəkildə işləmiş, yəni bir dövlət son qoyulmuş, bir yenisi yaradılmış, lakin özündə bu dövlətlər vahid bir dövlət quruluşunun davamı olmuşdur.
- Lələliyin tarixi köklərindən danışaq...
- E.ə. I minilliyin birinci yarısında Azərbaycan fəlsəfi fikrinin inkişafında Midiya kahinləri nəslindən olan maqların təlimi mühüm yer tutur. Səciyyəvidir ki, kahin silkindən olan maqlar mədəniyyət tarixinə yalnız din, fəlsəfə, elm təmsilçisi kimi deyil, həm də təlim yaradıcısı kimi daxil olmuşlar. Mədəniyyət tarixində “maqlar dini”ndən deyil, daha çox “maqlar təlimi” və “maqlar elmi”ndən bəhs edilmişdir. Onların öz biliklərindən istifadə edərək təbiət və cəmiyyət həyatına müdaxilələri çox vaxt sehr kimi dəyərləndirilirdi. Mədəniyyət tarixində “maq” anlamı altında zərdüştiliyin təmsilçilərini və ümumiyyətlə, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tutmuşlar. Azərbaycan tarixində maqlar böyük rol oynamışlar. Er. əv. 521-ci ildə fars hakimiyyətinə qarşı Qaumatın üsyanı və Babəkin başçılığı ilə ərəb işğalçılarına qarşı uzun müddətli mübarizə məhz maqlarla bağlıdır.
Ərəb işğallarına qədər Muğanda yerli türklərin qədim dini əqidələri yaşadanlar məhz maqlar (muğlar) idilər.
Məlumdur ki, Islamdan əvvəl şamanların, maqların məsləhəti ilə qərarlar qəbul edən Xaqanlar öz övladlarını bu hörmətli insanların yanına qoyub şər qüvvələrdən qorumaqla yanaşı onların təlim və tərbiyəsini də maqlara həvalə edirdilər. Səlcuqlar və Osmanlılar dövründə də belə idi.
Mistik gücləri olduğu düşünülən kahinlərin, bu günə qədərki sirlərini və Türk Dünyasının gerçək tarixinə sahib olduğunu əminliklə deyə bilərik.
- Maqlar dövlət qurmağı bacarıbmı? Bacarıbsa hansı dövlətdir?
- Maqların qurduğu ilk türk dərin dövlət sistemi Azərbaycan ərazisi daxil olmaqla Anadoludan Göytürk xaqanlığına qədər uzanırdı. Bu gün inamla demək olar ki, Oğuz Xaqanlığı (Göytürk dövləti) günümüzə qədər varlığını davam etdirən "Türk dərin dövlətidir". Ən qədim türk dövlətlərindən sonra tarix səhnəsinə çıxan Hunlar, Göytürklər, Qaraxanlılar, Qəznəvilər, Səlcuqlular, Atabəylər, Moğollar, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Tеymurilər, Səfəvilər və b. kimi Türk impеratorluqlarında çox ciddi əxlaqi ailə nizam-intizamı hökm sürmüşdür ki, onların idarə olunmasında "Lələ institutu"nun rolu mühüm əhəmiyyət kəsb etmişdir. Şərqdə indi də “pir-i muğan” anlamı alim, müəllim, müdrik mənasında istifadə edilən Maqlar o dövrdə xaqanlara müəllimlik edirdilər. Məhz bizim müasir anlamda qəbul etdiyimiz Lələ institututunun formalaşmasında Maqların böyük rolu olmuşdur. Maqlar öz təlimlərini və türk kimliyinin qorunması üçün xüsusi şəxslər yetişdirirdilər ki, onlar Lələ adlanırdı.
“Günəş və Aslan” Mühafizə təşkilatı
Biz bu sistemə İnstitutut kimi baxırıq və qeyd edim ki, Lələlik institutunun tarixi qədim dövrlərə təsadüf edir. Tarixdə bəllidir ki, Türk xalqlarının əldə olan ən qədim yazı örnəkləri V-IX yüzilliklərə aid edilən Orxon-Yenisey əlifbasıdır. Türkşünas alimlər onu Göytürk əlifbası da adlandırılar. Bu əlifbanın yaradıcılarından sayılan Yollug Tika-nın kağan “Kül Təkinin” atabəyi, lələsi olduğu yazıda qeyd edilir. Türklərin qədim gizli təşkilatı olan Börü budun göytürk xaqani Vəzir Bilgə Tonyukuk tərəfindən, İlteriş xaqanın əmri ilə təxmini olaraq 680-ci ildə yaradılıb. Bu günə qədər gizliliyini qoruyub saxlayan və sonradan Azərbaycanda “Günəş və Aslan” Mühafizə təşkilatı adı ilə fəaliyyət göstərən bu qurumun üzvlərinin sayı 50 nəfərdən ibarətdir. 50 nəfərin başında 10 seçilmiş insan durur.
- Lələlər şahzadələri necə yetişdirirdi?
- Türklər, nəslin davamını təmin edən uşağa çox əhəmiyyət verdikləri kimi, onun tərbiyəsi və yetişməsi məsələsində də həssaslıq göstərirdilər. Dövlətin davamının təminatı olan şahzadələrə daha çox əhəmiyyət verirdilər. Bu düşüncələr içində olan türk hökmdarları, oğullarına, dini, milli, mənəvi elmlərin yanında; İnzibati, maliyyə, hərbi və siyasi işləri öyrətmək üçün seçilmiş nəsillərdən xüsusi insanların birini müəllim təyin edirdilər və gələcəyin hökmdarlarını ən yaxşı şəkildə böyütməyə çalışardılar. Dövlət işlərində təcrübə əldə etməkdən ötrü şahzadələr vilayətlərə hakim təyin edilir və beləliklə, ―sınaq dövrü keçirirdilər. Hakim şahzadəyə hakimiyyət rəmzi kimi təbil, bayraq və ordu verilirdi Azyaşlı şahzadə bir qayda olaraq lələ tərbiyəsində olurdu və şahzadənin ixtiyarına verilən yerin bütün inzibati işləri lələ vasitəsilə idarə edilirdi.
Çox da tarixin dərinliklərinə getmədən məhşur şəxslər haqqında qısa məlumat verim. Dünyada məhşur sərkərdə kimi tanınan Teymurləng vəsiyyət etmişdi ki, onu öz mənəvi ustadı – müəllimi Mirseyid Bərəkənin ayaqları altında dəfn etsinlər. Onun vəsiyyətinə əməl olunmuşdu. Mirseyid Bərəkən onun lələsi olmuşdur.
29 may 1453 Istanbulu türklərə geri qaytaran Fateh Məhmət Sutanın lələsi Həmzəоğlu Аğşəmsəddin olmuşdur. Sultan Mehmet Fatehin ən çоx inаndığı, ən çоx sеvdiyi bir insаn olan Аğşəmsəddinin Аzərbаycаn türkü оlmаsını Türkiyənin bütün tаrixçiləri təsdiq еdir. Dünyаdа şöhrət qаzаnmış məşhur «Türklərin аltın kitаbı»nın müəllifi, görkəmli türk tаrixçisi Rаfiq Özdək yаzır: “Аğşəmsəddinin аtаsı Həmzə аzərbаycаnlı filоsоf Şihаbəddin sührəvərdi sоyundаndır”. Fateh Sultan Mehmet İstanbulun fəthinə məhz Ağ Şəmsəddinin məsləhətləri sayəsində nail ola bilmişdi. Gəmilərin altlarının piylənməsi sayəsində onların böyük məsafədən dənizə sarı asanlıqla dartılması ideyası Ağ Şəmsəddinə məxsus idi. Elə buna görə də Mehmet Fateh Аğşəmsəddin hаqqındа bu sözləri söyləmişdi:
«Zаmаnımdа Аğşəmsəddin kimi bir аlimin bulunmаsındаn duyduğum xоşbəxtlik İstanbulun fəthindən duyduğum xоşbəxtlikdən dаhа аz dеyildir»
Məlumat üçün bildirim ki, xüsusi seçilən insanlar uca ustad, atalıq, atabəy, bəybaba, Kurtga, Yaqbu, bəyata, əmir, nayib və sairə adlarla müxtəlif tarixi dövrlərdə adlanıblar. Əsasən yaşlı, savadlı və kamil insanlardan seçildikləri üçün şahzadələr də onlara bir müəllim, bir hoca kimi təzim və hörmət edərdilər. hətta Yaponiyada bu sistem var idi, onlar Yaponiyada, imperator ailəsinin himayəçiləri olan Şoqunlar idilər. Yaxud Makdeoniyalı İsgəndərin lələsi Aristotetel idi. İsgəndər onun yanında təlim görmüşdü. İmperator Sezarın lələsi filosof Artemidon Knid idi. Rus imperatoru I Aleksandırın da lələsi Laqarp Fridrix Sezar idi. Bu siyahını uzatmaq olar...
Lakin yuxarıda adları çəkilənlər Kağan və hökmdar tərəfindən bilinən adam olurdusa, Lələlər dərin dövlətin seçdiyi insanlar idi ki, onlar namizədliyi şəxsən irəli sürürdülər.
- Lələlərin Azərbaycan dövlətçiliyinin yaranmasında rolu nədən ibarət olub?
- Azərbaycanda bütün dövrlərdə lələlər dövlətlərin taleyində mühüm rol oynamışlar.
Lələlik İnstututunun Şərqdə ən böyük inkişafı Azərbaycanda keçmişdir. Azərbaycanda hətta onlara məxsus dövlət olmuşdur. Atabəylər dövlətinin qurucusu olan Şəmsəddin Eldəniz Səlcuq sultanı Toğrulun oğlu Arslanın atabəyi və Azəbaycanın cənub vilayətinin hakimi idi. O, Sultan II Toğrulun ölümündən sonra onun dul arvadı Möminə Xatunla evlənmişdir. 1136-cı ildə isə Aran hakimi təyin olunaraq Bərdəyə yollanmış və beləliklə, Eldənizlər dövlətinin əsasını qoymuşdur. Eldəniz formal surətdə Səlcuqilərə tabe olsa da, XII əsrin 30-cu illərindən müstəqil hökmdar kimi dövləti idarə edir və öz adına sikkə kəsdirirdi. Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri vassal kimi onun adına pul kəsir, cümə namazında oxunan xütbədə Eldənizin adını xəlifə və sultanın adından sonra zikr edirdilər.
Xüsusilə lələlərin seçilməsi Azərbaycan türklərinin “Günəş və Aslan” mühafizə təşkilatının üzərinə düşürdü. Bu təşkilat haqqında yaxın zamanlarda istərsəniz geniş məlumat verə bilərəm. Qısa olaraq qeyd edim ki, bu təşkilat XIII əsrlərdə daha doğrusu 1225-1235 ci illərdə Təbrizdə yaranmışdır və hal-hazırda da fəaliyyətdə olan oğuz türklərinin gizli təşkilatıdır. Bəziləri bunlara İxtiyarlar, bəziləri Dərin Dövlət deyirlər ancaq bunun əsli adı Oğuz Türklərinin yəni Azərbaycanda yaşayan Oğuz Türklərinin gizli “ Günəş və Aslan ” mühafizə təşkilatıdır. Məhz Səfəvilər dövlətinin də bu təşkilatın üzvləri tərəfindən yaradıldığı iddia olunur, çünki onların bayraqlarında və gerblərində bu işarələr əks olunub.
Bu təşkilat Gülüstan və Türkmənçay müqaviləsinə qədər tam fəaliyyət göstərmiş sonralar bu təşkilat müxtəlif zamanlarda müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1-ci və 2-ci dünya müharibələri dövründə türk dərin dövləti ilə birgə fəaliyyətdə olmuş, 1946-cı ildən sonra isə gizlinə çəkilmişlər. Bu təşkilatın XIII əsrdən etibarən işi hökmdar yetişdirmək, onların türk kimliyini qorumaq və Azərbaycanda dövlətçilik ənənələrini qorumaq idi.
Məhz onların sayəsində Azərbaycan coğrafiyasına daxil olan ərazilərdə yaşayan bir tayfa, nəsil, ailənin varislərinin lələləri olurdu. Azərbaycanda mövcud olan soylu tayfalar var idi ki, onlardan lələ seçilməsi vacib şərt idi. Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən Şamlı, Ustaclı, Türkman, Təkəli, Avşar, Qacar, Zülqədər, Qaramanlı, Qaradağlı, Bayat, Rumlu və Varsaqdan çıxan lələlər əsasən seçilirdilər. Onların içərisində məhşurları Hüseyn bəy Lələ Şamlı, Məhəmməd bəy Ustaclı, Əhməd bəy Sufi oğlu Ustaclı, Bayram bəy Qaramanlı, Qılınc bəy Qaramanlı, Qaraca İlyas Bayburtlu, (Çuş Mirzə), İlyas bəy Xunuslu, Sultanşah bəy Əfşar, Dana bəy Əfşar, Xəlil bəy Möhddar, Hüseyn bəy Süfrəçi Əfşar, Piri bəy, Pərvanəçi Əfşar, Lələ Məhəmməd Təkəli idi.
Azərbaycan tarixində ən çox tanınan Hüseyn bəy Lələ Şamlı idi. Onun Lələ seçilməsini gözəl yazarımız Fərman Kərimzadə “Xidafərin körpüsü” əsərində belə qeyd edir:
"Şeyx Heydər bir az fikirləşib belindən xəncərini çıxardı. Baş barmağına çəkdi. Qan çıxdı.
– Kəs barmağını.
Hüseyn bəy də öz xəncəri ilə eynilə barmağını kəsdi. Qan axıb getdi. Heydər saqqalından bir neçə tük çəkdi, Hüseyn bəy də. Sonra Heydər həmin tükləri birbirinə düyünlədi. Hər ikisinin qanında islatdı. Qayanın yarığını gözləri ilə axtarıb tapdı və sözə başladı:
– İndiyə qədər biz əməl yoldaşıydıq. Bu gündən oluruq dost, qardaş, . Qoy bizim dostluğumuz bu tüklərin düyünü açılana qədər, qanlarımız biri-birindən ayrılan günə kimi davam etsin.
– Amin.
– Hüseyn bəy, bu gündən səni oğlanlarıma lələ seçirəm. Onların təlimini, tərbiyəsini sənə tapşırıram. Sultanəlinin, İbrahimin, İsmayılın.
Bu, dostluqda ən yüksək məqam idi. Hüseyn bəy qədim oğuzların andını təkrar elədi:
– Bu dostluğa dönük çıxsam qılıncımla doğranım, oxumla sancılım"
- Qızılbaşlar və Lələlər...
- Qızılbaş əyanları ilə yanaşı dövlət idarəsinə oturaq şəhər əhalisinin nümayəndələri də cəlb edilməyə başlayır. Şəmsəddin Zəkəriyyə Təbrizini vəziri və Lələsi vəzifəsinə təyin edib ona şərəf əlaməti olaraq "Azərbaycanın açarı" titulun vermişdi. Şahın vəkili vəzifəsini Hüseyn bəy Lələdən sonra Nəcməddin Məsud Gilani, Yar Əhməd Əbdülbaği Yəzdi, Mirzəşah Hüseyn İsfahani və Xacə Cəlaləddin Məhəmməd Təbrizi tutmuşdular. Adı çəkilənlər şəhər əyanlarına məxsus idi. Şeyx Heydərin böyük oğlu Şeyx Sultanəli İsmayılı özünün vərəsəsi təyin edərək Ərdəbilə göndərdi. «Qızılbaşlar» İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlətdilər.
Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.
Məlumdur ki, ilk Səfəvilər dövründə rəhbər vəzifələr bunlar idi: vəkil, əmir əl- üməra, qorçubaşı, vəzir və sədr. Vəkil şahdan sonra ikinci şəxs sayılırdı və əslində, istər dünyəvi, istərsə də dini işlərdə onun tam hüquqlu müavini idi. O, siyasi və dini tədbirlərin həyata keçirilməsində qayda yaradılması üçün şahın qarşısında məsuliyyət daşıyırdı. Bu vəzifənin əhəmiyyəti ondan görünür ki, onu tutan ilk şəxs məhz Hüseyn bəy Şamlı olmuşdur. O, Şah İsmayılın Gilanda olduğu 4-5 il ərzində “Səfəviyyə” təriqətinin bütün işlərini idarə etmiş yaxın şəxslərdən biri idi. Şah İsmayıl taxta oturan kimi Hüseyn bəy Lələni Əlahəzrətin şəxsi müavini vəzifəsinə təyin etmişdir. Tarixi şəxsiyyət olan Lələ tədbirli hərəkətləri, uzaqgörənliyi, Şeyx Heydər nəslinə sədaqəti ilə tarixə düşüb. O, İsmayılı bir an gözündən qoymur, onu axıradək qoruyur. İsmayıla kimdən, haradan xətər toxuna bilər, onu nə gözləyir — bunları əvvəlcədən müəyyənləşdirir. Rüstəm Mirzənin qoşunu şəhərləri, qalaları dağıdıb, kütləvi qırğınlar təşkil edərək İsmayılı axtardıqları vaxt o, İsmayılı daha etibarlı yerlərdə gizləyir. Lələ İsmayılı qorumaq üçün onun oxşarını tapır, Xızırı eyni cür geyindirib qabağa salır, bu İsmayıl əvəzini gözlənilməz yerlərdə ani nümayiş etdirməklə həm fanatik müridlərin mübarizə ruhunu gücləndirir, həm də gözlənilən təhlükələrin sovuşmasına nail olur. O, kütləni öz ardınca aparmaq üçün İsmayıl haqqında ağlabatan əfsanələr uydurur, hətta onun mindiyi ağ atın belə göylərdən nazil olduğunu söyləyir. Həm də bunları elə ustalıqla edir ki, az qala İsmayıl özü də inanmalı olur. Hürrün qəbrini açdırarkən Lələnin uydurduğu əhvalat — yuxu qoşuna güclü tə’sir göstərir. Bütün bunlar Lələnin nə qədər hazırlıqlı, böyük əqidə yolunda necə fədakar olduğunu sübut edir.
Mərkəzləşmiş Azərbaycan dövlətinin hökmdarı Şah İsmayılın sarayında da əsas institut - əsas məsləhət verənlər bu cəmiyyətin ağsaqqalları olmuşlar. Bu institut Şah İsmayılın hakimiyyəti dövründə "Lələlələr məclisi" olmuşdur. Azərbaycan cəmiyyətinin ən dəyərli ağsaqqalları lələlər qismində Şah İsmayılın sarayında fəaliyyət göstərmişlər.
- Lələlərin Səfəvilərdən sonrakı fəaliyyəti necə olub? ADR-in yaranmasında Lələlərin əli olubmu?
- I Şah İsmayılın vəfatından sonrakı ilk onillikdə, qızılbaş tayfaları əmirlərinin hökmranlığı zamanı vəkil vəzifəsi yenidən özünün ilkin əhəmiyyətini və qüvvəsini əldə etdi. Səfəvi impersiyası, Nadir Şah Əfşarın dövründə, Xanqlılar dövründə, Qacarların hakmiyyət illərində, Azərbaycan Xalq cümhuriyyəti dövründə Lələlik İnstitututu fəaliyyət göstərməkədir. Heç kəsə sirr deyil ki, 1918-ci ildə Azərbaycan xalqını birləşdirən, bu birliyə və coğrafi məkana siyasi-hüquqi məna verən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə və 1813-cü ildən aparılan mübarizənin nəticəsi idi. Ümumiyyətlə, bu hadisənin nəinki tarixi, həmçinin hüquqi, siyasi baxımdan çox böyük əhəmiyyət kəsb etməsi şübhəsizdir. Əvvəla, Azərbaycan sözü müasir siyasi-hüquqi məzmununu, rəsmi dövlət adı statusunu məhz Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra aldı. Məhz bu dövləti quran Difai təşkilatının yaradıcıları, Xoyskinin, Nəsib bəy Yusifbəylinin və Andronikin qulağın kəsən Sultan bəyin lələləri olmuşlar. 1918-ci ilin 28 mayına qədər bu şəxslər dərin dövlət sayılan “Günəş və Aslan” Mühafizə təşkilatının təyin etdiyi lələlərin təlimlərini almışlar. Onlarla yanaşı Əhməd bəy Ağayev, Kərbəlayı İsrafıl Hacıyev, Əlimərdan bəy Topçubaşov, Tiflisdən Məhəmməd ağa Vəkilov, Doktor Qarabəyov, Gəncədən Ələkbər bəy Xasməmmədov, Ədil xan Ziyadxanöv uzun müddət Lələlərin tələbələri olmuşlar. "Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi - "Difai" təşkilatının strukturu da “Günəş və Aslan” Mühafizə təşkilatının sistemi ilə oxşar idi.
Hər bir lələnin təlim keçdiyi şəxsin üstündə Şah İsmayıl Xətainin şəkli əks olunmuş pul vahidi, qədim Səfəvi sikkəsi, Şah möhürü, kiçik xəncər, təsbeh və üzük mütləq olmalı idi. Həmin pul daima həmin şəxsin üstündə olmalı idi. Pul vahidinin üzərində “…Allahdan başqa Tanrı yoxdur. Məhəmməd (s.ə.s.) Allahın elçisidir. Əli Allahın dostudur”. Pulun üstündə daha sonra on iki şiə imamının adı və “Müqəddəs Şahınqulu” ifadəsi var. Orada həmçinin Şah İsmayıl Xətainin adı qeyd olunub.
Son olaraq qeyd edim ki, hazırda urmiyalı, təbrizli, ərdəbilli, meşkinli, miyanəli və tehranlı lələlər qalıblar və Lələlik inistitutu öz fəaliyyətin davam etdirir...

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics